Onlayn ictimai-siyasi qəzet
Papua-Yeni Qvineya adətən vəhşi təbiəti, yerli qəbilələri və dil müxtəlifliyi ilə tanınır. Lakin bu ölkənin bəzi bölgələrində hələ də qorxunc və ağrılı adətlər yaşadılmaqdadır.
Musavat.com xəbər verir ki, onlardan biri də ölüm hadisəsindən sonra yaxın qohumun barmağının bir hissəsinin kəsilməsidir.
Bu qədim adət Dani qəbiləsinə məxsusdur və dünyada ən ekstremal yas mərasimlərindən biri kimi tanınır.
Dani qəbiləsinin qadınları arasında yayılan bu adətə "Ikipalin" deyilir. Əgər ailə üzvü və ya yaxın qohum dünyasını dəyişərdisə, qadınlar bu itkini simvolizə etmək üçün barmaqlarının bir və ya bir neçə hissəsini kəsirdilər. Onlar inanırdılar ki, bu ağrılı mərasim mərhumun ruhunu rahatlaşdıracaq və ailəni gələcək bəlalardan qoruyacaq.
Ən çox barmaqları kəsilənlər qadınlar olurdu. Hətta bəzi hallarda analar körpə yaşda olan qızlarının barmaq uclarını dişləməklə kəsərək, onları bu mədəniyyətə hazırlayırdılar. Bu adət təkcə fiziki iz buraxmırdı – eyni zamanda qadının ailəyə, qəbiləyə və itkilərə qarşı nə qədər sədaqətli olduğunu da göstərirdi.
Barmaqlarını belə kəsirlər…
Barmaq kəsmə mərasimi xüsusi qaydalarla aparılırdı. Kəsiləcək barmaq sıx bir iplə sarılır, qan dövranı dayandırılırdı. Barmağın hissəsi ya bıçaqla kəsilirdi, ya da dişlənərək ayrılırdı. Kəsilən hissə ya torpağa basdırılır, ya da yandırılırdı. Bu proses təkcə fiziki ağrı deyil, həm də qorxu və psixoloji travma ilə müşahidə olunurdu.
Qəbilənin inancına görə, insan barmaqları ailə birliyini təmsil edirdi. Bir barmağın itirilməsi bir ailə üzvünün itirilməsi ilə eyni mənanı daşıyırdı – bu, həm fiziki, həm də simvolik itkidir.
İndoneziya hökuməti tərəfindən bu cür adətlər rəsmi şəkildə qadağan edilib. Hazırda bu praktikaya nadir hallarda rast gəlinir. Lakin Papua-Yeni Qvineyanın ucqar dağlıq bölgələrində bəzi yaşlı qadınların barmaqlarında bu adətin izlərini açıq şəkildə görmək mümkündür. Bu qadınlar mədəni irsin canlı daşıyıcılarıdır.
Bu adət bəşəriyyətin kədər və yas anlayışına fərqli bir pəncərə açır. Bu, yalnız bir insanın öz ağrısını deyil, bir cəmiyyətin psixoloji və mədəni dəyərlərini də göstərir.
Məhəmməd Türkmən
Musavat.com
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ