Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Rusiya 382 milyon dollar dəyərində halal məhsul ixrac edib.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, məlumatı kənd təsərrüfatı nazirinin birinci müavini Yelena Fastova "Rusiya - İslam Dünyası: KazanForum" 16-cı Beynəlxalq İqtisadi Forumunda açıqlayıb.
Onun sözlərinə görə, bu, əvvəlki ilin göstəricisindən 1,8 dəfə çoxdur.
Rusiyadan halal sertifikatı ilə mal alan əsas ölkələr Səudiyyə Ərəbistanı, BƏƏ və İrandır:
"Biz halal məhsulların Əlcəzair, Küveyt, İordaniya və Misirə ixracını da inkişaf etdiririk".
Fastovanın dediyinə görə, 2024-cü ildə Səudiyyə Ərəbistanına halal məhsul ixracı 2023-cü ildəki 127 milyon dollara qarşı 243 milyon dollar, İrana 42,5 milyon dollara qarşı 62,5 milyon dollar, BƏƏ-yə 16,8 milyon dollar qarşı 31,2 milyon dollar, Küveytə 2,5 milyon dollara qarşı 6,3 milyon dollar təşkil edib.
Təchizat strukturunda quşçuluq məhsulları üstünlük təşkil edir - 2023-cü ildəki 105 milyon dollara qarşı 211 milyon dollar. Mal əti 41 milyon dollara qarşı 74 milyon dollar, quzu əti 36 milyon dollara qarşı 41 milyon dollar, hazır məhsul 9 milyon dollara qarşı 13 milyon dollar təşkil edib.
Fastova bildirib ki, hazırda Rusiyada halal məhsulların sertifikatlaşdırılması üzrə 6 qurum fəaliyyət göstərir:
"Biz həmçinin taxıl və süd məhsulları kimi məhsulların ixracını inkişaf etdirməyə hazırıq. Hazırda yem bitkilərinin, akvakulturanın, baytarlıq preparatlarının ixracını fəal şəkildə müzakirə edirik. Kənd Təsərrüfatı Nazirliyi ixracatçı şirkətlərlə beynəlxalq tərəfdaşlar arasında əlaqəni səmərəli təşkil etməyə hazırdır".
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ