Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Ramiz Quliyevlə vida mərasiminin vaxtı və dəfn yeri açıqlanıb.
Musavat.com Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tarzənlə vida mərasimi 16 oktyabr tarixində saat 11:00-13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək.
Mərhum II Fəxri xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda anadan olub. O, 1954-cü ildə Ağdam şəhər yeddiillik musiqi məktəbinə gedib, 1960-cı ildə isə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub.
R.Quliyev 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tar və dirijorluq ixtisasları üzrə təhsil alıb.
"İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 may 2002-ci il tarixli fərmanına uyğun olaraq uğurlu səhnə fəaliyyətinə görə Ramiz Quliyev 26 iyul 2002-ci və 5 iyul 2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mükafatı, 2004-cü ildən isə ömürlük Prezident təqaüdü ilə təltif olunub.
Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
Şahanə Rəhimli
Musavat.com
16 Oktyabr 2025
15 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ