Onlayn ictimai-siyasi qəzet
Dünya əməlli-başlı qarışıb. Qlobal məkanda bir savaş digərini əvəzləyir. Hazırda bir tərəfdə Ukrayna savaşı hələ də davam edir. Ancaq buna paralel olaraq, Yaxın Şərqdə də silahlı münaqişəyə start verildi. Üstəlik, bu iki savaşın hər birisində eyni qlobal hərbi-siyasi düşərgələr arasında qarşıdurma mövcuddur. Yəni, dünya nəhəngləri arasında sona çatmayan amansız mübarizə artıq iki dəhşətli savaşın törədilməsinə yol açıb. Və indi əsas suallar növbəti müharibənin hansı regionun payına düşə biləcəyi ilə birbaşa bağlıdır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Trampın bu mövzuda verdiyi bütün vədlər artıq boşa çıxmış kimi görünür. Çünki Ukrayna savaşını cəmisi bir günə dayandıracağına söz vermişdi. Ancaq aylarla ABŞ-ın bütün siyasi-diplomatik resurslarını arxasına alıb, danışıqlar aparsa da, Rusiya ilə anlaşa bilmədi. Nəticədə Ukrayna savaşı dayandırılmaq əvəzinə daha da intensivləşdirildi. Və bu, onu göstərir ki, prezident Donald Tramp sülhə cəhd edərkən, savaşın baş vermə təhlükəsi tamamilə realdır.
Məsələ ondadır ki, Ağ Ev sahibi Ukrayna savaşının dayandırılmasına paralel olaraq, İranın nüvə proqramının ləğv olunması ilə bağlı da siyasi-diplomatik prosesə start vermişdi. Ancaq prezident Donald Tramp bu müzakirə masasında da uğur qazana bilmədi. Əksinə, savaş ehtimalı olmayan situasyianı gərginləşdirdi və nəticədə indi Yaxın Şərqdə “qiyamət günü” ssenarisi yaşanır. Belə anlaşılır ki, prezident Donald Trampın siyasi-diplomatik fəaliyyəti sülh deyil, yalnız savaş törədir. Və ona görə də, Ağ Ev sahibinin bundan sonra sülhyaratma fəaliyyəti göstərməkdən imtina etməsi bütün dünya üçün daha faydalı ola bilər.
Maraqlıdır ki, indi Ağ Ev sahibi ABŞ və Çin arasında münasibətlərin normallaşdırılması üçün siyasi-diplomatik cəhdlər göstərməyə başlayıb. Halbuki, ABŞ-ın Çinə qarşı iqtisadi-ticari savaş açması da elə məhz prezident Donald Trampın ideyası idi. Ağ Ev sahibi Kanada və Qrenlandiyanı ABŞ-a birləşdirmək, Çinə və Avropa Birliyinə qarşı gömrük müharibəsinə başlamaq ideyasının şəriksiz müəllifidir. Və nəticəsi göz qabağındadır, dünya yeni qlobal böhrana doğru böyük sürətlə sürüklənir.
Son vaxtlar Tramp administrasiyası öz aqressiv və xaotik xarici siyasət kursu ilə ilk növbədə ABŞ-a ciddi problemlər yaratmağa başlayıb. Hətta Ağ Evin beynəlxalq nüfuzunun da ciddi şəkildə sarsıldığı da artıq inkaredilməz reallıqdır. Ona görə də, indi ABŞ-ın beynəlxalq iradəsi ilə bəzi rəqib dövlətlər hesablaşmağa o qədər də həvəs göstərmirlər. Və bu baxımdan, Çinin artıq ABŞ-ın nizamsız aqressiyasına müqavimət göstərməyə üstünlük verməsi qətiyyən gözlənilməz deyil.
Məsələ ondadır ki, Çinin dövlət lideri Si Tsinpin sosial şəbəkədə paylaşdığı açıqlama ilə ABŞ-a açıq-aşkar meydan oxuyub. Çin lideri ABŞ-ın müasir dünyanın imperiya xarakterli dövləti olduğuna eyham vurub. Eyni zamanda, Si Tsinpin bu imperyanın dağılmağa məhkum olduğunu da vurğulayaraq, müasir dünyanın ABŞ olmadan da yoluna davam edə biləcəyini qabardıb. O, xatırladıb ki, Böyük Britaniya imperiyası 100 il əvvəl dünya ticarətini idarə edirdi, qlobal sərvətin 20 faizindən çoxuna sahib idi və heç vaxt süquta uğramayacağına da əminiydi.
Digər tərəfdən, Çin lideri Fransanın təxminən 200 il əvvəl Avropa qitəsində dominant güc olduğunu, rəqiblərini qorxu içərisində saxladığını, İspaniyanın isə 400 il əvvəl Maniladan Meksikaya qədər uzanan ərazilərdə şəriksiz hökmranlıq etdiyini xatırladıb. Si Tsinpin onu da vurğulayıb ki, bəşəriyyəti özləri olmadan təsəvvür etməyən bütün bu imperiyaların hamısı süquta uğrayaraq dağılıblar, dünya xəritəsindən yoxa çıxıblar. Və o, bununla Ağ Evə mesaj verib ki, ABŞ da nə vaxtsa, mütləq dağılacaq, dünya isə öz tarixi yolçuluğuna davam edəcək.
Belə anlaşılır ki, rəsmi Pekin Ağ Evə ABŞ-ın gələcək taleyi ilə bağlı xəbərdarlıq mesajı göndərməyə ehtiyac duyub. Üstəlik, bu mesaj Çinin ABŞ-ın dünya hegemonluğuna can atması ilə barışmayacağına da üstüörtülü eyham sayıla bilər. Çin lideri heç kimin gözləmədiyi halda, belə sərt mesajlar verməsi qətiyyən boşuna deyil. Yəni, rəsmi Pekin siyasi polemika yaratmaq niyyətində deyil, sadəcə, Çinin qlobal iddialarını qabartmağa cəhd göstərir. Və Ağ Evə xəbərdarlıq edir ki, ABŞ dünyaya ağalıq etmək niyyətindən imtina etməzsə, bu istiqamətdə göstərdiyi cəhdlər onu süquta doğru sürükləyəcək.
Maraqlıdır ki, Çin lideri Si Tsinpinin bu xəbərdarlıq mesajı məhz Tramp administrasiyasının ABŞ-ı yenidən dünyanın ən güclü dövlətinə çevirmək cəhdləri göstərdiyi bir dönəmə təsadüf edir. Ona görə də, hesab etmək olar ki, rəsmi Pekin bununla Ağ Evə ABŞ-ın şəriksiz dünya ağalığı niyyətinin baş tutmayacağını anlatmağa çalışır. Və üstəlik, ABŞ-ın qarşısında Çinin sərt mövqeyinin olacağına eyham vurur.
Bütün bunlar onu göstərir ki, Tramp administrasiyası öz davamlı aqressiyası ilə adətən, qarşıdurmadan yan keçməyə hesablanmış xarici siyasət yürütməyə çalışan Çini də qıcıqlandırmağa başlayıb. Rəsmi Pekin indi artıq Ağ Evə açıq şəkildə müqavimət göstərmək qərarını birmənalı şəkildə qabardır. Yəni, rəsmi Pekin Ağ Evə demək istəyir ki, ABŞ dünyanın ağası deyil, Çin ona qarşı mübarizəyə artıq hazırdır. Və rəsmi Pekin həm də eyham vurur ki, əgər, ABŞ Çinlə qarşıdurmanı davam etdirsə, süquta uğrayaraq, siyasi xəritədən silinəcək.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
18 Iyun 2025
17 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ