İnsanlara hürriyət, millətlərə istiqlal!

Piton kimi sürünən bahalıq – Qardaş Türkiyənin təcrübəsindən ibrət almaq lazımdır

Ölkəmizdə piton ilanı kimi ağır-ağır, amma israrla irəliyə doğru sürünən bahalaşma prosesi gedir.

Bunun adını “qiymətlərin dəyişdirilməsi”, “tənzimlənməsi”, “diferensiallaşdırılması” və sair cür qoya, bu mövzuda elliklə susa, belə bir şey yoxmuş kimi davrana bilərik, hər kəs artan qiymətlərin təsirini öz cibində, büdcəsində, mətbəxində, bir sözlə, dərisində hiss edir.

Hər şey heç də “malakeş” iqtisadçıların dediyi kimi deyil. Onlar;n bir çoxu qiymət artımlarının zəruriliyindən, təbiiliyindən, qlobal proses olmasından danışırlar. Ancaq qiymət artımlarında başlıca məsələnin inhisarçıların daha artıq varlanmaq ehtirasından qaynaqlandığını demirlər. Bundan danışanlar azdır.

Əvvəllər yanacağın qiyməti 5-10 qəpik artırılanda dərhal ətin, südün, yumurtanın, digər aqrar məhsulların qiyməti artırılırdı. Bəhanə göz önündəydi: “Yanacağın qiyməti artıb”. Guya paytaxta məhsul daşımaq baha başa gəlir, dünən 90 manatlıq yanacaqla şəhərə yük daşıyanlar bu gün yanacağa 100 manat sərf edirlər, ona görə də məhsulun qiyməti artmalıdır.

Bu, əsassız söhbət idi. Çünki yanacağın qiyməti 10 qəpik artıbsa, məhsulların qiyməti manat-manat artırılırdı.

Son vaxtlar isə heç yanacağın qiyməti də dəyişmir, yenidən tənzimlənmir, bu bəhanə əldən çıxıb, amma hər şeyin qiyməti yüksəkliyə doğru dəyişir. Bir sıra marşrutlarda gedişhaqqının tarifinin dəyidirilməsi, hər halda, yanacağın qiyməti ilə bağlı deyildi. Siz təsəvvür edin, əgər dizel yanacağının qiyməti artsaydı, o zaman AYNA necə davranar, gediş haqlarını necə tənzimləyərdi.

İndi o biri dövlət konsernləri, şirkətləri, ASC və QSC-ləri də gecə-gündüz düşünürlər ki, necə etsinlər, işığın, suyun, qazın, digər kommunal xidmətlərin tariflərini nə cür tənzimlətdirsinlər ki, daha çox qazansınlar.

Xalqın bu qədər pulu haradan, necə qazanıb onlara ödəyəcəyi veclərinə deyil. Əsas məsələ odur ki, özləri çox qazansınlar.

Bu isə zəncirvari bahalaşma yaradacaq, kimin əlində hansı məhsul var, o da öz məmulatını, matahını baha satmaq istəyəcək. Paralel olaraq digər xidmətlər də bahalaşacaq. Onsuz da tarifləri kəllə-çarxda olan iaşə sektoru (xüsusilə də elit şadlıq sarayları) toy qiymətlərini yenidən tənzimləyəcəklər (məsələn, bir stulu - 250-500, 1000 manat).

İkinci bahalaşma dalğası başa çatmamış üçüncü dalğa başlayacaq. Çünki bu qaydadır, nəzarətdən çıxmış, cilovlanmayan inflyasiya milli valyutanın belini qırmamış dayanmır, nəticədə ən yüksək nominallı əskinasların sıfırları arta-arta gedir. İlk dövrdə qəpiklər sıradan çıxır, sonra ən aşağı nominallı əskinaslarla nəsə almaq olmur. İrəlidə “Zimbabve variantı” var. Bu ölkədə bir bağlama A4 kağızı almaq üçün 5 o ağırlıqda kağız pul vermək lazımdır.

Qardaş Türkiyədə gedən inflyasiya prosesini izləyənlər bilir. Vaxt vardı (məsələn, 6 il öncə), bizim 1 manatımız Türkiyənin 3 lirəsinə bərabər idi. İndi bizim 1 manatımız 24 lirəyə bərabərdir. Lirəni illərdir heç cür cilovlanmayan inflyasiya bu qədər dəyərsizləşdirdi. Bu xüsusda yarızatafat-yarıgerçək söhbət də var, deyirlər, 2010-cu ildə motosiklet almaq üçün pul yığmış adam komaya düşür, 2025-də ayılır, motosiklet almaq istəyəndə görür ki, yığdığı pula artıq bir dönər_ayran ala bilər. Lirə bu qədər dəyər itirib, yəni.

Özü də bu, ilk dəfə deyil. Türkiyənin son 50 illik tarixində milli valyuta dəfələrlə devalvasiyaya məruz qalıb, hökumət məcburən denominasiya (sıfırların atılması) tətbiq edib, daha sonra isə sıfırların artırılması prosesi gedib.

Əlbəttə, ölkəmizin stabil valyuta gəlirləri olmasaydı, eyni proses bizdə də gedər, milli valyutamız, ABŞ-nin, Böyük Britaniyanın, Avropa İttifaqının sərbəst konversiya olunan valyutalarının “xırda pulu”na dönərdi. Belə olmamasının qarşısı müəyyən üsullarla alınır (iqtisadçılar bunu uzun-uzun izah edirlər).

Fəqət açıq-gizli şəkildə, tədricən tətbiq edilən qiymət artımları bu təhlükəni artırır. Korrupsiya olan yerdə inflyasiyanın sürətli getməsi qaçılmazdır.

Bu məsələdə dövlət və hökumət adamlarının üzərinə ciddi məsuliyyət düşür. Qiymətləri artıran müəssisələrin bir çoxu onların tabeiyindədir, özəl şirkət və holdinqlərin tam əksəriyyəti isə onlara yaxın adamların sərəncamındadır. Onlar süni qiymət artımının qarşısını sırf inzibati üsullarla ala, ən əsası iqtisadi sferada zəncirvari ajiotaja yol verməyə bilərlər.

Hamı bir-birinin bəhsinə haray-həşirlə, nəzarətsiz şəkildə qiymətləri artıracaqsa, illərlə başa gəlmiş iqtisadi, eləcə də ictimai-siyasi sabitliyə ciddi zərbə vurulmuş olacaq.

O “piton ilanı”nı durdurmaq lazımdır, o bizi Zimbabveyə tərəf qovur.

P.S. Dünən İran parlamenti milli valyutanın əskinaslarındakı dörd 0-ı ixtisar edib, amma bu effektiv olacaqmı? Təcrübə göstərir ki, iqtisadi sferada sabitlik olmayacaqsa, zamanla çoxalan pul kütləsindən yaxa qurtarmaq üçün yeni çoxsıfırlı əskinaslar çap etmək lazım gələcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR