İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbi Azərbaycan İcması – təkcə qərbi azərbaycanlılarınmı təşkilatıdır?

Qərbi Azərbaycan İcması 1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin hüquqi varisidir. 2022-ci il avqustun 3-də keçirilən ümumi yığıncaqda bu ictimai birlik "Qərbi Azərbaycan İcması" adı ilə qeyri-kommersiya təşkilatına çevrilib və fəaliyyətini yenilənmiş formada davam etdirir.

İcmanın əsas məqsədi müxtəlif dövrlərdə etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin hüquqlarını müdafiə etmək, onların ictimai-mədəni birliyinə nail olmaq və beynəlxalq müstəvidə bu hüquqların bərpasına çalışmaqdır. Eyni zamanda, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı tarixi-mədəni irsin qorunması, bu irsin təbliği və məhv edilməsinin qarşısının alınması da təşkilatın əsas vəzifələri sırasındadır.

2023-cü ilin yanvarında Qərbi azərbaycanlıların Ermənistana qayıdışını nəzərdə tutan Qayıdış Konsepsiyası ictimaiyyətə təqdim edildi. Konsepsiyada qayıdışın hüquqi, sosial, mədəni, demoqrafik və inzibati əsasları ilə yanaşı, qayıdanların Azərbaycanla sərbəst və maneəsiz əlaqə imkanlarının təmin edilməsi və Ermənistandakı azərbaycanlılara məxsus mədəni irs nümunələrinin qorunması məsələləri də öz əksini tapıb. 2024-cü ilin oktyabrında isə Azərbaycan Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

Qərbi Azərbaycan İcmasının fəaliyyəti təkcə Qərbi Azərbaycandan olan şəxslərlə məhdudlaşmır. Təşkilatın nizamnaməsinə əsasən, bu icmaya əslən Qərbi Azərbaycandan olmayan şəxslər də üzv ola və aktiv şəkildə təmsil oluna bilərlər. Bu, bir sıra çevrələrdə müsbət qarşılanmaqla yanaşı, bəzən tənqid və suallar da doğurur. Lakin İcmanın mövqeyi aydındır: Qərbi Azərbaycan məsələsi bütövlükdə Azərbaycan xalqının milli marağıdır. Bu səbəbdən də regiondan olmayan, lakin azərbaycançılıq ideyasını dəstəkləyən, Qərbi Azərbaycana qayıdış prosesinə töhfə vermək istəyən hər kəs bu təşkilatda yer ala bilər. Burada məqsəd etnik və coğrafi mənsubiyyətə görə ayrım yaratmaq deyil, əksinə, Azərbaycanın tarixi torpaqları ilə bağlı hüquqi və mənəvi məsələlərdə vahid milli iradənin formalaşdırılmasıdır.

Qayıdış məsələsi təkcə deportasiya olunanların deyil, ümumən Azərbaycanın gələcəyinə yönəlmiş strateji hədəfdir.  Əslən haralı olmağın, hansı rayonda doğulmağın önəmi yoxdur – əsas olan Qərbi Azərbaycana qayıdış prosesinə dəstək vermək, ictimai təşəbbüslərdə iştirak etmək və bu məsələdə ümummilli həmrəyliyi təmin etməkdir.

Bir sözlə, Qərbi Azərbaycan İcması bir regionun deyil, bir millətin tarixini və hüququnu təmsil edən platformadır. Bu platformada təmsil olunmaq üçün yalnız Qərbi Azərbaycan mənşəli olmaq şərt deyil – azərbaycanlı olmaq, azərbaycançılığa inanmaq və bu ideyaya sadiq qalmaq yetərlidir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli mövzu ilə bağlı Musavat.com-a bildirib ki, bu, bir milli məsələdir: ”Birliyin nizamnaməsi də Qərbi Azərbaycan kökənləri olmayan şəxslərin üzv kimi qəbuluna məhdudiyyət qoymur. Bu cür fikirlər səsləndirmək doğru deyil.  Bu təşkilata regionalıq damğasını vurmağa ehtiyac yoxdur. Bu damğanı vurmaq istəyənlərin niyyəti hər zaman puç olacaq. Belə məkrli fikirlər süni şəkildə ortaya atılıb. Ən böyük uğurumuz ondan ibarətdir ki, biz bunu ümummilli məsələ kimi ortaya qoya bildik”.

Fayl:Siyasətçi Elçin Mirzəbəyli.jpg

Millət vəkili Elçin Mirzəbəyli bildirib ki, Qərbi Azərbaycana qayıdış milli ideyanın tərkib hissəsidir. Onun sözlərinə görə, Azərbaycanı bütöv görən hər kəs özünü həm də Qərbi azərbaycanlı hesab edir: ”Prinsip etibarı ilə Qərbi Azərbaycanda doğulmayan, əslən ora bağlı olmayan insanların bu ideyaya dəstək verməsindən təbii bir hal ola bilməz. Torpaqlarımız işğal altında olduğu zaman kəsimində hər birimiz özümüzü Qarabağlı, Şərqi Zəngəzurlu hesab edirdiksə və onun işğaldan azad olunmasında bütöv Azərbaycan mücadilə edirdisə, eyni yanaşmanı Qərbi Azərbaycana qayıdış platformasına və Qərbi Azərbaycan İcmasına münasibətdə nümayiş etdirmək lazımdır. Azərbaycanı hissələrə, zərrələrə bölmək yanlış düşüncədir. Bu cür düşünən insanlar milli hədəfləri aydın görə bilmirlər. İndiki şəraitdə prinsip etibarı ilə mən də özümü Qərbi Azərbaycana qayıdış prosesi, ədalət bərpa olunana qədər özümü Qərbi azərbaycanlı, bütövlükdə isə bütöv azərbaycanlı hesab edirəm. İdeyanı, milli hədəflərimizi dəstəkləyib bu prosesdə yer almışamsa, bu dəstəyi təqdir etmək lazımdır”. 

“Yeni Müsavat” qəzetinin icmaya üzv olan əməkdaşı, tanınmış jurnalist Elşad Paşasoy da məsələyə münasibət bildirib: “Bir sıra hallarda Qərbi Azərbaycan İcmasına Qərbi Azərbaycanla kök bağlılığı olmayan şəxslərin üzlüyə qəbul edilməsi təəccüblə qarşılanır və yumşaq ifadə etsək, yersiz şərhlərlə rastlaşırıq. Çox absurd və əcaib, həm də dövlətin, xalqın elan olunan hədəflərinə, milli ideologiyamıza xələl gətirən, eyni zamanda əleyhdarlarımızın əlinə işləyən iddialardır. Eyni zamanda bu kimi qərəzli yanaşmalar bölücülüyə xidmət edir. Məgər Qarabağ, Şərqi Zəngəzur torpaqları işğalda olarkən o mövzudan bəhs edənlərə, torpaqlarımızı azad etmək üçün əlindən gələni etməyə çalışanlara hansısa qadağalar, sərhədlərmi qoyulmuşdu? “Hamımız qarabağlıyıq”, demirdikmi? “Şuşasız Azərbaycan ola bilməz”, andına sadiqliyimiz, milli birliyimiz bizə Böyük Zəfəri qazandırmadımı? İndi necə demək olar ki, Qərbi Azərbaycan məsələsi ancaq Qərbi azərbaycanlılara məxsusdur və deportasiyaya məruz qalmayan azərbaycanlılar “gedib öz işi ilə məşğul olmalıdır?” Bu barədə düşünməyin özü belə, yanlışdır, zərərlidir, millətin ruhunda çat yaratmağa yönəlik qəsddir. Olmaz! Qərbi Azərbaycan hamımızındır, o mənada Qərbi Azərbaycana istisna hal kimi əslən Qərbi Azərbaycandan olmayan, amma on illər boyunca Qarabağ və Qərbi Zəngəzur həqiqətlərini dilə gətirən, yazan, araşdıran şəxslərin bir neçəsinə üzvlük vəsiqəsinin verilməsi də rəmzi məna daşıyır, birliyimizi simvolizə edən müsbət qərardır. Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan mövzusu kimlər üçünsə şəxsi mənafe, mənsəb, məqsəd obyekti ola bilməz, bu, müqəddəs ali hədəfdir, milli ideologiyamızın prioritet istiqaməti, ünvanıdır. O mənada kimlərsə narahat olmasın, inşallah Qərbi Azərbaycana qayıdacaq hər bir azərbaycanlının evi elə bizim hər birimizin üzünə açıq olacaq. Bir daha qeyd etməkdə fayda var: Qərbi Azərbaycan İcmasının nə Nizamnaməsində, nə Qayıdış Konsepsiyasında hansısa regional faktor yer almır və məhdudiyyətlər nəzərdə tutulmayıb. Bu, ali hədəfdir, Qarabağ kimi, Şərqi Zəngəzur kimi! Amma cənab Prezident bəyan edib ki, biz o torpaqlara tanklarla deyil, avtomobillərlə qayıdacağıq!

Qərbi Azərbaycan hamımızındır, Bütöv Azərbaycanın düşmən ayaqları altında inləyən bir parçası olaraq, onun səsinə səs vermək, “Hamımız Qərbi Azərbaycanlıyıq!” amalı birgə addımlamaq hamımızın borcudur. Bilirsinizmi, Qərbi Azərbaycan məsələsi nə qədər böyük məsələdir?! Tarixi fürsət yaranıb, Prezident İlham Əliyevin qətiyyətli, prinsipial siyasəti nəticəsində: Qərbi Azərbaycana ləyaqətli qayıdışa nail olmağımız Qarabağda, Şərqi Zəngəzurdakı qələbələrimizin də təhlükəsizliyi demək olacaq, Ermənistan rəhbərliyi Qərbi Azərbaycana qayıdan yüz minlərin etirazından çəkinərək bir daha Naxçıvana, Qarabağa, digər ərazilərə “dil” uzatmağa cürət etməyəcək”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR