Onlayn ictimai-siyasi qəzet
Son 8 ildə 10-cu dəfədir ki, “Sədərək” ticarət mərkəzində şiddətli yanğın hadisəsi baş verir. Dünən yaşanan yanğın bir daha göstərdi ki, bu iri ticarət məkanı faktiki olaraq kibrit qutusuna çevrilib. Yüzlərlə sahibkarın əmlakı külə dönür, milyonlarla manatlıq ziyan yaranır, amma əsas məsələ, təhlükəsizlik qaydalarına əməl olunmaması kökündən həll edilmir.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a açıqlamasında bildirib ki, baş verən yanğının səbəbi məhz qaydalara əməl edilməməsi və nəzarət orqanlarının səhlənkarlığıdır:
“Əgər bir obyekt 8 ildə 10 dəfə yanırsa, bu, artıq sadəcə təsadüf deyil. Burada sistemli məsuliyyətsizlik var. Təhlükəsizlik normaları yalnız kağız üzərində qalır, nəzarət edən orqanlar isə işini formal protokollarla bitmiş sayır. Halbuki belə kütləvi yerlərdə hər an baş verə biləcək yanğın dəhşətli fəlakət, insan itkisi ilə nəticələnə bilər. Allah eləməsin, bu dəfə söhbət yalnız mal itkisindən yox, onlarla insan həyatının itirilməsindən getsəydi, onda necə cavab verəcəkdilər?” Natiq Ələsgərov deyib ki, Azərbaycan Respublikasının “Yanğın Təhlükəsizliyi Qaydaları” bu məsələdə tam aydındır. Sadəcə qanun və qaydalara riayət olunmalıdır ki, belə yanğınlar meydana gəlməsin. Təkcə “Sədərək” Ticarət Mərkəzində deyil, insanların kütləvi yığışdığı məkanlarda da yanğın təhlükəsizliyi qaydalarına çox zaman riayət olunmur, tələblər ən kobud şəkildə pozulur. Məsələn, “Yanğın Təhlükəsizliyi Qaydaları”nın 4.10-cu maddəyə görə yalnız bir köçürmə çıxışı olan otaqlarda maksimum 50 nəfərədək insanın iştirakı ilə tədbir keçirmək olar. 50 nəfərdən çox insanın toplaşdığı tədbirlər isə yalnız birinci mərtəbədə və yanğına davamlılığı yüksək olan binalarda keçirilə bilər. Amma reallıqda nə görürük? Bakıdakı iri gecə klubları var ki, orada hər gün faciə baş verməsi ehtimalı var. “Star Baku”, “Shou Baku”, “By Fateh” və digərləri bu qaydaları açıq-aşkar pozur. Ehtiyat çıxışları yoxdur, qapalı məkanlarda siqaret çəkilir, fişənglərdən və “salyut” adlanan tez alışan materiallardan istifadə edilir. Üstəlik, tüstü bacalarının da qüvvədə olan normativlərə cavab vermədiyi ehtimalı böyükdür. Bu obyektlərdə yüzlərlə insanın əyləndiyi, bəzi hallarda isə qapalı qapılar arxasında qəlyan dumanı və tezalışan materialların iç-içə olduğu şəraitdə faciənin baş verməsi sadəcə zaman məsələsidir”.
Natiq Ələsgərov hesab edir ki, ölkədə yanğıntəhlükəsizlik üzrə nəzarət sisteminə yenidən baxılmalıdır:
“Ən yaxşı halda nəzarət edən orqanın əməkdaşı bir protokol yazır, cərimə tətbiq edir, amma heç nə dəyişmir. Bu isə yanğının qaçılmaz olduğunu göstərir. Yanğın baş verəndə obyekt sahibi məsuliyyətə cəlb olunur, amma onun fəaliyyətinə illərlə göz yuman məmur yenə öz kreslosunda əyləşib qalır. Bu isə ədalətsizlik və məsuliyyətsizlikdir. Qanun var, amma icrası yoxdur. Qanunun aliliyi təmin edilməsə, sahibkarlar da, vətəndaşlar da, turistlər də hər an həyatlarını risk altında görəcəklər”.
Natiq Ələsgərov bu sahədə bəzi addımların atılmasını fövqəldə zəruri hesab edir:
“Təhlükəsizlik tələblərinə əməl etməyən obyektlər barədə dərhal bağlanma qərarı verilməlidir. Yanğına nəzarət edən orqanların məsuliyyətsiz əməkdaşları da obyekt sahibi ilə yanaşı cinayət məsuliyyətinə cəlb olunmalıdır. Təhlükəsizlik qaydalarının icrasına dair ictimai monitorinq mexanizmi yaradılmalı, vətəndaş şikayətləri real əsas götürülməlidir. Əks halda, “Sədərək”də yanğın sabah şəhərin mərkəzindəki gecə klublarından gələcək. Bu dəfə mal yox, insan həyatları təhlükədə olacaq”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ