Onlayn ictimai-siyasi qəzet
30 avqust 1918-ci ildə Petroqrad fövqəladə komissiyasının (FK – ruscada ÇK) sədri Moisey Solomonoviç Uritski (Moşe ben Şlomo) gənc şair Leonid Kanegisser tərəfindən güllələnib. Həmin gün Moskvada Leninə qarşı sui-qəsd cəhdi ilə birlikdə bu hadisə kütləvi “Qırmızı terror”un başlanğıcı üçün tətik rolunu oynayıb.
İnqilabdan əvvəl Moisey Uritski bolşeviklərlə menşeviklər arasında mövqe tutan Trotski qrupunun üzvü olub, lakin 1917-ci ilin fevralından az sonra bolşeviklərə qoşulub. 1917-ci ilin oktyabr günlərində Uritski bolşevikləri hakimiyyətə gətirən hərbi çevrilişin təşkilatçılarından biri kimi meydana çıxıb. Ona getdikcə daha vacib vəzifələr həvalə olunub. 1918-ci ilin yanvarında o, “Təsisçilər məclisinin işləri üzrə ümumrusiya komissiyası”nın komissarı seçilib və faktiki olaraq bu məclisin buraxılmasına nəzarət edib.
Hələ 1917-ci ilin dekabrında sovet Rusiyasında iki hakimiyyət mərkəzi yaranıb. Bütün Rusiyanın xalq komissarları soveti Petroqradda yerləşib, lakin paytaxtda Moskva vilayətinin özünün xalq komissarları soveti yaradılıb.
Uritski Petroqraddakı xalq komissarları sovetində xalq daxili işlər komissarı vəzifəsini tutub və onu Petroqrad vilayətinin fövqəladə komissiyasının sədri vəzifəsi ilə birləşdirib. Beləliklə, Uritski sovet Rusiyasının geniş ərazisində daxili siyasətin müstəqil rəhbəri olub.
Uritski “Qırmızı terror”un yaradıcılarından biri hesab olunub. 15 mart 1918-ci il tarixli ilk sərəncamlarından birində Uritski müəyyən edib ki, yalnız fövqəladə komissiyanın orqanları axtarış və həbslər aparmaq hüququna malikdir. Digər təşkilatlara bu cür hərəkətlər qadağan edilib.
Eyni zamanda, Uritski komissiya zabitlərinə xidməti vəzifələrini yerinə yetirərkən müqavimət göstərən hər kəsin yerindəcə edam edilməsi barədə göstəriş verib. O, həmçinin üç gün ərzində yerli əhalidən silahlarını təhvil verməyi tələb edib. Buna əməl etməyənlər və sonradan axtarış zamanı silahları aşkarlananlar edam edilib.
Şahidlər Uritskinin simasını son dərəcə xoşagəlməz görünüşünü təsvir ediblər. Onun qəddarlığı əfsanəyə çevrilib. Deyilənə görə, o, ən azı iki “burjuy”un güllələnməsi əmrinə imza atmadan şam yeməyinə otura bilməyəcəyini etiraf edib. Onun dövründə konkret olaraq neçə nəfərin qətlə yetirlidiyi məlum deyil. Çünki bir çox edamlar məhkəmə keçirilmədən, bir söz və ya bir imza ilə həyata keçirilib.
Kanegisser Uritskini öldürməsini şəxsi qisas motivi kimi izah edib. Kannegisser həbs olunduqdan dərhal sonra bəyan edib: “Mən yəhudiyəm. Rus xalqının qanını damla-damla içən yəhudi vampiri öldürdüm. Rus xalqına göstərmək istədim ki, bizim üçün Uritski yəhudi deyil. O, qovulmuş adamdır. Onu rus yəhudilərinin yaxşı adını bərpa etmək ümidi ilə öldürdüm”.
İkinci versiyaya görə, Uritskinin qətlinə alman sənaye dairələri ilə sıx bağlı olan bankir İqnatius Manusun həbsi səbəb olub. Onun vasitəsilə Almaniya Petroqradda bir çox müəssisələrə nəzarət yaratmağa çalışıb və Uritski bunun qarşısını alıb.
Nəticədə Uritski öz əməlləri ilə bolşevik rəhbərliyindən olan bəzi nüfuzlu şəxslərin planlarına müdaxilə edib. Görünən odur ki, Uritskinin qətlində ən yüksək sovet dairələri iştirak edib, Kannegisser sadəcə oyunda piyada olub.
Bütün hallarda Uritskinin öldürülməsi “Qırmızı terror” istəyənlərin əlinə fürsət verib. Ən çox da qanlı hadisələrin tərəfdarı Lenin olub. Məsələn, 1918-ci ilin iyun ayının 20-də yəhudi V. Volodarksinin sui-qəsd nəticəsində öldürülməsindən sonra qatı bolşeviklər kütləvi qətllər törətmək istəyib və bəzi hökumət rəsmiləri bunun qarşısını alıb. Lenin dərhal Zinovyevə qəzəbli teleqram göndərib:
“Yalnız bu gün biz Mərkəzi Komitədə eşitdik ki, Sankt-Peterburqda fəhlələr Volodarskinin qətlinə kütləvi terrorla cavab vermək istəyiblər və siz bunun qarşısını almısınız. Mən qəti etiraz edirəm! Biz özümüzə güzəştə gedirik: biz deputatlar şurasının qərarlarında belə, kütləvi terrorla hədələyirik, amma iş yerinə gələndə kütlənin inqilabi təşəbbüsünü ləngidirik.
Bu qəbuledilməzdir. Terrorçular bizim zəlil olduğumuzu düşünəcəklər. Əks-inqilabçılara qarşı terrorun enerji və kütləvi xarakterini təşviq etmək lazımdır, xüsusən də nümunəsi həlledici olan Sankt-Peterburqda”.
Erməni bolşeviklərinin əli ilə “Qırmızı terror” SSRİ-nin işğal etdiyi Azərbaycanda da həyata keçirilib. 1920-ci ilin aprelindən 1921-ci ilin avqustunadək Azərbaycanda 48 min nəfər “Qırmızı terror”un qurbanı olub. Onlardan 13 minə yaxını 1920-ci ilin 26-31 may tarixlərində baş vermiş ən böyük üsyanlardan biri, yəni, Gəncə üsyanı vaxtı öldürülüb. 1920-ci il iyunun 6-da Gəncə yaxınlığında 79 yüksək rütbəli azərbaycanlı zabit həbs edilib və Pankratovun əmri ilə onlar Nargin adasında edam olunublar. Ancaq generallar Əliağa Şıxlinski və Səməd bəy Mehmandarov Nəriman Nərimanovun zaminliyi sayəsində sağ qala biliblər.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ