İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya sönməkdə olan ulduzdur - Ukraynanın NATO üzvü olduğunu demək mümkündür

Avqustun 18-də Amerika prezidenti Donald Trampla Ukraynanın dövlət başçısı Vladimir Zelenski, eləcə də, Avropa liderləri arasında keçirilən görüşün bəzi detalları üzə çıxmaqdadır. Belə anlaşılır ki, Ukrayna ərazilərinin bir hissəsini Rusiyaya verməklə təhlükəsizlik qarantiyası əldə edəcək.

Görüş barədə siyasi şərhçi Heydər Oğuz Musavat.com-a diqqətkçəkən fikirlər söyləyib:

f5ce6e2915e7ae1d337069f920b9ef3e.jpg (101 KB)

“Deyə bilərsiniz ki, 5 dekabr 1994-cü il tarixində keçirilən Budapeşt zirvəsində Ukraynaya verilən təhlükəsizlik təminatı işə yaramadı. Kim zəmanət verə bilər ki, bu dəfəki təhlükəsizlik təminatı eyni aqibəti doğurmasın?

Məsələ burasındadır ki, Ukraynanın əldə etdiyi son təhlükəsizlik təminatı sadəcə quru vədlərə əsaslanmayacaq. Bu dəfə Ukrayna öz təhlükəsizlik təminatını özü formalaşdıracaq. İlk növbədə, milli ordusunu gücləndirəcək, ABŞ və Amerika isə ona hərbi yardımlar edərək çəkindirmə gücünü artıracaq. Qeyd edim ki, Ukraynanın hərbi qüdrətini artıracaq ilk yardımlar artıq gəlməyə başlayıb. ABŞ-ın ona 90 milyard dollarlıq silah göndərmə qərarı aldığı bildirilir. Almaniya, Fransa, Böyük Britaniyanın da eyni addımı atacağı gözlənilir.

Digər tərəfdən, Ukraynaya hərbi təcavüzə məruz qalacağı təqdirdə ABŞ və Avropa ölkələri NATO Nizamnaməsinin 5-ci maddəsinə uyğun şəkildə onun müdafiəsində birbaşa iştirak edəcəklər.

Açığı, bu təkliflər Ukraynanın faktiki olaraq NATO üzvlüyünə alınması deməkdir. Ukrayna savaşının çıxma səbəblərindən ən önəmlisi olan bu prinsipin qəbul edilməsi Zelenskinin bəlkə də ən böyük uğurlarından sayıla bilər. Adı qoyulmasa belə, Ukraynanın artıq NATO üzvü olduğunu demək mümkündür.

Tramp sülh variantı məhz bu xüsusiyyətləri ilə Ukrayna savaşının yenicə başladığı dövrlərdə İstanbulda irəli sürülən təkliflərdən xeyli fərqlənir. İstanbul variantında bəlkə indikindən daha çox Ukraynanın əlində qalacaqdı. Amma Ukrayna öz ordusunun böyük qismini buraxacaq və qalanını modernləşdirə bilməyəcəkdi. Faktiki olaraq ordusuz qalan Ukrayna bir müddətdən sonra yenidən rus təcavüzü ilə üzləşəcək və bəlkə də öz mövcudluğunu belə itirəcəkdi. İndiki variantda isə mövcudluq və təhlükəsizlik problemləri tamamilə ortadan qalxır, Rusiya öz sərhədləri yaxınlığında NATO standartları ilə silahlanmış orduyla qarşı-qarşıya qalır. Bütün bunlar Rusiyanın ən önəmli “qırmızı cizgiləri”nin də silinməsi anlamına gəlir.

Təbii ki, Vaşinqtonda Avropa ölkələri liderlərinin iştirakı ilə əldə edilən bu razılaşmaların taleyi bir neçə gündən və ya həftədən sonra başlanması gözlənilən Rusiya-Ukrayna-ABŞ prezidentlərinin 3 tərəfli görüşündə məlum olacaq. İnanıram ki, Putin də bu şərtlərlə razılaşacaq və çoxdan arzuladığı müharibədən üzüsulu çıxmaq fürsətindən yararlanmağa çalışacaq. Başqa sözlə desək, Putin abisinin ona hədiyyə etdiyi ayı kuklası ilə oynaya-oynaya, rus xalqına söylədiyi uğur nağılları ilə başınını qatacaq.
Məncə, çox pessimist olmağa dəyməz. Bütün hallarda Rusiya sönməkdə olan ulduzdur və onun tamamilə yoxoluşu hər birimizin fədakarlığından asılıdır”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR