Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Monteneqronun paytaxtı Podqoritsada Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı bu ölkənin ombudsmanı Sinişa Bjekoviçə məktub ünvanlayıb.
O, saxlanılan şəxsin təqsirsizlik prezumpsiyası, hüquqi yardıma çatım və tərcüməçidən istifadə hüquqlarının təmin olunmasını xahiş edib. Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı Səbinə Əliyevanın məktubuna cavab verib. Bildirilib ki, Monteneqro Respublikasının İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab ünvanlayıb. Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürülərək bununla əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını bildirib.
Qeyd edək ki, hadisə ilə bağlı Türkiyə və Azərbaycan vətəndaşları şübhəli şəxs kimi saxlanılıb. Bu iki ölkədən onlarla şəxs isə Monteneqroda yaşamağa qanuni sənədlərinin olmaması şübhəsi ilə saxlanılıb. Davadan sonra vandallar Podqoritsada türkiyəli sahibkara məxsus restoranın şüşələrini sındırıblar, digərləri isə türkiyəli immiqrantlara məxsus avtomobilləri yandırıblar. Bir neçə Türkiyə vətəndaşı fiziki hücuma məruz qaldıqlarını bildirib. Oktyabrın 26 və 27-də əsasən türklərin yaşadığı məhəllələrdə küçələrə çıxan kütlə yürüş edərək “Türklər rədd olsun”, “Türkləri öldürün” şüarları səsləndirib. Yerli rəsmi orqanlar Türkiyə vətəndaşlarına qarşı nifrət nitqi, fiziki zorakılıq təhdidlərinə görə səkkiz nəfərin saxlandığını açıqlayıb. Polis bıçaqlanma hadisəsi ilə bağlı biri Türkiyə, biri azərbaycanlı olmaqla iki nəfərin saxlanıldığını açıqlayıb.
Bu iki şəxsdən əlavə, etibarlı yaşayış icazəsi olmayan 45 Türkiyə və Azərbaycan vətəndaşının da saxlanıldığı bildirilib. Polis bildirib ki, saxlanılan şəxslərdən 7-si cərimə edilib, 8-si isə ölkədən deportasiya ediləcək. Monteneqroda tikinti şirkətlərinin birində fəhlə işləyən Azərbaycan vətəndaşı Nəcəf Nəcəfli BBC-yə qeyd edib ki, o, oktyabrın 26-sı axşamını polis idarəsində keçirməli olub.
Son xəbərə görə, saxlanılan Azərbaycan vətəndaşı sərbəst buraxılıb. APA-nın əldə etdiyi xəbərə görə, Azərbaycan vətəndaşı azad olunub. Polisin müşahidə kameralarına baxdığı və nəticədə, Azərbaycan vətəndaşının hadisə baş verərkən evdə olduğu məlum olub. Yerli KİV-in yaydığı məlumata əsasən, Monteneqro Ali Məhkəməsi bir müddət əvvəl Podqoritsada baş verən insidentlə əlaqədar həbs olunan Türkiyə və Azərbaycan vətəndaşlarının həbsini ləğv edib. Məhkəmə təqsirləndirilən şəxslərin cinayətdə şübhələndirilməsi üçün kifayət qədər əsasların olmadığını müəyyən edib. Bununla belə, qeyd olunur ki, insidentlə bağlı iş bağlanmayıb.

Polad Mehdiyev
Hüquqşünas Polad Mehdiyev mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, Monteneqroda baş verən insidentlər fonunda Türkiyə və Azərbaycan vətəndaşlarının saxlanılması, habelə türkiyəli sahibkarlara məxsus obyektlərə və avtomobillərə qarşı hücumlar bu ölkənin turizm imicinə mənfi təsir göstərə bilər: “Podqoritsada başlayan hadisələrdən sonra Monteneqro hökumətinin türkiyəli vətəndaşlar üçün vizasız rejimi müvəqqəti dayandırması və ”yaşayış sənədlərinin yoxlanması" əməliyyatlarını genişləndirməsi müəyyən hüquqi və siyasi suallar doğurur. Hüquq baxımdan Monteneqro Avropa İnsan Hüquqları Konvensiyasının iştirakçısı olaraq milliyyətə görə ayrı-seçkiliyə yol verməməli, saxlanılan şəxslərin hüquqlarını təmin etməli və nifrət zəminli hücumların obyektiv istintaqını aparmalıdır. Vandalizm və fiziki zorakılıq hallarının adi xuliqanlıq kimi deyil, nifrət motivli cinayət kimi qiymətləndirilməsi vacibdir. Dövlətin vəzifəsi yalnız cinayətkarı cəzalandırmaq deyil, həm də hücumun səbəblərini aradan qaldırmaq və cəmiyyətə təhlükəsizlik hissini qaytarmaqdır. Siyasi baxımdan isə Monteneqro hökumətinin bu reaksiyası daxili auditoriyaya “miqrasiya və təhlükəsizlik” mesajı kimi görünür. Lakin eyni zamanda bu addım ölkənin turizm reputasiyasına zərbə vura bilər. Turistlər üçün “sabitlik və təhlükəsizlik” əsas göstəricilərdir. Türkiyə və Azərbaycan kimi ölkələrdən hər il minlərlə turist bu regionu seçir, lakin son hadisələr onların səfər qərarına mənfi təsir göstərə bilər. Vətəndaşlarımız üçün viza rejimi dəyişməsə də, səfərlər zamanı ehtiyatlı davranmaq, sənədləri və sığortanı qaydasında saxlamaq, mümkün risklər barədə məlumatlı olmaq tövsiyə olunandır. Ümumiyyətlə, Monteneqro hökuməti üçün əsas məsələ hadisələrə hüquqi çərçivədə, emosiyasız və qərəzsiz yanaşmaqdır. Fərdi cinayət faktı əsasında bütöv millətləri hədəf almaq düzgün deyil və bu həm ölkənin beynəlxalq imicinə, həm də iqtisadi maraqlarına ziddir. Hücumların tam araşdırılması, zərərçəkənlərə dəstək və turizm sektoruna etimadın bərpası bu ölkənin gələcək nüfuzu üçün həlledici olacaq".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
01 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ