Onlayn ictimai-siyasi qəzet
Avtobusda, metroda və hərdən də həyət-bacada gənc analar uşaqları ilə rus diliundə danışırlar. Əlbəttə, indi bu, sovetin dövründə olduğu səviyyədə deyil, amma hissolunacaq, nəzərəçarpacaq dərəcədədir.
Doğrusu, indiki, xüsusən də gənc ailələrin rus dilinə marağının motivləri mənə tam aydın deyil, axı hazırda rus dili nəinki özünün əvvəlki siyasi-ictimai funksiyasını, hətta mədəni missiyasını da itirib - bu, daha dünya mədəniyyətinə və elminə çıxış deyil.
Amma arabir eşidirik ki, guya valideynlər rusdilli məktəblərdə təhsilin daha mükəmməl olduğunu düşünürlər.
Belədirmi? İndini bilmirəm, amma bu sətirlərin müəllifi hələ sovetin vaxtında bir ara rusdilli məktəblərin birində, daha sonrasa, müstəqilliyin ilk illərində bir müddət ali məktəblərin birinin rus bölməsində çalışıbdır. Odur, deməzdim ki, guya rusdilli məktəblərin şagirdlərinin səviyyəsi çox yüksək idi, yox, hətta azərbaycandilli rayon məktəblərində şagirdlərin biliyi, xüsusən dəqiq, təbiət elmləri sahəsində daha üstün idi. Rusdilli məktəblərdə şagirdlərin ümumi dünyagörüşü daha geniş olurdu. Üstəlik, o vaxtlar rus dilində təhsil uşaqlara bütün SSRİ məkanında daha sərbəst davranmaq və təhsil almaq imkanları verirdi.
Azərbaycandilli şagirdlər bu sarıdan çətinlik çəkirdilər, hətta müəyyən psixoloji problemlər də yaşayırdılar bununla bağlı.
Bütün bunlar indi artıq arxada qalıb. Gəl, Azərbaycanda bu dilə maraq getdikcə artmaqda davam edir, hər halda, zəifləmir.
Hətta işə düzəlmək istəyən gənclərdən ingilis, alman, fransız və qeyri-dillərin əvəzinə rus dilini bilib-bilməməsi soruşulur və əlbəttə, bu, heç bir məntiqə sığmır.
Deyirlər ki, Rusiya böyük qonşumuzdur, uşaqların bu dili bilməsi yaxşı haldır. Olsun! Amma digər qonşumuz - İran da balaca dövlət deyil. İndi nə edək, durub uşaqlarımıza fars dili də öyrədək?..
Belə ehtimal var ki, rus dilinə marağın artmasının bir səbəbi də budur ki, məsələn, Gürcüstandan fərqli, Qərb dünyası, xüsusən də Avropa ölkələri ilə dərinləşmiş münasibətlərə getmədik, “siyasi rəqqas” bir qədər Rusiyaya tərəf əyildi.
Amma bir - il yarım əvvəl maraqlı statistika sataşdı gözümüzə. Söhbət Cənubi Qafqaz ölkələrində ingilis dilinin harada və necə yayılmasından gedirdi. Şəxsən düşünürdüm ki, ingilis dili Gürcüstanda daha çox yayılıbdır, amma məlum oldu ki, bu dil Ermənistanda daha populyardır - bəli, o ölkədə ki, Rusiyayla daha sıx təmasdadı və yalnız indi Moskvadan bir az aralanmağa cəhd edir. Deyilənə görə, Ermənistanın içində də rus dilinin şəbəkəsi elə də böyük deyil, məsələn, rusdilli məktəblər elə də çox yayılmayıb...
Oxucu soruşa bilər ki, bunlara nədən toxunduq? Doğrusu, Rusiyada azərbaycanlılara qarşı baş verən son insidentdən sonra bizim bu ölkəyə necə təzyiq edə biləcəyimiz haqda müzakirələr başladı televiziyalarda. İlk yada düşən də rusdilli məktəblər-filan oldu.
Əlbəttə ki, heç bir halda məsələni belə qoymaq olmaz: ruslar və rusdillilər bizim vətəndaşlarımızdır və onlara qarşı nəinki təzyiqdən, heç bir ögey münasibətdən söhbət gedə bilməz.
Amma nəticələr çıxarmaq lazımdır. Rusdilli məktəblərdə Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyətinin tədrisinə diqqəti artırmalıyıq, çünki bizə rus dilini bilən, amma vətənpərvər gənclər lazımdır. Məncə, rus dilini bilmək bir şeydir, rusdilli olmaq başqa. Gənclərimiz rus dilini bilsin, amma öz dillərini və mədəniyyətlərini də bilib sevsinlər. Klassik anlamda “rusdilli” keçmişdir, imperiyanın qalığıdır.
Həm də dünya təhsil sisteminə, şəbəkəsinə inteqrasiya etməkdə, bundan yararlanmaqda valideynlərə yardımçı olmalıdır dövlət.
Bəzən deyirlər ki, guya Qərbdə təhsil alan gənclərimizi “itiririk”: onlar yad təsir altına düşür, çoxu təhsilini başa vuradandan sonra geri qayıtmır və s. Amma inanın, heç də belə deyil. Məsələn, ABŞ universitetləri haqda belə deyim var. Soruşurlar ki, ABŞ universitetləri nədir? Deyir ki, rus professorları və çinli, bəli, çinli tələbələr!.. Gənclərdə milli özül güclü olmalıdır. Belə olsa, onlar hətta təhsil aldıqları uzaq ölkələrdə belə öz milli mühitlərini, icmalarını qurmağa çalışacaqlar.
O ki qaldı Rusiya ilə son problemlərə, bu da yoluna qoyulacaq. Azərbaycan ötən həftə özünün geosiyasi resurslarını nümayiş etdirdi və güman edirik, Kreml müəyyən nəticələr çıxaracaq.
Tədbirdə Türkiyənin, Azərbaycanın və Pakistanın liderləri bir araya gəldi, hətta İranın azərbaycanlı prezidenti Məsud Pezeşkian da iştirak etdi ki, bunun da çox əhəmiyyəti var.
Özbəkistanın və digər dost ölkələrin başçılarının iştirakının önəmini kiçiltmək istəmirəm. Bir məsələ soyuq başla mühakimə yürüdən bütün siyasətçilərə aydın olmalıdır; regionda türk faktorunu nəzərə almamaq daha mümkün deyil.
Həm də keçmiş arxadadı. Bakı tək deyil, onu təcrid etmək, nə bilim, siyasi-iqtisadi, hətta informasiya blokadasına salmaq mümkün deyil.
Baxın, həm də Moskvanın təzyiqləri tək Azərbaycana yönəlməyib, Kreml İrəvana da güclü təzyiqlər edir. Bəlkə də yanılırıq, amma bizə elə gəlir bu faktoru da nəzərə almağa cəhd etməliyik.
Əlbəttə, Paşinyandan üç gözləntimiz var: konstitusiya dəyişiklikləri, Minsk Qrupundan imtina və sülh sazişi. Rəsmi İrəvan hər üç istiqamətdə hərəkət etməyə hazır olduğunu deyir, amma real addımlar görmürük: Paşinyan nəsə etməlidir axı!..
Tutaq, seçki ərəfəsində konstitusiya islahatı, hətta sülh sazişilə bağlı çətinlikləri var. Heç olmasa, Minsk Qrupundan imtina etsin, axı bu, daha kiməsə lazım deyil! Bakı da qəti əmin olsun ki, İrəvan revanşist hisslərlə yaşamır.
Qərəz, belə çətin məqamda, Kreml hər iki ölkəyə təzyiq edən vaxtda İrəvan konkret addımlar atsa, Bakı da cavab jesti haqqında düşünə bilər...
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ