Onlayn ictimai-siyasi qəzet
Evlənənlərin sayında ötən illə müqayisədə artım müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin yanvar-fevral aylarında 6 739 nikah qeydə alınmışdısa, bu ilin eyni dövründə bu rəqəm 7 741-ə yüksəlib. Həmçinin, cari ildə 3 414 boşanma qeydə alınıb.
Uzun illərdən sonra nikah sayındakı bu artımın qohum evliliklərinə tətbiq olunacaq qadağa ilə əlaqəli olduğu bildirilir. Belə ki, Azərbaycanda qohumlar arasında nikah bağlanması iyulun 1-dən etibarən qanunla qadağan ediləcək.
2025-ci il iyulun 1-dən qüvvəyə minəcək dəyişikliyə əsasən, nikaha mane olan halların sırasına qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, eləcə də bibi (xala) və qardaş (bacı) oğlu daxildir.
Mütəxəssislər hesab edir ki, qohum nikahlarına qoyulacaq qadağanın qüvvəyə minməsindən əvvəl bir çox cütlük rəsmiləşməyə tələsir, bu da nikahların sayının qısa müddətdə artmasına səbəb olub.
Musavat.com-un suallarını vəkil Sadiq Əfəndiyev cavablandırıb:
- Qüvvəyə minəcək dəyişiklik yaxın qohumlar arasındakı faktiki evliliyin qarşısını ala biləcəkmi?
- Qanuna edilən bu əlavə yaxın qohumların evliliyinin qarşısını dövlətin, qanunvericiliyin nəzərdə tutduğu səviyyədə ala bilməyəcək. Bu, qismən olacaq. Çünki azərbaycanlıların mental baxışlarında qohum evliliyinə pis baxılmır. Valideynlər övladlarını bacılarının, qardaşlarının oğlu və ya qızı ilə evləndirməyə maraqlı olurlar. Bu evliliklərin mərkəzində valideynlər durur. Düşünürlər ki, yaxın qohum onun övladı üçün etibarlı həyat yoldaşı olacaq. Yaxud da valideyn bu cür evliliklə özünün var-dövlətini artırır və ya qoruyur. Belə düşüncələr şüurumuzda var olduğu müddətdə belə evliliklər davam edəcək.
Qanun da belə evlilikləri birbaşa qadağa etmir, sadəcə olaraq onların nikahını rəsmi dövlət qeydiyyatına almır. Yəni yaxın qohumların faktiki evliliklərinə qanunvericilik müdaxilə etmir və hər hansısa məsuliyyət nəzərdə tutmur. Ona görə də qohumlar arasında faktiki evliliklər davam edəcək, amma nikahları olmayacaq.
- Qadağanın əhəmiyyətindən danışaq. Niyə belə bir qadağaya ehtiyac duyuldu, ölkəmizdə evlənən yaxın qohumların sayı çoxdurmu?
- Qohum evliliyi ilə bağlı qadağa təkcə bizdə deyil, bir sıra ölkələrdə də var. Qohum evliliyinin fəsadları lap qədimlərdən diqqət mərkəzində olub. Alimlərin apardığı araşdırmalar göstərir ki, qəbilələr zamanında da ibtidai insanlar yaxın adamların cinsi münasibətdə olmasının fəsadlarını az-çox anladıqları üçün qonşu qəbilələrlə qadınların mübadiləsini həyata keçiriblər. O dövrlərdən artıq insanlar bunu dərk etməyə başlayıblar.
Bu mövzu bu gün də aktualdır. Qan qohumlarının evliliyi xəstə uşaqların doğulmasına səbəb olur. Bu da hamıya bəllidir. Bu baxımdan qadağanı mən də dəstəkləyirəm. Bununla belə, qəbul edilən əlavədə boşluqlar var.
- “Qanunvericilikdə boşluq var” dedikdə nəyi nəzərdə tutursunuz?
- Təbii ki, qadağadan öncə xeyli sayda qan qohumları nikaha girib. Bu qohumlar qadağa qüvvəyə mindikdən sonra boşana və bir müddətdən sonra barışıb yenidən nikaha girmək istəyə bilərlər. Təcrübədə biz xeyli sayda belə cütlük görürük. Nəinki qohum olanlar, yad adamlar da təkrar evlilik üçün müraciət edirlər. Boşanırlar, bir müddət sonra barışıb yenidən nikaha düşürlər.
- Bəs qadağadan öncə evlənib sonra boşanan və qadağa qüvvəyə minəndən sonra barışıb yenidən nikah bağlamaq istəyənlərin taleyi necə olacaq?
- Qanunvericilikdə belə cütlüklər üçün əlavə imkanlar tanınmayıb. Axı bu şəxslər qadağadan əvvəl nikaha giriblər və artıq övladları var. Onların təkrar nikahının qarşısını almaqla nəyə nail oluruq? Həmin cütlüyün uşağının mənafeyini də nəzərə almalıyıq axı. Onların valideynləri ilə birlikdə yaşamaq hüququ var. Bu məsələ qanunvericilikdə tənzimlənməlidir. Qadağadan əvvəl nikaha daxil olub, sonra boşanmış şəxslərə imkanlar yaradılmalıdır. Səlahiyyətli şəxslər bu məsələni diqqətdə saxlamalıdır.
Şahanə Rəhimli
Musavat.com
13 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ