İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzzafinin səltənətinin iki qütbü - Türkiyə ikisi ilə də münasibət qurmağa çalışır

Dünya güclərinin çarpaz mübarizəsi fonunda Türkiyə də əlini-qolunu salıb boş oturmaq istəmir və özünün Aralıq dənizindəki, Yaxın Şərqdəki mövqelərini gücləndirmək üçün ciddi fəaliyyət göstərir.

Bu günlərdə Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalını Liviyayada olub və bu ölkənin şərq hissəsinə nəzarət edən milli ordusunun komandanı Xəlifə Haftar tərəfindən qəbul edilib. Onların arasındakı danışıqlar onunla əlamətdardır ki, Haftar hakimiyyəti bir vaxtlar Türkiyənin Afrikada təsirinin genişlənməsinə qarşı çıxırdı. O vaxtdan bəri bu, Ankara və Benqazi arasında ilk yüksək səviyyəli təmaslardır. İndiyədək Tripoli ilə yaxşı əlaqələrə malik olan Türkiyə artıq Cəmahiriyyənin şərq hissəsində də öz mövqeyini gücləndirmək istəyir və Haftarın Şərqi Aralıq dənizində hansı təsir dairələrinin olması barədə razılığa gəlməyə inandırmağa çalışır.

Haftar MİT direktorunu Liviyanın şərqinin iqtisadi və hərbi paytaxtı Benqazidə qəbul edib. Ordu rəhbərliyinin digər nümayəndələrinin iştirakı ilə keçirilən danışıqlar Türkiyə ilə Liviya arasında ikitərəfli əlaqələrin inkişafına həsr olunub.

Türkiyə mediası yazır ki, İbrahim Kalınla görüş Türkiyənin hərbi freqatının Benqazi limanına tarixi səfəri fonunda baş tutub və bu səfər zamanı tərəflər arasında hərbi səviyyədə danışıqlar aparılıb. Liviyanın şərqindəki dialoqa Liviya ordusu komandanının müavini və piyada qoşunlarının rəhbəri Xəlifə Haftarın oğlu, onun varisi hesab olunan Səddam Haftar da qatılıb.

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın Qərbi Liviyaya (Tripolitaniya) rəğbət bəsləməsi üzündən Liviya milli ordusunun uzun müddət Ankaraya qarşı çıxmasına baxmayaraq, indi Haftar və Türkiyə hökuməti ikitərəfli əlaqələri gücləndirirlər. Aprel ayında Səddam Haftar Ankaraya səfər edib və müdafiə naziri Yaşar Gülərlə danışıqlar aparıb. Onlar “iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi yollarını, həmçinin qarşılıqlı maraq doğuran bir sıra regional və beynəlxalq məsələləri” müzakirə ediblər. Regional mediada yayılan versiyalardan birinə görə, Səddam Haftar Ankara ilə Türkiyənin bir vaxtlar qarşı düşərgəyə - Tripoliyə tədarük etdiyi türk müdafiə məhsullarının mümkün alışını müzakirə edib.

Qətərin “The Middle East Eye” portalının məlumatına görə, Ankara Şərqi Liviyanı Türkiyə ilə Tripolitaniya arasında 2019-cu ildə bağlanmış dəniz müqaviləsini qəbul etməyə inandırır. Müqavilənin mətni əslində Yunanıstan və Kiprin Şərqi Aralıq dənizindəki bəzi müstəsna iqtisadi zonalar üzrə hüquqlarını gözardı edir və Türkiyənin bölgədəki təsir dairələrinə baxışını ortaya qoyur. Bu müqavilə layihəsini bir vaxtlar Ankaranın təsirinə qarşı çıxmaq üçün Haftarla əlaqə qurmağa çalışan Afina və Lefkoşa ilə yanaşı, Avropa paytaxtları da pisləyir. Ola bilər ki, Şərqi Liviya hakimiyyətinin bu layihəyə qoşulması Avropa İttifaqının tənqidinə səbəb olacaq.

Versiyalardan birinə görə, Ankara Haftarla təmaslar vasitəsilə qruplaşmalar arasında toqquşmalarda boğulan Tripoliyə dolayı təzyiq göstərməyə çalışır.

Bu günlərdə Tripolinin qərbində yerləşən Urşafana şəhərində Milli Razılıq Hökumətinə sadiq 55-ci batalyonun komandiri Məmmər əd-Daviyə silahlı hücum edilib. Hərbi rəhbərin korteji naməlum silahlı qrup tərəfindən atəşə tutulub. Bu, MRH-yə yaxın komandirlərə qarşı sui-qəsdlə bağlı ilk hadisə deyil. May ayında prezident şurasında təhlükəsizlik və sabitliyin qorunması aparatının rəhbəri Abdel Qani əl-Kikli paytaxt regionunda genişmiqyaslı toqquşmalara səbəb olan pusquda öldürülüb. Bu vəziyyətdə Liviyanın şərqində vəziyyət daha stabil və proqnozlaşdırıla bilən görünür, çünki LMO təhlükəsizlik sahəsində, demək olar ki, əsas dayaqdır.

Gedişat göstərir ki, Ankara uzun müddətdir Liviyada davam edən vətəndaş münaqişəsinə əvvəlki birtərəfli yanaşmasını aradan qaldırmağa çalışır.

Türkiyə biznesləri Misir və Birləşmiş Ərəb Əmirliyi ilə birlikdə ölkənin şərqində həyata keçirilən layihələrdə fəal iştirak edir, Türkiyə nümayəndələri Misirlə birlikdə LMO nümayəndələri ilə danışıqlar aparır və son vaxtlar Haftarın oğulları Türkiyəyə səfərdə olurlar.

Liviya rəhbəri Müəmmər Qəzzafinin devrilməsi və öldürülməsindən sonra ölkə faktıkı olaraq Qərbi Liviya və Şərqi Liviyaya parçalanıb. Qərbi Liviyanın paytaxtı Tripoli, Şərqi Liviyanın paytaxtı isə Benqazidir. Hazırda ölkənin çox hissəsinə Xəlifə Haftarın rəhbərlik etdiyi hökumət nəzarət edir. Tərəflər bir-birini cinayətkar adlandırır və heç cür barışığa gəlmək istəmirlər. Qərb ölkələri dövlət olaraq Qərbi Liviyanı tanıyırlar. Qərbi Liviyaya Mühəmməd əl-Mənfi rəhbərlik edir.

Araz Altaylı, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR