İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovada Sandunun seçki uğuru İrəvandakı kremlpərəst dairələri narahat etdi

Ermənistanda revanşist və rusiyayönlü mövqeyi ilə tanınan politoloq Suren Surenyants Moldovada keçirilən parlament seçkilərinə münasibət bildirib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, bu seçkilər demokratiya pərdəsi altında təkpartiyalı idarəetmənin möhkəmləndirilməsini göstərir.

Surenyants iddia edir ki, prezident Maya Sandunun komandası qələbəni real siyasi rəqabət yolu ilə yox, cəmiyyəti “Qərbpərəstlər” və “Rusiyapərəstlər” kimi bölməklə, həmçinin müxalif qüvvələri “xarici agent” damğası ilə sıradan çıxarmaqla əldə edib. O, seçkiləri “ideyaların mübarizəsi yox, hakimiyyətin təkrar istehsal mexanizmi” adlandırır.

Erməni politoloq hesab edir ki, Moldovada “Rusiya müdaxiləsi” bəhanəsi hakimiyyətin müxalifəti zəiflətməsi üçün universal silaha çevrilib. Surenyantsın bu vurğusu təsadüfi deyil: o, uzun illərdir Ermənistanda da “Rusiya amilini” əsas siyasi dayaqlardan biri kimi təqdim edir və mövqelərində açıq şəkildə rusiyayönlü revanşist düşüncəni əks etdirir.

O, Ermənistan siyasətinə də keçid edərək bildirir ki, Nikol Paşinyanın komandası hakimiyyətdə qalmaq strategiyasını antirusiya xətti üzərində qurur. Surenyantsın arqumentinə görə, cəmiyyətin parçalanması hakimiyyət üçün yeganə legitimlik mənbəyidir.

Surenyantsın fikrincə, əgər bu tendensiya davam edərsə, 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri də Moldovadakı ssenariyə bənzəyəcək: hakimiyyət tərəfdarlarını antirusiya ritorikası ilə səfərbər edəcək, müxalifəti isə “xarici agent” və “beşinci kolon” kimi damğalayacaq. Onun fikrincə, beləliklə, seçkilər azad rəqabət yox, hakimiyyəti qoruma vasitəsinə çevriləcək.

Nəticə olaraq, Surenyants Moldovanın təcrübəsini Ermənistan üçün “açıq xəbərdarlıq” kimi təqdim edir. Lakin nəzərə almaq lazımdır ki, onun bütün yanaşmaları rusiyayönlü revanşist mövqedən qaynaqlanır və əsas məqsəd Ermənistanın daxili siyasi proseslərini Moskvanın maraqları ilə uzlaşdırmaqdır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR