Onlayn ictimai-siyasi qəzet
Moskva Şəhər Məhkəməsi Rusiya Ədliyyə Nazirliyinin tələbi ilə “Moskva Şəhərində Özbək Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatını ləğv edib.
Musavat.com TASS-a istinadən xəbər verir ki, məhkəmə “Moskva şəhərində Özbək Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının ləğvi və hüquqi şəxslərin vahid dövlət reyestrindən çıxarılması barədə qərar qəbul edib.
Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinə əsasən, “Moskva şəhərində Özbək Milli Mədəni Muxtariyyəti” 2015-ci ildə dövlət qeydiyyatına alınıb.
Rusiya Ədliyyə Nazirliyi iddiasını onunla əsaslandırıb ki, qurum təsis sənədlərində göstərilən ünvanda yerləşmir və onun faktiki yerini müəyyən etmək mümkün deyil. Həmçinin iddia olunur ki, təşkilatın nizamnaməsində qanuna zidd olan müddəalar var:
“Moskva şəhərindəki Özbək Milli-Mədəni Muxtariyyəti” Ədliyyə Nazirliyinə öz fəaliyyəti haqqında hesabatları, habelə onun rəhbər orqanlarının şəxsi heyəti haqqında məlumatları, vəsaitlərin xərclənməsi və əmlakından istifadəyə dair sənədləri təqdim etmir. Eyni zamanda, qeyd olunan sənədlərin təqdim edilməsinin zəruriliyi ilə bağlı idarə tərəfindən dəfələrlə xəbərdarlıqlar göndərilsə də, yerinə yetirilməyib. Bu səbəbdən Ədliyyə Nazirliyi bu qurumun ləğvi üçün Moskva Şəhər Məhkəməsinə inzibati iddia qaldırıb”.
“Moskva şəhərindəki Özbək Milli-Mədəni Muxtariyyəti”nin saytında verilən məlumata görə, təşkilatın məqsədləri Rusiyada özbəklərin milli adət-ənənələrini qorumaq, Rusiyadakı əmək miqrantlarının sosial-mədəni adaptasiyasını təşviq etmək, bütün millətlərdən olan Rusiya vətəndaşlarının özbəklərin mədəni irsinə çıxışını asanlaşdırmaq və ekstremizmin qarşısını almaqdır.
Qeyd edək ki, son illərdə Rusiyada digər millətlərə qarşı sıxışdırılma siyasəti güclənib. Ölkə hakimiyyəti xüsusilə postsovet məkanından gələn insanlara yalnız ucuz işçi qüvvəsi kimi yanaşır, onların öz mədəni-tarixi və milli ənənələrini saxlamasının qarşısını almağa çalışır.
Musavat.com
08 May 2025
07 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ