Onlayn ictimai-siyasi qəzet
Musavat.com Caliber.az saytında yayımlanan məqalənin tərcüməsini təqdim edir:
İranda Azərbaycanın əsas düşməni ayrı-ayrı məmurlar və ya diplomatik görünüşlü manqurtlar deyil. Bu, bilavasitə Ali Dini Lider Əli Xameneidir – uzun illərdir ki, Bakıya qarşı ardıcıl şəkildə düşmənçilik və dağıdıcı siyasət quran şəxs. Azərbaycana qarşı hər bir təxribatın, hər bir informasiya hücumunun, ölkəmizə qarşı yönəlmiş hər bir kampaniyanın arxasında məhz o dayanır. Bunlar ayrı-ayrı epizodlar deyil və aşağı ranqlı diplomatların təşəbbüsü də deyil – bu, bir ideologiyadır və onun mənbəyi konkret bir kabinetdə yerləşir. Həmin kabinetin sahibi isə Əli Xameneidir.
İranda Azərbaycanı bu qədər ardıcıl və inadla sevməyən başqa bir fiqur tapmaq çətindir. Üstəlik, İranda adətən gizli saxlanılan, yayılmasının qarşısı alınan bəzi məlumatlara görə, Əli Xameneinin atası fars, anası isə etnik erməni olub.
Bəlkə də elə bu fakt, onun rəhbərliyi dövründə İranın Ermənistanla bu qədər xüsusi və sabit münasibətlər qurmasını izah edir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri işğal altında olduğu dövrdə, yüz minlərlə dinc sakin didərgin salındıqda, şəhər və kəndlərimiz viran qoyulduqda, məhz İran – Xameneinin təşəbbüsü ilə – Ermənistanla əlaqələrini qoruyub saxladı, logistik və ticarət dəstəyi göstərdi. Bütün bu illər ərzində isə Xamenei tərəfindən Azərbaycan xalqına yönəlmiş aydın və birmənalı bir həmrəylik və ya simpatiya ifadəsi eşidilmədi.
Əvəzində, Azərbaycana ünvanlanan sərt, yalan və alçaldıcı bəyanatlar səsləndi. Bizi islamın düşməni, “sionistlərin aləti”, regional sabitliyə təhdid kimi təqdim etməyə çalışdılar. Bu, nifrət siyasəti idi – teoloji pərdə altında gizlədilmiş nifrət. Xamenei Azərbaycana qarşı yönəlmiş təbliğat maşınını dəstəklədi: “analitika” və “dini təlim” adı altında onlarla iranlı resurs hər gün ölkəmizi demonizə etməyə, rəhbərliyə inamsızlıq yaratmağa, təşəbbüslərimizin mahiyyətini təhrif etməyə yönəlmiş materiallar yayır. Bütün bu işlər birbaşa İranın dini liderinə tabe olan mərkəzlər tərəfindən idarə olunur və dəstəklənir. Onların əsas məqsədi isə – Azərbaycanı qaralamaq və onu müsəlman dünyasından təcrid etməkdir.
Buna yalnız teleqram kanalları, dini mərkəzlər və ideoloji strukturlar nümunə deyil. İranda Ermənistan səfiri Mehdi Subhaninin son çıxışı da Tehran siyasətində anti-Azərbaycan ritorikasının nə qədər dərin və utanmaz şəkildə kök saldığını göstərir. Subhani artıq uzun müddətdir diplomat deyil – sifarişli yalanların ruporudur. O, dəfələrlə faktlara və məntiqə zidd açıqlamalar verib. Lakin bu yaxınlarda o, özünü də keçərək belə bir bəyanatla çıxış etdi: “Təbrizdəki mənbələr bildirir ki, İsrail və İran arasında münaqişə zamanı bir neçə israilli pilotsuz aparat Azərbaycanın ərazisindən İran sərhədini keçərək daxil olub".
Bu, sadəcə yalan deyil – bu, açıq-aşkar təxribatdır. Məqsəd isə Azərbaycanı başqasının savaşına cəlb etmək, onun tərəfdaşları qarşısında nüfuzuna zərbə vurmaq və şübhə toxumu səpməkdir. Subhani bu sözlərinə heç bir sübut təqdim etməyib – çünki ortada sübut yoxdur. Bu bəyanat – yuxarıdan gələn bir xəttin parçasıdır, məqsədi isə – Bakını ləkələməkdir. Kim düşünürsə ki, səfir bu sözləri özbaşına deyir – ciddi şəkildə yanılır. Subhani sadəcə rupordur. Bu və buna bənzər saysız bəyanatların arxasında eyni adam dayanır – Əli Xamenei.
Məhz Xamenei, Azərbaycana qarşı hürən bütün “itlərə” yaşıl işıq yandırır. Onlar yalanlar yayır, “şiə narazılığı” görüntüsü yaradır, dinə heç bir bağlılığı olmadan ona istinad edirlər və ritorikalarını Ali Liderin kabinetində yazılmış şüarlar üzərində qururlar. Bunlar müstəqil fiqurlar deyil – bunlar bir əlin idarə etdiyi kuklalardır. Həmin əl isə müasir, uğurlu, müstəqil Azərbaycandan patoloji şəkildə qorxan bir şəxsindir.
Xamenei Azərbaycanın dünyəvi, türk kimlikli və suveren dövlət olaraq mövcud olmasından qorxur. Çünki burada din – şəxsi seçimdir, idarəçilik aləti deyil. Onun itaət, repressiya və qorxu üzərində qurulmuş ideoloji modeli isə Bakıya baxanda dağılır. Bu isə onda qəzəb yaradır.
Məhz buna görə də Azərbaycana hücumlar davam edəcək. Onlar guya dini qayğı, xarici siyasət narahatlığı, “sabitliyə can atmaq” adı ilə pərdələnəcək. Amma bütün bunlar – yalandır. Əsl səbəb – bir şəxsin kabineti, ideyalarıdır. Onun adı – Əli Xameneidir. Bu reallıq diplomatik, ictimai və informasiya səviyyəsində nə qədər tez qəbul edilərsə, Azərbaycan və bütün region Tehran tərəfindən edilən təzyiqlərdən bir o qədər tez azad ola bilər. İran bizim qonşumuz olaraq qalacaq, lakin anti-Azərbaycan siyasətinin mühərriki – xalq və ya dövlət deyil, konkret bir insandır. Və bu həqiqəti açıq şəkildə göstərmək – vicdan və prinsip məsələsidir.
Caliber.az
29 Iyun 2025
28 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ