Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin son 10 gündə Avropaya etdiyi səfərlər ölkə və dünya gündəminin əsas diqqət yetirdiyi mövzulardan biridir. Sentyabrın 22-də BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfər edən ölkə başçısı hazırda Danimarkadadır. Amerikada keçirdiyi yüksək səviyyəli görüşlərin ardı indi də Kopenhagendə gəlməkdədir.
Onu da bildirək ki, Birləşmiş Ştatlarda olduğu kimi, Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər də qarşı tərəflərin müraciətləri əsasında baş tutur. Heç şübhəsiz ki, bu da Prezidentin Avropada yüksək nüfuzunun, ona göstərilən böyük hörmətin, eləcə də ölkəmizin müsbət imicinin, ona verilən xüsusi dəyərin və olduqca pozitiv münasibətin göstəricisidir.
Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a deyib ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısına dəvət edilməsi olduqca mühüm hadisədir:
"Bu onu deməyə əsas verir ki, artıq Qərbin aparıcı liderləri İlham Əliyevsiz, Azərbaycansız hər hansısa ciddi bir məsələni müzakirə etmək istəmirlər.
Prezident İlham Əliyevin Kopenhagendə keçirdiyi görüşlər qarşı tərəfin müraciətləri əsasında baş tutub. İndi bir sıra Qərb liderləri, eləcə də dünyanın aparıcı enerji şirkətləri İlham Əliyevlə görüşmək üçün növbəyə dayanıblar. Hətta Serbiya prezidenti Vuçiç bir neçə dəfə bunu açıq şəkildə ifadə edib.
Aparıcı Avropa siyasətçiləri ilə görüşlər zamanı həm ikitərəfli münasibətlər, yəni Azərbaycanla həmin ölkələr arasındakı əlaqələr müzakirə olunub, həm də Avropa İttifaqı rəhbərliyi ilə Azərbaycan–Avropa münasibətləri ətrafında fikir mübadiləsi aparılıb. Hətta Fransa prezidenti Emmanuel Makron belə Azərbaycana qarşı yanlış addımlar atdığının fərqindədir və indi azərbaycanlı həmkarı ilə münasibətləri düzəltməyə çalışır.
Fransada artıq başa düşürlər ki, Azərbaycanla münasibətləri pisləşdirmək onlara heç nə verməyəcək. Əksinə, Azərbaycan Cənubi Qafqazın açar ölkəsidir və Bakı ilə münasibətləri daha da pisləşdirsə, o zaman fransızlar Cənubi Qafqazdakı bütün siyasi-iqtisadi maraqlarının üzərindən xətt çəkmiş olacaqlar.
Azərbaycanın nüfuzu Vaşinqton sazişindən sonra daha da yüksəlib. Avropa ölkələrinin rəhbərləri Prezident İlham Əliyevi və Ermənistan baş nazirini əldə olunmuş nailiyyət münasibətilə təbrik edirlər. Həmçinin Azərbaycanla əlaqələri daha da gücləndirmək niyyətlərini açıqlayıblar. Hətta Fransa prezidenti Emmanuel Makron belə münasibətləri möhkəmləndirmək üçün müəyyən addımlar atmağa cəhd göstərir. Yəni Makron özünü Prezident İlham Əliyevə bağışlatmaq üçün dəridən-qabıqdan çıxır.
Görünən odur ki, hər zaman ermənipərəst və ikili standartlarla ölkəmizə qarşı çirkin kampaniyalar aparan Fransa və onun rəhbəri də Azərbaycanın nüfuzunu və aparıcı rolunu qəbul etməkdədir. Səbəbi sadədir, Azərbaycan Prezidentinin qurduğu düzgün strategiya nəticəsində Bakı hazırda regionun və Avrasiyanın aparıcı oyunçularından birinə çevrilib. Zəngəzur dəhlizinin açılması, eləcə də “Bir kəmər, bir yol” layihəsinin işə düşməsi Avropanı Rusiyanın caynağından xilas edəcək.
Digər tərəfdən, Azərbaycan Prezidenti həm də Orta Asiyadakı enerji resurslarının Qərbə daşınmasında Türküstan coğrafiyasındakı türk liderlərini razı sala biləcək yeganə şəxsdir.
Ona görə də Avropa liderləri İlham Əliyevə sözün əsl mənasında xilaskar gözü ilə baxırlar. Bir sözlə, ölkə başçısının Danimarkada Avropa Siyasi Birliyinin sammitində iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir".
Siyasi təhlilçinin sözlərinə görə, Ermənistanla sülhün əldə olunması ilə bağlı atılan ilkin addımlar, eləcə də Bakının Qərbin enerji təhlükəsizliyində önəmli rol oynaması Azərbaycanın qlobal miqyasda həlledici rola malik olduğunu nümayiş etdirir:
"Danimarka paytaxtında Azərbaycan Prezidentinin keçirdiyi görüşlər bir daha təsdiq etdi ki, Azərbaycan regional təhlükəsizlik, enerji və nəqliyyat məsələlərində Avropa üçün mühüm tərəfdaşdır. Eyni zamanda, rəsmi Bakı uğurlu beynəlxalq aktor kimi qəbul olunur. Bir sözlə, ölkə başçısının Danimarkaya səfəri Azərbaycanın qlobal gücə çevrilməsinin bariz nümunəsidir".
Cavanşir ABBASLI
Musavat.com
03 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ