İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Starovoytun ölümünə görə başsağlığı verməməsi diqqət çəkdi

Rusiya Nəqliyyat Nazirliyinin keçmiş rəhbəri Roman Starovoytun ölümü 40 saatdan çoxdur ki, təsdiqlənib.

Musavat.com xəbər verir ki, yerli mətbuat prezident Vladimir Putinin onun ailəsinə bu müddət ərzində başsağlığı verməməsinə diqqət çəkib.

Adətən Putin vəfat etmiş məmurların, siyasətçilərin, incəsənət və digər tanınmış şəxslərin yaxınlarına başsağlığı verir. Bu başsağlığı məktublarına şəxsən prezident imza atır, onlar Kremlin saytında dərc olunur və rəsmi mövqe sayılır.

2024-cü ilin əvvəlindən bəri Kremlin saytında bu qəbildən 23 başsağlığı məktubu dərc olunub - bunların içərisində hakim Vyaçeslav Lebedevin, rəssam Zurab Tseretelinin, aparıcı Aleksandr Maslyakovun və kosmonavt Vladimir Aksenovun ölümü ilə bağlı başsağlığı mesajları var.

Roman Starovoytun intihar etdiyi barədə xəbərlər 7 iyulda yayılıb. Bundan az əvvəl Putin onu nəqliyyat naziri vəzifəsindən azad edib.

Mətbuatın məlumatına görə, Starovoyt Ukrayna ilə sərhəddə yerləşən Kursk vilayətində müdafiə qurğularının tikintisi zamanı yol verilən dələduzluq işiylə əlaqədar cinayət təqibi ilə üzləşə bilərdi.

Orta hesabla başsağlığı Kremlin saytında TASS-da ölüm xəbəri yayımlandıqdan 17 saat 28 dəqiqə sonra dərc olunur. Halların yarısında isə bu müddət 8 saat yarımdan az olur.

Sadəcə 23 hadisədən 4-də Putinin başsağlığı verməsi bir sutkadan çox çəkib: aktrisa Larisa Qolubkinanın ölümündən 78 saat sonra, aktrisa Valentina Talızeynanın ölümündən 54 saat sonra, cərrah-alim Mixail Davıdovun ölümündən 49 saat sonra, SSRİ Nazirlər Sovetinin keçmiş rəhbəri Nikolay Rıjkovun ölümündən 48 saat sonra.

Ən tez reaksiya isə 8 aprel 2024-cü ildə kosmonavt Vladimir Aksenovun ölümünə verilmişdi – TASS-da xəbər çıxdıqdan cəmi 2 dəqiqə sonra və “Roskosmos”un Telegram kanalında məlumat yayımlandıqdan 55 dəqiqə sonra Kremlin saytında başsağlığı dərc olunmuşdu.

“Sistema” layihəsi Starovoytla bağlı sualları prezidentin mətbuat katibi Dmitri Peskova ünvanlayıb. Peskov mesajı oxusa da, cavab verməyib.

8 iyulda jurnalistlərlə söhbətində Peskov bildirib ki, Putinə Roman Starovoytun ölümü barədə “dərhal” məlumat verilib, lakin bu məsələni Kreml şərh etməyəcək:

“Təbii ki, bu cür məlumatlar hər zaman faciəvidir və kədərlidir. Bu, normal insanları sarsıtmaya bilməz. Əlbəttə, bizi də sarsıtdı. Amma hazırda istintaq gedir və bütün suallara cavabı məhz bu istintaq verməlidir. İndiki halda mülahizələr yürütmək mümkündür, amma bunu daha çox KİV nümayəndələri, politoloqlar edə bilər. Bizim bunu etməyimiz doğru olmaz”.

Baş nazir Mixail Mişustin də indiyədək Starovoytun ailəsinə ictimai şəkildə başsağlığı verməyib – halbuki daha əvvəl, məsələn, Vladimir Jirinovskinin (aprel 2022) və ya keçmiş Kuzbass rəhbəri Aman Tuleyevin (noyabr 2023) ölümü ilə bağlı bunu etmişdi.

2024-cü ilin 18 oktyabrında Mişustin Federal Miqrasiya Xidmətinin keçmiş rəhbəri Konstantin Romodanovskinin ailəsinə başsağlığı versə də, Putin belə bir mesaj yayımlamayıb.

Yalnız Rusiya Nəqliyyat Nazirliyi Starovoytun ailəsinə ictimai şəkildə başsağlığı verib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR