Onlayn ictimai-siyasi qəzet
Rusiyada fəaliyyət göstərən “müstəqil” media qurumları dünən Moldovada keçirilən seçkilərin nəticələrinə dair yaydıqları xəbərlərdə açıq manipulyasiyaya yol verərək bu kimi başlıqlar veriblər: “Moldovanın müxalifət partiyaları səslərin 100%-nin hesablanmasından sonra Sandunun partiyasını qabaqlayıblar”.
Təfərrüatı bilməyənlər elə düşünər ki, bəli, ölkə prezidenti Maya Sandunun partiyası seçkiləri uduzub.
Həqiqət isə bundan ibarətdir: Maya Sandu tərəfindən yaradılan “Fəaliyyət və həmrəylik” partiyası seçicilərin 44,13% faizinin səsini alıb. Başqa sözlə, Sandunun partiyası seçki sandığından uğur qazanaraq çıxıb, birinci olub.
Rusiya ilə münasibətlərin bərpasının tərəfdarı olan, hər şeyi öz adıyla çağırmaq lazımdırsa, Rusiyaya işləyən “Vətənpərvərlər bloku” 28,25% səs alıb. Bu, o deməkdir ki, bu blok Moskvanın sandığı olmayıb, gözləntilərini doğrultmayıb və Kreml növbəti dəfə Moldovadakı seçkini uduzub.
Bu blokun qazandığı səs az olmasa da, çox da deyil, çünki Avropayönlü “Alternativ” partiyalar bloku 9,22%, “Bizim Partiya” 6,35%, “Evdə Demokratiya” partiyası 5,72% səs toplayıb.
Belə götürəndə ümumilikdə müxalifət partiyaları 49,54% səs toplayıb, ancaq həmin müxalif qüvvələr heç vəchlə “Rusiyanın adamları”ndan ibarət olan “Vətənpərvərlər bloku”na dəstək verəsi, onunla birlikdə hökumət koalisiyası formalaşdırası deyil.
Bu da o demədir ki, prezident Sandunun partiyası parlamentdən mandat almış istənilən partiyanın biri və ya ikisi ilə koalisiya quraraq hökumət formalaşdırmaq hüququ əldə edəcək.
Çünki bu partiyalar, birincisi, vətənpərvər siyasətçilərdən ibarətdir, ikincisi, Sandunun Avropayönümlü siyasətinə qarşı deyillər və Rusiyadan mümkün qədər uzaqlaşmağın tərəfdarıdırlar.
Bu halda Moskvanın dəstəklədiyi “vətənpərvərlər” təklənmiş olur.
Bununla belə, onların qazandığı səs faizi (30 faizə yaxın) göstərir ki, Moskva bu ölkədə hökumətdən narazı elektoratla, o cümlədən Kremlin dəstəyi ilə hakimiyyətə gəlmək istəyən qüvvələrlə yaxşı işləyib, onları vahid bir mərkəz ətrafında yaxşı təmərküzləşdirib.
Bəlkə də bu, Rusiyanın postsovet məkanında öz “5-ci kolon”larından əldə edə biləcəyi ən yüksək səs faizidir. Belarus xaric, digər ölkələrdə Moskva bu qədər tərəfdarını bir araya gətirə bilməzdi.
Bu, Kremlin Moldovaya xüsusi önəm verməsinin göstəricisidir. Putin rejimi bu kiçik dövləti NATO qarşısında daha bir sipər etmək, həmçinin ipə-sapa yatmayan Ukrayna üçün ikinci cəbhəyə çevirmək niyyətində idi.
Ancaq Rusiyayönümlü iqtidar komandalarının (Liçinski, Snequr) iqtidardan getməsindən bəri Moskva heç cür Moldovada özünə loyal hakimiyyət formalaşdıra bilmir və elektoral bazası ildən-ilə zəifləyir.
Moldova xalqı Dnestryanı bölgənin ölkədən qoparılmasını, orada oyuncaq “dövlət” yaradılmasını və həmin dövlətin Rusiyanın anklav vilayəti kimi idarə edilməsini Moskvaya bağışlamaq fikrində deyil.
Bundan başqa, Kremlin son illərdə Qaqauz Yeri muxtariyyatındakı separatçılığa açıq dəstək verməsini, bölgə xalqını qızışdıraraq Kişinyova qarşı qaldırmaq, ölkədə ikinci bölücü region yaratmaq çabalarına olduqca mənfi münasibət bəsləyir.
Əgər Sandu iqtidarı bir az yumşaq tərpənsəydi, yəqin ki, Qaqauz Yeri muxtariyyatının rəhbəri Yevgeniya Qutsul artıq Qaqauziyanı müstəqil dövlət elan edəcək, Rusiyanı bu “dövlət”i qorumağa çağıracaqdı. Hazırda Qutsul həbsdədir. Kişinyov onun Rusiya lideri Vladimir Putinlə, digər rusiyalı rəhbər şəxslərlə görüşlərini separatçılıq kimi qiymətləndirir.
Kremldə hələ də postsovet məkanı ölkələrini əl altında saxlamaq niyyəti güclüdür. Rusiya dövlətini idarə edənlər üzləşdikləri bütün problemlərə baxmayaraq, öz hegemonluq və qonşular üzərində dominantlıq siyasətini dəyişmək istəmirlər. Onlar qonşulara təzyiq etmək, hədə-qorxu gəlmək, təxribat törətməkdən başqa effektiv yol tanımırlar.
Ən pisi odur ki, Kreml başbilənləri bütün bu pislikləri edir, sonra da həmin ölkələrin əhalisindən rəğbət umurlar.
Bu isə mümkün deyil. Əgər mətbuat və söz azadlığı, alternativ fikirlərin yayılması üçün platformalar olmasaydı, Moskva öz şər-şəbədəsini lütf kimi xalqa sırıya bilərdi. Müasir dövrdə bu, mümkün deyil. Alternativ media qurumları kimin hara işlədiyini, hansı qüvvənin niyyətinin nə olduğunu eninə-uzununa yazır və ictimai rəy yaradır.
Bu rəy isə seçki qutuları açılanda özünü səs nisbətində göstərir.
Budur, moldavanların 60 faizdən çoxu Avropaya, 30 faizdən azı isə Rusiyaya inteqrasiyanın tərəfdarıdır. Gerçəklik bundan ibarətdir və Rusiya mediasının başlıqlarından fərqlidir.
Araz Altaylı, Musavat.com
29 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ