İnsanlara hürriyət, millətlərə istiqlal!

Senat Kremlə qarşı radikal addımlara hazırlaşır; ABŞ-ın hədələri tezliklə işə düşə bilərmi?

“ABŞ administrasiyası nə vaxtsa Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini və Ukraynaya hərbi yardımı artıracağını istisna etmir”. Bunu dövlət katibi Marko Rubio ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

Rubio hazırkı administrasiyanın Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsi və Ukraynaya silah tədarükünü artırma ehtimalı ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Rusiyanın sülh sazişində maraqlı olmadığı və münaqişəni davam etdirmək istədiyi aydınlaşarsa, bu, onun sonu ola bilər. Lakin onun sözlərinə görə, hazırkı mərhələdə Amerika administrasiyasının fikrincə, sanksiya hədələri rusların müzakirəni dayandırmasına səbəb olacaq.

“ABŞ Senatı Rusiya prezidenti Vladimir Putindən Ukraynada müharibəyə son qoymaq üçün konkret addımlar atacağını gözləyir. Əks halda, bir neçə gün ərzində artıq 80-dən çox lehinə səs toplamış yeni anti-Rusiya sanksiyalarının tətbiqi ilə bağlı qanun layihəsi səsverməyə çıxarılacaq”. Bu barədə isə təşəbbüsün müəllifləri - senatorlar Riçard Blumental və Lindsi Qremin mayın 21-də yaydığı birgə bəyanatında deyilir.

“Dövlət katibi Rubionun Xarici İşlər və Birlik Əməliyyatları üzrə Senatın Alt Komitəsində dediyi kimi, Rusiya qarşıdakı bir neçə gün ərzində atəşkəs sənədini təqdim etməyə razılaşıb. Onun məzmunu Rusiyanın sülhə ciddi yanaşıb - yanaşmadığını böyük ölçüdə göstərəcək. Bizə və Senatdakı əksəriyyətə getdikcə aydın olur ki, Putin oyun oynayır”, - bəyanatda deyilir.

Qanun layihəsinin müəllifləri vurğulayırlar ki, əgər irəliləyiş olmasa, Senat qəti addımlar atmağa hazırdır: “Qanunvericiliyimiz Rusiyanı təcrid edərək, onu ticarət ”adası"na çevirəcək. Rusiyanın vəhşiliklərinə dəstək verən digər ölkələrə yüksək rüsumlar tətbiq edəcək".

Layihə həmçinin Rusiyaya və onun təcavüzünə şərait yaradan qurumlara qarşı həm ilkin, həm də ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Digər məsələlərlə yanaşı, Rusiyadan neft, qaz, uran və digər resursları alan ölkələrdən malların idxalına 500 faizlik rüsumun tətbiqi təklif edilir.

Bəyanatda Çinin roluna xüsusi diqqət yetirilir. Senatorların fikrincə, sənədin məqsədlərindən biri Çini Rusiya hərbi maşınına dəstək verdiyinə görə məsuliyyətə cəlb etməkdir: “Çinin iqtisadi dəstəyi olmadan Rusiya hərbi sənaye kompleksi ehtiyac duyduğu hər şeyi ala bilməyəcək”.

ABŞ-ın hədələri tezliklə işə düşə bilərmi?

Heydər Oğuz 

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Senatda Rusiyaya qarşı sanksiyalar təklifinə müsbət cavab verilərsə, bu, həqiqətən də, Moskva üçün ciddi təhdid yarada bilər: “Çünki 100 nəfərlik Senatın 80 üzvünün hər hansı bir qətnaməyə səs verməsi həmin sənədin hüquqi qüvvəyə minməsi üçün kifayətdir. Bu baş verərsə, ABŞ prezidentinin ona veto qoymaq və ya yenidən baxılması üçün geri qaytarmaq səlahiyyəti də olmayacaq. Amma bütün bunlar hüquq nəzəriyyəsi ilə əlaqədar versiyalardır. Geosiyasi müzakirələrdə isə hüquqi-nəzəri məsələlər nəzərə alınmır, dövlətlərin iqtisadi və siyasi maraqları ön planda tutulur. Odur ki, biz də ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq edib-etməyəcəyini müəyyənləşdirmək üçün Vaşinqtonun iqtisadi və siyasi maraqları baxımından məsələyə yanaşmalıyıq”.

H.Oğuzun fikrincə, xüsusilə ABŞ-ın indiki prezidenti Donald Tramp üçün yeganə həlledici amil ölkəsinin və özünün iqtisadi mənafeyidir: “Trampı yalnız kapital və daha çox qazanc əldə etmək maraqlandırır. Özünə görə haqlı olduğu məqamlar da var. İkinci Dünya müharibəsindən sonra Qərbin ağası olmaq ABŞ-a əvvəllər çox şeylər qazandırsa da, artıq bu imtiyazlar onun üçün yükə çevrilib. Dünya ağalığına can atmaq, Avropanı qorumaq, Marşal planları ilə müttəfiqlərini inkişaf etdirmək ABŞ-ı dünyanın ən borclu ölkəsinə çevirib. Onun xarici və daxili borcu 37 trilyon dollara yüksəlib. ABŞ-ın ÜDM-nin 28 trilyon olduğunu nəzərə alsaq, bu hardasa, öz imkanlarının 123%-i qədər borclanmaq deməkdir. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, ABŞ-ın dövlət borcu hər il artmağa davam edəcək. 2025-ci ildə bu rəqəmin 126,6 %-ə 2029-cu ildə isə 133,9 %-nə yüksələcəyi gözlənilir.  Üstəlik, ABŞ hər il az qala 1 trilyon dollar da dövlət borcundan yaranan faizləri qaytarmağa sərf edir. Bu da istər-istəməz onu daha çox borclandırır və imkanlarını azaldır. ABŞ bu problemi zamanında həll edə bilməsə, çox ciddi təhlükələrlə qarşılaşa bilər. Ən pisi isə odur ki, ABŞ borclanmaqla yanaşı, iqtisadi liderliyini də tədricən Çinə ötürür. Çinin yüksəlməsi və dünyanın bir çox ölkələrini, o cümlədən Avropanı öz təsir dairəsinə alması ABŞ hegemoniyasının sonunu gətirə bilər. Odur ki, hərbi xərclərində ixtisarlara getmə və digər ölkələrin təbii sərvətlərini daha çox istismar edərək böyümə arzusu ABŞ-ı ənənəvi xarici siyasətlərindən uzaqlaşmağa və yeni müttəfiqlər əldə etməyə həvəsləndirir. Rusiya isə təbii sərvətləri ilə ABŞ-ın iştahasını qabardan ölkələrdəndir və Vaşinqton onunla kəllə-kəlləyə gəlmək istəmir, əksinə iqtisadi əməkdaşlıqlarını artırmaq niyyətindədir.

Ekspert qeyd edib ki, ötən bazar günü Vladimir Putinlə keçirdiyi 2 saatlıq telefon söhbətindən sonra Tramp və onun komandasının tamamilə Rusiya yanlı açıqlamalar verməsi də bu mənada təsadüfi deyil: “ABŞ-ın nüfuzlu nəşrlərinin iddialarına görə, bu telefon zəngindən əvvəl Avropa liderləri ilə söhbətində Rusiya atəşkəslə razılaşmasa, ona qarşı birgə sanksiyalar tətbiq etməkdən dəm vuran Tramp məlum telefon danışığından sonra xeyli yumşalmışdı. O, bazar ertəsi günü yenidən mövqeyini dəyişdi və artıq belə bir addım atmağa hazır olmadığını bildirdi. Jurnalistlərlə söhbətində ”Bu, mənim müharibəm deyil. Biz qarışmamalı olduğumuz bir işə qarışdıq", - deyərək bir növ tövbə etdi. Ağ evin NYT-yə (The New York Times) açıqlama verən adı zikr olunmayan rəsmisi Trampın tövbəsini belə əsaslandırıb: “Rusiyaya qarşı yeni sanksiyalar ABŞ-ın biznes maraqlarına zərər verə bilər, Tramp isə amerikalılar üçün iqtisadi imkanları maksimum dərəcədə artırmağa çalışır”.

H.Oğuzun fikrincə, Trampın Rusiya qarşısında gah aslana, gan da quzuya dönməsi əslində gözlənilməz deyildi: “Trampın qısa zaman ərzində mövqeyini 180 dərəcə dəyişməsi əslində onun sövdələşmə taktikalarından biridir. Qarşı tərəfi təhdid edərək masaya oturdan Tramp öz tərəf-müqabilindən istədiyini aldıqdan sonra yumşalır və yeni əməkdaşlıqlar qurur. Putinlə də eyni sövdələşməni aparan Tramp, belə görünür ki, Rusiyanın kritik minerallarını çıxarmaq razılığı alıb və bu səbəbdən də Ukraynanın yanından çəkilib. Xatırlayırsınızsa, Ukrayna ilə nadir torpaq mineralları sazişi bağladığı zaman Rusiya rəsmiləri onların bu sərvətlərinin daha çox olduğunu xatırlatmış və ABŞ-la daha avantajlı müqavilələr bağlayacağına eyham vurmuşdular. Görünür, bu şirnikləşdirici təklif Trampın da ağlına batıb və o, mövqe dəyişikliklərinə gedib”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

BÜTÜN XƏBƏRLƏR