İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis 1 gündə 6 nəfəri evinə qaytarıb - Azərbaycanda itkin düşmələrin İLGİNC səbəbləri

Avqustun 4-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışda olan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Rəsmi məlumatda hadisənin detalları açıqlanmasa da, bu cür hallar son illər getdikcə artmaqdadır.

İnsanlar niyə evlərini xəbərsiz tərk edirlər? Bu gedişlər “itkin düşmə”dir, yoxsa “qaçış”dır?

NATİQ.jpeg (75 KB)

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, insanın ailəsinə xəbər vermədən evdən çıxıb getməsinin müxtəlif səbəbləri var:

“Çox vaxt bu cür hallar qadın və yeniyetmələr arasında baş verir. Evdə psixoloji və ya fiziki təzyiq altında yaşayan insanlar çıxış yolunu qaçışda görürlər. Məişət zorakılığı və ailədaxili konfliktlər belə gedişləri şərtləndirən amilər sırasındadır. Maddi sıxıntılar və ümid axtarışı ilə ailəyə yük olmaq istəməyən və ya daha yaxşı həyat axtaran şəxslər evdən gedə bilirlər.

Şəxsi problemlər, travmalar və depressiv vəziyyət insanı ailə ilə ünsiyyətdən qaçmağa vadar edə bilər. Gənclərin sərbəstlik istəyi də evdən xəbərsiz getmələrinin səbəblərindən biridir.

Xüsusilə yeniyetmələr və gənclər ailə nəzarətindən azad olmaq, öz həyatlarını qurmaq üçün kəskin addımlar atırlar”.

N.Ələsgərovun sözlərinə görə, ailə üzvlərini məlumatlandırmadan evdən getmək yalnız coğrafi yox, emosional qaçışdır:

“İnsan yaşadığı mühitdə çıxış yolu tapmadıqda, ünsiyyət qurmaq imkanları qapananda bu yola əl atır. Bəzən isə bu davranış həyatın təhlükəli seçimlərinə gətirib çıxarır. İtkin düşənlərin bir qismi sonradan zorakılıq və ya istismar halları ilə üzləşir. İnsanların qaçmaq yox, danışmaq ehtiyacını hiss etməsi üçün ailələrdə ünsiyyət mühitinin yaradılması vacibdir. Çətin durumda olan şəxslərə psixoloji və sosial yardımın əlçatan olması bu halların qarşısını ala bilər”.

Natiq Ələsgərov deyib ki, dövlət səviyyəsində maarifləndirməyə də ehtiyac var:

“Məişət zorakılığı, gənclərin sosial problemləri və psixoloji yardımın əhəmiyyəti barədə maarifləndirici kampaniyalar vacibdir. Bu 6 nəfər artıq tapılıb və ailələrinə qaytarılıb. Amma onların niyə getdiyi, hansı duyğularla evlərini tərk etdiyi bilinmir. Ümidin itməsi və gələcəyə dair ümidsizlik insanlarda qaçış instinktini gücləndirə bilər. Depressiyada olan şəxs ailəsi ilə danışmaqdan çox gizli yaşamı seçə bilər”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR