Onlayn ictimai-siyasi qəzet
Kamçatka sahillərində güclü zəlzələ baş verib. Yerli vaxtla saat 22:35-də qeydə alınan yeraltı təkanların maqnitudası 6,4 bal təşkil edib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, Petropavlovsk-Kamçatski şəhərində yeraltı təkanlar 3 bal gücündə hiss olunub.
Məlumata görə, zəlzələnin episentri region paytaxtından 213 km aralıda, Sakit okean akvatoriyasında, təxminən 39 kilometr dərinlikdə yerləşib.
Əsas zəlzələdən sonra artçı təkanlar da qeydə alınıb. Cəmi 20 dəqiqə ərzində maqnitudası 4,8 ilə 5,7 arasında dəyişən daha dörd zəlzələ baş verib.
Qeyd edək ki, iyulun 30-da Kamçatka sahillərində son onilliklərin ən güclü zəlzələsi baş verib. Həmin zəlzələnin maqnitudası 8,8 bal olmuşdu və bu, 1952-ci ildən bəri bölgədə qeydə alınan ən güclü yeraltı təkan hesab olunur.
Zəlzələ Kamçatkada bir sıra vulkanların aktivləşməsinə səbəb olub. Onların arasında Avrasiyanın ən yüksək vulkanı sayılan Klyuçevskoy da var. Alimlərin proqnozuna görə, yaxın günlərdə vulkanın kül emissiyaları 12 kilometr hündürlüyə çata bilər.
Klyuçevskoy vulkanına yaxın yerləşən Klyuçi kəndində artıq havada vulkanik kül müşahidə edilib. Ust-Kamçatski rayonunun rəhbərliyi əhalini çox zəruri olmadıqca küçəyə çıxmamağa çağırıb.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ