İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ilki olan şirkət Azərbaycan üzərindən regiona açılım yolunda – İlk addımlar seçimin doğru olduğunu göstərir

Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan bərpa-yenidənqurma işləri bir çox xarici şirkətlərin ölkəmizdə fəaliyyətinin genişlənməsinə vəsilə olub. Belə şirkətlərdən biri də qardaş Türkiyənin keramika sənayesində özünəməxsus yeri olan Seranit Granit Seramik Sanayi və Ticaret A.Ş.-dir. Seranit-Azərbaycan və qardaş ölkənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Türkiyəyə reallaşan səfərimiz çərçivəsində görüşdüyümüz Seranit Granit Seramik Sanayi və Ticaret A.Ş.-nin İdarə Heyətinin üzvü Fatih Kıvancın sözlərinə görə, şirkət Türkiyədə yerli keramika-çini istehsalının əsasını qoyub.

Yüksək keyfiyyəti əsas hədəf alan şirkət bazar payını artırmaq üçün aqressiv siyasətə deyil, tədrici inkişafa üstünlük verir: “Bu ilin əvvəlindən səhmlərimizin İstanbul birjasında ticarəti başlanıb. Bu o deməkdir ki, indi biz 250 min şəxsin nəzarəti altındayıq. Bu, həm də 250 min şəxsin etimadını doğrultmaq məsuliyyəti deməkdir. Elə buna görə də keyfiyyət amilini birinci yerə qoymaqla, fəaliyyətimizi tədricən genişləndirmək yolunu tutmuşuq. İlk növbədə xarici bazarlara hədəflənmişik, xüsusilə Avropa, ABŞ bazarlarında iştirakımızı artırmağı nəzərdə tuturuq.

2016-cı ildən bəri tam təbii maddələrdən hazırlanmış tək parça duş kabinəsi istehsalına başlamışıq. Bu, dünyada tək bizdə istehsal olunan məhsuldur, patentləşdirmişik. Belə deyək də, daşı qırmadan büküb duş kabin ölçüsündə vahid şəklə salırıq: ayaq altında və divardakı hissələr yapışdırılma olmayıb, vahid daşdan hazırlanıb. Bu məhsulumuza tələbat getdikcə artır”.

SERAN.jpeg (423 KB)

Seranit ətraf mühitə təsirləri azaltmaq istiqamətində ciddi addımlar atır: “Son 5 ildə enerji istehlakımızı 40 faiz, qaz istehlakımızı 20-25 faiz azaltmışıq – daha müasir, daha qənaətcil texnologiyaların tətbiqi hesabına. Aİ ölkələrinə məhsul ixrac etmək üçün ətraf mühitə təsir, karbon emissiyaları və sair məsələlərlə bağlı tələblərə uyğunlaşılır: müəssisələrdə istifadə olunan elektrik enerjisinin 20 faizi bərpaolunan mənbələrdən əldə olunur. Bu həcmin 40 faizə çatdırılması üçün işlər görülür. Bundan əlavə, divarlara vurulan daşların(kafel – red.) qalınlığını keyfiyyətə heç bir mənfi təsiri olmadan 12,5 mm-dən 7 mm-ə qədər azaltmağa nail olmuşuq. Bütün bunlar təbiətdən alınan xammala qənaət, karbon emissiyasını azaltmaqla ətraf mühitə mənfi təsirlərin azaldılmasına yönəlib. Eyni zamanda hazırladığımız məhsulların maya dəyərinə, nəqliyyat xərclərinə azaldıcı təsir göstərməklə iqtisadi dalğalanmalardan minimum təsirlənməyə imkan yaradıb”.

Qeyd edək ki, Seranit Granit Seramik Sanayi və Ticaret A.Ş.-nin əsası 1992-ci ildə qoyulub, 1993-cü ildən istehsala başlayıb. İlk müəssisə Osmanlı dövlətinin əsasının qoyulduğu Biləcikdə - Birinci Sənaye Zonasında yaradılıb.

Seranit-in Biləcikdəki zavodunun direktoru Ercan Çəliyin verdiyi məlumata görə, müəssisənin ilkin mərhələdə istehsal gücü ildə 1 milyon m² olsa da, əlavə qoyuluşlar, müasir texnologiyaların tətbiqi nəticəsində bu göstərici 7 milyon m²-ə çatdırılıb. İlk vaxtlar istehsal 33x33 ölçülü keramika kafel-metlaxlarla başlayıb, daha sonra 60x60, 60x120, 90x90, 90x135-ə qədər çatdırılıb.

Seranit-Azərbaycan-ın rəhbəri Ufuk Polatın sözlərinə görə, dünyada hamam-tulaet, mətbəx keramika məhsulları istehsalında lider ölkələr İspaniya və İtaliyadır. Hazırda Seranit bu iki ölkədəki keyfiyyət parametrlərinə uyğun məhsul istehsal edir. Bu səbəbdən də Avropada onlarla ölkə şirkətin məhsullarını həvəslə alır: “Avropaya ixracımız sürətlə artır. Xaricə ixracımızın 25 faizi Avropaya reallaşır. Azərbaycanda da satışlarımız sürətlə artır. Ötən il Azərbaycanda 1,5 milyon m²  məhsul satmışıq. Bu, ona görədir ki, keyfiyyət parametrlərimiz Avropa İttifaqının ən sərt tələblərinə belə cavab verir. Hazırda 40-dan çox ölkədə 200-ə yaxın satış nöqtəmiz var. Bundan əlavə, Azərbaycanda böyük satış və logistik mərkəzimiz var. Burada həm topdan, həm də pərakəndə satış həyata keçiririk. Hədəfimiz Azərbaycanda fəaliyyətimizi genişləndirmək, oradan Rusiya, Özbəkistan bazarına irəliləməkdir”. 

SERA.jpeg (104 KB)

Ukrayna gili – dünyada əvəzolunmaz xammaldır

Ercan Çəlik onu da qeyd etdi ki, 2010-cu ildə Eskişehrdə - İnönüdə ikinci müəssisə açılıb: “Orada divar və yer örtüyü istehsal olunur. Onun da istehsal gücü 7 milyon m²-ə bərabərdir. Beləliklə, şirkətimizin ümumi istehsal gücü hazırda 14 milyon m²-dir. Xammalın bir hissəsi Türkiyədən əldə olunur, amma əsas hissələr Ukrayna, İspaniya və İtaliyadan gətirilir. Ukrayna gili dünyada keramika istehsalı üçün ən keyfiyyətli gildir, birinci yerdədir. Ağ, keyfiyyətli bir məhsul istehsal etmək istəyirsənsə, mütləq xammal Ukrayna gili olmalıdır. Biz də öz məhsullarımızın keyfiyyətinə çox önəm verdiyimiz üçün Ukrayna gilindən istifadə edirik. Ukrayna müharibəsi başlayanda ilyarım müddətində xammal təchizatında müəyyən çətinliklərimiz oldu, amma sonradan onları aradan qaldıra bildik.

Digər xammalları, avadanlıqları da ən keyfiyyətlilərindən alırıq. Məsələn, bizim sıxma avadanlığımızdan Türkiyədə heç bir müəssisədə yoxdur. Onu İtaliyadan almışıq, hansı ki, biz alan vaxt İtaliyanın özündə də ondan çox az müəssisə istifadə edirdi. Buna görə də Türkiyədə ən keyfiyyətli məhsulu istehsal etməyə müvəffəq olmuşuq. Bu səviyyəni saxlamaq üçün keyfiyyətə nəzarətin ən müasir üsullarından, ən yüksək dəqiqliyə malik avadanlıqlardan istifadə edirik”.

SERANİ.jpeg (253 KB)

U.Polatın verdiyi məlumata görə, keyfiyyətə nəzarət prosesinin xeyli hissəsi müasir avadanlıqların köməyi ilə avtomatlaşdırılıb: “İnsan gözündən qaça bilən ən xırda detalı belə tutmağa qadir olan avadanlıqlarla işləyirik. Keyfiyyətə nəzarəti hazır məhsuldan deyil, xammaldan başlayırıq, bütün istehsal zənciri boyu davam etdiririk. Ona görə də belə yüksək keyfiyyətli məhsul istehsal edə bilirik. Bu, bizim üçün ən vacib amildir, çünki alıcını cəlb etmək üçün ən böyük üstünlüyümüz məhsulumuzun keyfiyyətidir. Bizim məhsulların ömrü onilliklərlə ölçülür. Bunun nəticəsidir ki, mal satdığımız bir müştəri davamlı olaraq bizə qayıdır, satdığımız malların keyfiyyətinə bağlı hər hansı irad almırıq. Qətərdə futbol oynanılacaq stadionların tualet-hamamları, hərəkətli hissələri bizim məhsullarla örtülüb. Onlar alınacaq məhsula 10 illik zəmanət istəmişdilər, bunu yalnız biz verdik. Təsəvvür edin ki, qum fırtınalarının adi hal olduğu, bir gündə on minlərlə insanın ayaqladığı yerə məhsul verib, ona 10 illik zəmanət təqdim etmək nə deməkdir. Biz öz məhsulumuzun keyfiyyətinə əmin olduğumuz üçün bunu edə bildik”.

Keyfiyyətin öndə olması nə qazandırır?

U.Polat deyir ki, hazırlanan məhsulların dizaynını əsasən yerli mütəxəssislər hazırlayır: “Əvvəllər xarici mütəxəssislərdən istifadə edirdik, amma indi öz mütəxəssislərimizlə işləyirik. Onların bir çoxu elə öz şirkətimizin dəstəyi ilə universitetdən gəlib, xaricdə ixtisasartırma keçən şəxslərdir. 15 nəfərdən çox belə dizaynerimiz var. Onları aşkarlamaq üçün 20-dək universitetlə əməkdaşlıq edirik. Müəyyən kriteriyalar əsasında tələbələri seçir, müəssisədə təcrübəyə gətiririk, daha sonra ən yaxşılarını müəyyənləşdirib ixtisası üzrə daha dərin biliklərə sahib olması üçün xarici ölkələrə, əsasən İtaliya və İspaniyaya göndəririk. Bizim dizaynerlərimiz dünyada keramika sahəsində bütün yenilikləri yaxından izləyir, sərgilərdə iştirak edir, zərurət yarandıqda hansısa təcrübənin öyrənilməsi üçün kurslarda iştirak təklifi verirlər. Yəni bu sahədə ən qabaqcıl trendləri vaxtında öyrənməklə ona uyğunlaşmağa nail oluruq. Rahatlıqla deyə bilərik ki, biz indi həm də yeni trendlər yaradan bir şirkətə çevrilmişik”.

Müəssisədə ağır materialların daşınması, toz çıxaran avadanlıqlarla iş robotlara həvalə olunub. Ercan Çəlik vurğulayır ki, süni intellekt nə qədər inkişaf etsə də, insanı əvəz edə bilməz: “Məsələn, dizaynerlərimiz bir neçə trend dizayn formasını süni intellektə verərək, onlardan ümumi bir dizaynın hazırlanmasını istəyirlər. Süni intellektin verdiyi 10-15 nümunənin ən uyğun bilinənləri seçilir, onların əsasında dizaynerlərimiz konkret birini hazırlayırlar. Yəni süni intellekt bu prosesdə yardımçı olur, əsas iş yenə insandadır. Düşünürəm ki, digər sahələrdə də belədir, süni intellektin imkanları bir mərhələyə qədərdir, ondan sonra insanın rolu mütləqdir”.

Son illərdə Türkiyədə mövcud olan yüksək inflyasiya Sernait-in də fəaliyyətinə təsirsiz ötüşməyib. Bunu U.Polat deyir: “Bu, elə bir prosesdir ki, hamıya təsiri var. Xammal və sair şeylər bahalaşdı. Lakin biz bu prosesdən istehsal etdiyimiz məhsulun keyfiyyətini azaltmaqla deyil,  xərclərimizi qənaət yolu ilə azaltmaqla çıxdıq. Məsələn, günəş enerjisindən istifadəyə başladıq, enerji xərclərimizi 20 faiz azaltdıq. Elə oldu ki, müştəriyə bir qiymətə mal vəd etdik, qısa müddətdə onun maya dəyəri artdı, amma biz onu vəd etdiyimiz qiymətə təhvil verməyi üstün tutduq, nəinki qiyməti qaldırmağı”.

SERA SON.jpeg (273 KB)

Seranit Türkiyədə və dünyada ən böyük istehsal gücünə malik şirkətə çevrilməyi hədəfləmir: “Əsas məqsədimiz ən keyfiyyətli məhsul təqdim edən şirkət olmaqdır. Buna görə də istehsal gücümüz Türkiyə bazarı üçün böyük deyil. İstehsal gücü 50-100-200 milyon m² olan şirkətlər iqtisadi dalğalanmalardan daha çox təsirlənir. Biz keyfiyyəti hədəflədiyimiz üçün iqtisadi vəziyyətin hər halında belə mallara tələbat olur”.

Maraqlıdır ki, mərmər istehsalı təbiətə çox zərər vurur, üstəlik mərmərin ömrü daha qısadır, çünki suya davamlılığı yüksək deyil: “Bizim məhsulumuz sünidir, amma suya daha davamlıdır, onilliklər boyu keyfiyyətində hər hansı dəyişiklik baş vermir. Eyni zamanda istifadə etdiyimiz xammalların ekoloji baxımdan təmizliyi təmin olunduğuna görə çox gigiyenikdir, çünki üzərinə çirk toplamır, təmizlənməsi çox asandır. Bu isə həm alıcıların xərclərini azaldır, həm də təbiətə daha az zərər vurulmasına səbəb olur”.

Azərbaycanla bağlı planlar

F.Kıvanc bildirir ki, Azərbaycanın onlar üçün önəmi getdikcə artır: “Sinpaş Holdinq-ə daxil olan Vanucci şirkətinin təmsilçiləri ilə Daşkəsən dəmir filizi mədənlərinə baxış keçirmişik. Oranın təbiəti çox gözəldir yeri gəlmişkən. Biz özümüzü Azərbaycanın bir parçası hesab edirik. Ona görə də regiona açılımı Azərbaycan üzərindən reallaşdırmaq niyyətindəyik. Çox sevinirik ki, Azərbaycanda satdığımız məhsulların çoxu işğaldan azad olunmuş Qarabağda istifadə olunur. Qardaş ölkənin ərazilərinin bərpasına töhfə vermək bizi çox məmnun edir”.

U.Polatın sözlərinə görə, Azərbaycanla bağlı əsas hədəf Bakıda mağaza sayını artırmaqdır: “Gəncə bazarını araşdırdıq. Hələlik Bakıya fokuslanmaq qərarına gəlmişik. İnşallah, tezliklə Bakıda yeni mağazalarımızı açmağı düşünürük”.

F.Kıvancın dediyinə görə, şirkət Azərbaycandan Türkiyəyə təhsil almağa gələn 25-30 tələbəyə staj keçmək şansı yaradıb, həmçinin onlara burs verir.

U.Polatın sözlərinə görə, Azərbaycanda memarlar və ustalarla iş gücləndirilir: “Memarlarla əməkdaşlıqlar qurmuşuq. İndi diqqəti ustalarla işə yönəldirik. Çünki nə qədər keyfiyyətli məhsul olsa da, onu vuran ustanın bacarıqları bu keyfiyyətin üzə çıxmasında, yaxud çıxmamasında mühüm rol oynayır. Bu səbəbdən də yaxın vaxtlarda həm təcrübəli Türkiyə memarlarının Azərbaycanın müvafiq universitetlərində mühazirələrini, həm də məhsulumuzu alan şirkətlərin ustaları üçün təlimlər təşkil edəcəyik.  Yeri gəlmişkən bildirim ki, Azərbaycanda alıcıların zövqləri, tələbləri Avropadakından demək olar ki, fərqlənmir. Ümumiyyətlə, əvvəllər Şərq və Qərb zövqü anlayışı vardı, indi bu fərq demək olar ki, tamamən aradan qalxıb. Bütün dünyada eyni trendlər, eyni tələblər var. Məsələn, əvvəllər çoxları parlaq mallara üstünlük verirdisə, indi hamı mata yönəlib. Azərbaycanda da mat məhsullara tələb daha yüksəkdir. Məsələn, ən çox satılan 60x120 ölçülü məhsullarımızın 60 faizi matdır”.

Dünya SAKİT,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR