Onlayn ictimai-siyasi qəzet
"Rosselxoznadzor" iyunun 16-dan Ermənistan ərazisi ilə üçüncü ölkələrdən güllərin idxalını qadağan edəcək.
Musavat.com xidmətin saytında yerləşdirilən açıqlamaya istinadən xəbər verir ki, buna səbəb gətirilən güllərdə karantin obyektlərinin aşkarlanması hallarının artmasıdır.
Bildirilir ki, indiyədək dəfələrlə Ermənistanın müvafiq qurumuna xəbərdarlıq edilib, lakin ölkə üzərindən Rusiyaya ixrac olunan güllərlə bağlı zəruri nəzarət tədbirləri gücləndirilməyib. Nəticədə gətirilən güllərdə getdikcə daha çox karantin obyektlərinin aşkarlanması halı qeydə alınır:
"Zəruri cavab tədbirləri görülmədikdə və karantin obyektlərinin davamlı aşkarlanması halında "Rosselxoznadzor" 2025-ci il iyunun 16-dan etibarən üçüncü ölkələrdən Ermənistanın fitosanitar sertifikatları ilə müşayiət olunan gül məhsullarının Rusiyaya idxalına müvəqqəti məhdudiyyətlər tətbiq etməyə məcbur olacaq".
"Rosselxoznadzor"un məlumatına görə, 2025-ci ildə Ermənistandan kəsilmiş güllərin idxalı kəskin artıb: bu günə kimi 52 milyon ədəd gül yoxlanılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 49,7 faiz çoxdur. O zaman bu göstərici 34,7 milyon ədəd təşkil etmişdi. Nəticədə 13 dəfə qərb çiçək tripsi (Frankliniella occidentalis Pergande) yoluxma halı aşkar edilib:
"Bundan əlavə, digər növ bitkiçilik məhsullarında karantin obyektlərinin aşkarlanması ilə bağlı dəfələrlə hallar baş verib ki, bu da Ermənistan tərəfindən ixrac olunan məhsullara nəzarətin səmərəsiz sistemindən xəbər verir".
Qeyd edək ki, Rusiya Avropa İttifaqı ölkələrindən gül idxalını qadağan etdikdən sonra ermənilər digər qadağan olunmuş mallar kimi, güllərin də öz ərazilərindən Rusiyaya ixracına başlayıblar. Son iki ildə güllərin Avropadan alınaraq Rusiyaya ixracı geniş vüsət alıb.
Musavat.com
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ