İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın “pomidor diplomatiyası” Bakı bazarlarında ajiotaj yaradıb – Reportaj

Rusiyanın “pomidor diplomatiyası” bu dəfə Azərbaycanda bostanlara girib, nəticəsini isə indi Bakının bazarlarında görmək olur. Ən çox da xalq arasında “Vosmoy” kimi tanınan 8-ci kilometr bazarında…

Burada pomidor elə bolluq yaradıb ki, qiymətlər sözün əsl mənasında yerə enib – kilosu 50 qəpiyə pomidorlar var, yeşiklə alanda isə 40 qəpiyə qədər ucuzlaşır.

 8c7aa790-6bce-4de2-99b0-72c86ce7d2c0.jpeg (1.14 MB)

Xaçmazdan Şəmkirə, Qazaxdan bəri hər bölgənin öz pomidoru var. Biri nazik qabıqlı, süfrəlik, digəri qalın dərili, qışa konserv üçün…

Amma diqqətçəkən odur ki, bu bolluq yalnız yay mövsümünün hədiyyəsi deyil. Azərbaycanın pomidorunun taleyi Kreml kabinetlərindəki qərarlardan keçir. Yəni Rusiya limanlarını bağladı, oldu “pomidor fəlakəti”; qapıları açdı, oldu “pomidor bayramı”.

Satıcılar isə vəziyyətdən razıdır, amma diplomatik səbəblərə ironiyasını da gizlətmirlər.

 36d76a7f-a94c-4725-af42-b39b19b6dbdf.jpeg (1.57 MB)

Bir satıcı əlindəki yeşiyi göstərib deyir:

— Vallah, bu Xaçmaz pomidoru “viza” gözləmir. Hər il vaxtı gələndə yetişir, biz də gətirib satırıq. Düzdür, indi pomidora pasportu Putin verir, istəyəndə də alır. İndi alıb, pomidor da bizə qalıb.

Ona görə də qiymət ucuzdur. Amma bilirsiz, ruslar birdən desələr ki, “pomidor gətirməyin”, bax onda nə qiymət qalacaq, nə də bu bolluq…

 48d3437a-982b-4987-bc12-f260f62f76e0.jpeg (1.42 MB)

Alıcılar da fürsəti əldən vermir. Bir qadın, yeşiyi maşına yükləyərkən gülə-gülə deyir:

— Rusiyanın siyasəti mənim süfrəmi ucuzlaşdırıbsa, sağ olsunlar. İndi bu qədər pomidoru alıram, yarısı salat, yarısı “tursu” olacaq. Qışda yeyəndə yadımıza salarıq ki, bu qapaqlar bir az da Putin sayəsində bağlanıb.

Bazarda növlərin “diplomatik statusu” da maraqlıdır. “Sultan” pomidoru – nazik qabıqlı, incə, bir az aristokrat görkəmli…

“Ketan” pomidoru – qalın dərili, konserv üçün əsl “təhlükəsizlik xidməti” kimi möhkəm. Bir də var “Pink Champion” – adı ingiliscə, özü Qazaxdan, bahalı, iri, çəhrayı və dadlı.

0e95c3f1-8746-476d-b502-63fd65d34ad6.jpeg (1.43 MB)

Satıcı deyir:

- Bu “çempion”u Rusiya alsa, bizdə qalmaz. İndi azdır, ona görə qiyməti də yüksəkdir. Şəmkir pomidorları isə kiçik ölçüsü və eyni boyda olması ilə alıcıların sevimlisidir.

Marinad üçün ideal hesab olunur. Bir satıcı gülə-gülə deyir:

— Biz bunları yeşikdə nizami qoşun kimi düzürük. Qapıda gömrük yox, bazarda müştəri gözləyir.

Beləliklə, bazarda həm bolluq, həm də “pomidor diplomatiyası”nın xırda yumorları dolaşır. Rusiyanın ticarət siyasəti ilə Bakı bazarındakı qiymətlər arasındakı əlaqə isə indi hər kəsə bəllidir. Yəni Kremldə verilən qərarlar Azərbaycanda şuma düşüb, bostanlara girir - pomidor ya bahalaşır, ya da o qədər ucuzlaşır ki, “yeşik-yeşik” evlərə daşınır.

Mənzər Novruzlu,
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2025

13 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR