İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya narahatdır, Qafqaz birləşir: Ankara sammiti tarixi dönüm nöqtəsi ola bilər

Məlum olduğu kimi Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli sammiti keçiriləcək. Gürcüstan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib ki, tərəflər strateji tərəfdaşlıq məsələlərini və müdafiə əməkdaşlığının inkişaf planlarını müzakirə edəcəklər. Görüşün yekununda birgə bəyannamə imzalanacaq və nazirlər bəyanatla çıxış edəcəklər. Növbəti sammitin 2026-cı ildə Azərbaycanda keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, bir il əvvəl də bu üç ölkə müdafiə sahəsində üçtərəfli memorandum imzalamışdı. Yeni görüş həmin əməkdaşlıq xəttinin məntiqi davamı hesab olunur.

Rus analitiklər isə Ankarada keçiriləcək sammitdən ciddi narahatlıq ifadə edirlər. Məsələn, analitik Aleksey Burenkov vurğulayır ki, “Türkiyə Qafqazda yalnız Gürcüstanı deyil, bütün regionu öz nəzarəti altına almağa çalışır ki, bu da Rusiyanın həyati maraqlarına təhdiddir”. Onun fikrincə, bu sammit “Türk dünyasının vahid təhlükəsizlik sisteminə çevrilməsi” prosesini sürətləndirir.

Burenkovun iddiasına görə, Gürcüstan ordusu artıq NATO standartlarına keçib və ABŞ ilə Türkiyənin rəhbərliyi altında hərbi təlimləri intensivləşdirib. Xüsusilə “Agile Spirit 2025” adlı çoxmillətli manevrlər Gürcüstan ərazisində keçirilib. Analitik bunu “Qərbin Qafqaz planının açıq fazası” adlandırır və qeyd edir ki, “Türkiyə həm NATO-nun cənub cinahını qoruyur, həm də Qafqazda Qərbin əsas avanqardına çevrilir”.

Ankaradakı üçtərəfli sammit Qafqazda təhlükəsizlik balansını necə dəyişə bilər? Azərbaycan üçün bu sammitin 2026-cı ildə ev sahibliyi strateji üstünlük təmin edirmi, yoxsa risklər daha çoxdur?

Musavat.com-a danışan siyasi şərhçi Heydər Oğuz Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin birgə hərbi-strateji əməkdaşlıqlar qurmasını və onu inkişaf etdirməsini olduqca vacib addım kimi qiymətləndirir: “Çünki hər üç ölkə yaxın qonşudurlar və hər üçünün ortaq düşmənləri vardır. Sözsüz ki, ortaq düşmənə qarşı qonşu dövlətlərinin birlikdə hərəkət etməsindən təbii heç nə ola bilməz. Ortaq müdafiə sistemini qurmaq üçün isə hərb nazirlikləri görüşməli, birgə fəaliyyət proqramı hazırlamalı və həyata keçirməlidir”.

Rus rəsmilərinin bu addımdan xoflanmasını da təbii sayan Heydər Oğuzun fikrincə, Moskvanı ehtiyatlandıran əsas məsələ hər üç ölkənin Rusiya ilə həmsərhəd olmasıdır: “Sirr deyil ki, söhbət bir neçə dövlətin ortaq düşmənindən gedirsə, deməli, həmin düşmən fəaliyyətini bütövləşdirən tərəflə həmsərhəddir. Zira adətən, düşmənlər istənilən ölkənin qonşuluğunda yerləşir, müxtəlif səbəblərdən öz qonşusuna qarşı cəbhələrdə yer alırlar. Haqqında danışdığımız ölkələrin isə yalnız bir böyük dövlətlə sərhədləri bulunur – Rusiya ilə. Üstəlik, Rusiya bu ölkələrin 3-nə qarşı da zaman-zaman irticaçı mövqedən çıxış edir, onların milli maraqlarını təhdid altında saxlayır. Türkiyə ilə Qara dəniz, Xəzər, Qafqaz və Yaxın Şərq coğrafiyasında amansız rəqabətdədir. Zaman-zaman bu rəqabət qanlı çarpışmalara belə çevrilir. Gürcüstanla Rusiya arasında da ciddi problemlər var. Faktiki olaraq Gürcüstanın iki vilayəti – Cənubi Osetiya və Abxaziya rus imperialist qüvvələrinin təşviqi ilə işğal olunub. Azərbaycanla Rusiya arasında da münasibətlər arzuolunan səviyyədə deyil. Region ölkələrinə yönələn bu təhdidlər istər-istəməz onları bir araya gətirir və ortaq hərbi strategiyalar hazırlamağa vadar edir. Rus rəsmiləri bu 3 dövlətin birgə hərbi strategiyalarından qorxuya düşürsə, zəhmət çəkib öz təhdidkar ritorikalarından vaz keçməli, mehriban qonşuluq siyasəti yürütməlidir. Əks təqdirdə, qonşularının ona qarşı ortaq müdafiə xəttinə keçməsini təəccüblə qarşılamamalıdır.

Gürcüstan, Türkiyə və Azərbaycan hərbi idarələrinin birgə fəaliyyətini adı qoyulmamış Qafqaz alyansı adlandıran Heydər Oğuzun fikrincə, bu 3 qonşu ölkənin vahid hərbi strategiyalar hazırlaması və eyni mövqedən çıxış etməsi hərbi ittifaq quruculuğu yolunda atdıqları ilk və kövrək addımlardandır: “Adətən bütün hərbi ittifaqlar bu cür ilk addımlardan başlayır və getdikcə böyüyür. Zənnimcə, şərti olaraq “Qafqaz alyansı” adlandırdığım bu birlikdəliyin də böyümə ehtimalı var. Söhbət Qafqaz alyansının Mərkəzi Asiya xətti ilə birləşməsi perspektivindən gedir. Xatırlayırsınızsa, bir həftə əvvəl Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları zirvə Görüşündə Prezident İlham Əliyev də bunun ilk siqnallarını verdi və fikrini təhlükəsizlik zərurəti ilə izah etdi. Bildirdi ki, təhlükəsizliyi təmin etmədən inkişaf da mümkün deyil: “Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir” (Sitat Prezident İlham Əliyevdəndir - Musavat).

O, həmçinin Türk dövlət başçılarını gələn il Azərbaycanda birgə hərbi təlimlər keçirməyə çağırdı. Bu fakt onu göstərir ki, ən azı rəsmi Bakı bəzən adına “Türk NATO-su” da deyilən hərbi alyans qurulmasında maraqlıdır. Digər Türk dövlətləri də buna etiraz etmədilər və görünür, onlar da bu təşəbbüsə qoşulacaqlar”.

Heydər Oğuz xatırlatdı ki, Azərbaycanın qitə hissəsinin Türkiyə ilə birbaşa sərhədləri yoxdur və bu bağlantı ya Ermənistan, ya da Gürcüstan üzərindən qurula bilər: “Məsələyə bu aspektdən yanaşanda potensial “Qafqaz alyansı”nda Gürcüstanın yer almasının mühüm səbəblərindən biri də ortaya çıxır”.

Rus analitiki Aleksey Burenkovun Gürcüstanın NATO standartlarına uyğun silahlanmasını, ABŞ və Türkiyənin rəhbərliyi altında hərbi təlimləri intensivləşdirməsi barədə fikirlərinə də münasibət bildirən Heydər Oğuz şimal qonşularımızın məntiqini anlamaqda çətinlik çəkdiyini vurğuladı: “Təsəvvür edin, Burenkov Gürcüstanın “Agile Spirit 2025” adlı çoxmillətli manevrlərə qatılmasını bir növ pisləyir. Halbuki, Gürcüstanın bu addımını pisləməkdənsə, onun niyə həmin hərbi təlimlərdə yer aldığının səbəbini anlamaq lazımdır. Məlumdur ki, “Agile Spirit” adlı hərbi təlimlər 2011-ci ildən keçirilir. Bu o zaman idi ki, Rusiya Gürcüstanın iki mühüm ərazisini işğal etmiş və qonşu dövlətin bu torpaqları qurtarmaq ehtiyacı yaranmışdı. Məhz belə bir zamanda NATO özünün Şərqi Avropalı müttəfiqləri ilə “Agile Spirit” təlimləri keçirməyə başlamışdı. Gürcüstan, ABŞ, Türkiyə, Almaniya, İtaliya, Yunanıstan, Moldova, Rumıniya, Bolqarıstan, Slovakiya, Litva, Ukrayna və Polşa kimi ölkələrin iştirak etdiyi həmin təlimlər 2011-ci ildən 2018-ci ilə ildə bir dəfə keçirilirdi. 2019-cu ildən isə 2 ildən bir keçirilməyə qərar verildi. Məqsəd isə təbii ki, Qərbə yaxınlaşma xəttini tutan Gürcüstan, Ukrayna və Moldova kimi ölkələri rus təcavüzündən qorumaq, digər NATO ölkələrini də bu mübarizəyə cəlb etmək idi. Rusiya bundan narahatdırsa, onda öz səhvini düzəltməli, Gürcüstanın ərazilərini xoşluqla özünə qaytarmalıdır. Əks halda Gürcüstan münasib fürsət yaxalayan kimi bunu öz gücüylə həyata keçirməli olacaq. Necə ki, 2020-ci ilin payızında Azərbaycan belə etmişdi. Təbii ki, öz ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə real müttəfiqləri də yanlız buraxmayacaq”.

 

Xalidə GƏRAY
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2025

14 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR