Onlayn ictimai-siyasi qəzet
Saatlıda atasını öldürməkdə təqsirləndirilən 25 yaşlı Rabil Ağayevin cinayət işinin təfərrüatı məlum olub. Qətli törədən Rabil paranoid şizofreniya xəstəliyindən əziyyət çəkirmiş.
Musavat.com xəbər verir ki, hadisə 2024-cü ilin iyul ayında baş verib. Rayon sakini Rabil Ağayev yaşadığı evdə atası 73 yaşlı Ramiz Ağayevlə mübahisə edib. Mübahisə nəticəsində o, atasının boğazını şüşə ilə kəsərək qətlə yetirib.
İstintaq zamanı müəyyən edilib ki, Rabil anlaqsız vəziyyətdə olub. O, paranoid şizofreniya psixi xəstəlikdən əziyyət çəkirmiş. Məlum olub ki, onun ata və anası ilə münasibətləri uzun müddət normal olmayıb. Arvadı da ondan ayrılaraq ata evinə gedibmiş. Rabil bu məsələdə ailəsini günahkar bilərək onlarla tez-tez mübahisə edirmiş.
Hadisədən əvvəl də Bakıya gedərək 15 gün evə qayıtmayıb. Ailəsi polisə məlumat verərək onun axtarılmasını istəyib. Rabil Bakıda tapılıb və polisə evə qayıtmaq istəmədiyini deyib. Ailəsinin təkidi ilə Rabil hadisədən bir gün əvvəl evlərinə qayıdıb. O, atası və anasının evdən çıxmasını istəyib. Onlar Rabillə razılaşaraq qohumlarının evinə gediblər. Qohumları onları barışdırmaq üçün cəhdlər ediblər. Rabilin kredit borcunu ödəmək üçün həyətlərindəki inəklərdən birini satıblar. Sonra birlikdə yaşamağa başlayıblar. Rabil hadisə günü ata və anası ilə yenidən mübahisə edib.
O, pəncərənin şüşəsinə yumruq vuraraq sındırıb. Sərbəst hərəkət etmək bacarığı məhdud olan atasını boynundan tutaraq yerə yıxıb. Müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib sonuncuya xüsusi əzab verdiyini və ona müqavimət göstərmək imkanı olmadığını dərk edərək onun boğazının bir neçə zərbə endirib.
Rabil dindirilən zaman özünü təqsirli bilib. Deyib ki, atası onu qayçı ilə vurmaq istədiyini görüb onun əlindən tutub:
“İtələyib çarpayının üstünə yıxdım. Sonra həyətə düşdüm. Həyətdə olanda atam boynumun arxasından vurdu. Sonra ayılanda qohumlarımın qışqırdığını gördüm. Onda bildim ki, atamın boğazını kəsmişəm. Atamın boğazını kəsdiyim şüşəni həyətdəki balkonun üstündən götürmüşdüm. Həmin şüşəni qırıb əlimdə saxlamışdım. Paranoid şizofreniya xəstəliyindən əziyyət çəkirəm. Müalicəyə göndərilməyimi xahiş edirəm”.
Mərhumun xanımı, hüquqi varisi də məhkəmə dindirilən zaman oğlunun xəstə olduğunu, onun müalicəyə göndərilməsini istəyib.
“Oğlum psixi xəstəliklərdən əziyyət çəkir. Bakıya həkimə göndərmişdim. Belində də ağrılar var idi. Bakıya gedəndə iki gün telefonunu açmadı. Polisə məlumat verdik. Evə gəlmək istəmədiyini dedi.
Bir neçə gün sonra evə qayıtdı. Dedi ki, gedirəm sizi polisə verəm, çünki bizim də onu polisə verdimizi dedi. Bizim evdən çıxmağımızı istədi. Problem olmasın deyə evdən çıxdıq. Mən İmişliyə qardaşımgilə getdim. Ərim də qardaşıgilə getdi. Qardaşı ərimə zəng vurub dedi ki, Rabil heyvanları da, evi də satacaq. Heyvanın birini satıb Rabilin kreditlərini ödədik. Rabil ara-sıra əmisigilə gedib gəldi. Atası ilə mehribanlaşmağa başladı. Buna görə də evə qayıtdıq ki, tək qalmasın. Özünə nəsə etməyindən qorxurduq. Hadisə olan vaxt evdə idim. Səs-küyə çıxanda Rabilin atasını öldürdüyünü bildim. Mənə tərəf qışqıraraq “hər şeyin səbəbkarı sənsən” dedi”.
Hökmə əsasən Rabilin qeyd edilən əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub. Buna görə cinayət məsuliyyətindən azad edilib. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
İ.Muradov
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ