İnsanlara hürriyət, millətlərə istiqlal!

Qafqazın yeganə Safari Parkından REPORTAJ

Gəzinti üçün avtobusla qrup halında və yolsuzluq avtomobilləri ilə fərdi turlar təklif olunur

Bir neçə il öncə Bakıdan təxminən 2 saatlıq məsafədə, Azərbaycanın ən səfalı guşələrindən biri olan Şamaxıda turistlər üçün unikal parkın açılışı oldu. Pirqulu adlanan dağ-meşə sahəsində Qafqazda yeganə olan Şamaxı Safari Parkı ziyarətçilərin üzünə açıldı. Yamyaşıl təbiət qoynunda yerləşən Safari park artıq bir neçə ildir ki, ilboyu turist qəbul edir.

SAFARİ.jpeg (1.37 MB)


Musavat.com-un əməkdaşı həftəsonu sözügedən parkda olub, şəraitlə tanış olub.

Şəxsi avtomobillə yalnız girişə getmək mümkündür. Yolların vəziyyətini qənaətbəxş hesab etmək olar. Parkinq ödənişsizdir.

Böyüklər üçün giriş 20 manat, azyaşlılar üçün isə 5 manatdır. Parkın ərazisində şəxsi avtomobillə hərəkət qadağandır. Gəzinti üçün avtobusla qrup halında və yolsuzluq avtomobilləri ilə fərdi turlar təklif olunur. Əgər avtomobil götürmək istəsəniz, qiymət 100 manatdır. Turun müddəti təxminən 1 saatdır.

Biz avtobusla səyahət etməyi seçdik. Təəssüf ki, əsrarəngiz peyzajı və əsas məqsədimiz olan nadir heyvanları seyr etmək üçün turistlər üçün nəzərdə tutulmuş dayanacağa qədər dözməli olduq, üçün avtobusun şüşələri o qədər bulanıq idi ki, heç nə görünmürdü.

Narazılıq edən turistlərə verilən cavab isə belə oldu:

- Şüşələr ikiqatdır, buxarlanma nəticəsində bu vəziyyətə düşür (red - aşağıdakı şəkildə.), təmizləsək də, xeyri yoxdur...

BULAN.jpeg (1.30 MB)

Bələdçilər turistləri arxayın salırlar.

Qarşıda dayanacağıq, düşüb heyvanları yemləyə, bol-bol şəkil, video çəkə biləcəksiniz.

SAFARİ SON.jpeg (1.65 MB)


Safari Parkın ümumi ərazisi 1200 hektardır.

Ərazidə Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan gətirilən nəcib maral, xallı maral, Altay maralı, muflon, alpaka, lama və zubr kimi heyvanlar var. Heyvanlar xüsusi mühafizə olunur. Seleksiya və baytarlıq tədbirləri nəticəsində onların sayı 2-3 il ərzində artıb.

Nəhayət, turistlər üçün nəzərdə tutulmuş dayanacağa çatdıq. İlk gördüyümüz heyvanlar alpakalar oldu. Bəziləri bir qədər məsafədə otlasa da, bəziləri turistlərə yaxınlaşdı. Alpakaların yaxınlaşmasından cəsarətlənən turistlər onları yemlədilər. Ən çox sevinən isə əlbəttə ki, uşaqlardır. İlk dəfə gördükləri heyvan növünü yemləmək onlara unudulmaz anlar yaşadır.

Tur ərzində yolboyu quraşdırılan məlumatlandırıcı lövhələrdə ərazilər üzrə hansı heyvanların olduğu bildirilir. Amma bələdçilər də lazımi məlumatları verir, turistləri maraqlandıran suallara cavab verirlər.

SAFAR SON.jpeg (1.35 MB)


Gəzintidə qarşımıza çıxan ikinci heyvan növü lamalar oldu. Onlar da kifayət qədər insansevər imişlər. Dərhal yaxınlaşıb yem verib-vermədiyimizi “test etdilər”. Yolboyu irəlilədikcə maraqlı baxışları ilə ziyarətçiləri izləyən emuları da gördük. Marallar adətən insanlarla yaxın gəlmirlər. Odur ki, onları yalnız uzaqdan seyr etməli olduq.

O ki qaldı hava şəraitinə, bizim səfərimiz axşamüstünə düşdüyü üçün bir qədər sərinlik var idi. Lakin istənilən halda park dəniz səviyyəsindən xeyli yüksəklikdə yerləşir. Odur ki, havanın istənilən an dəyişməsinə hazır olaraq yola çıxmağınız məsləhətdir.

SAFARE.jpeg (1.36 MB)

Parka giriş saatları günün uzunluğu və hava şəraitindən asılı olaraq fəsillərə görə dəyişdiyi üçün səfər etməmişdən əvvəl giriş-çıxış saatları ilə tanış olmağınız, eyni zamanda hava şəraitini nəzərə almaqla rahat geyimdə və idman ayaqqabılarında gəlməyiniz tövsiyə olunur.

Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 May 2025

BÜTÜN XƏBƏRLƏR