Onlayn ictimai-siyasi qəzet
SEPAH uzun müddətdir ki, regiondakı təsirini qorumaq üçün xain informasiya savaşı aparır və bu “savaş”ın əsas hədəflərindən biri də Türkiyədir.
Son günlər yayılmış və guya İsrailin yüksək rütbəli bir komandirinə istinad edilən “Ərdoğan və Culani sayəsində biz İrana zərbələr endirmək imkanı qazandıq” tipli iddia da həmin kampaniyanın bir parçasıdır.
Əslində isə bu, sübuta əsaslanmayan, açıq mənbələrlə təsdiqlənməyən, yalnız emosional qıcıq yaratmağa hesablanmış bir dezinformasiyadır. SEPAH bu cür materiallarla həm daxildə ictimai fikri manipulyasiya etməyə, həm də regionda Türkiyənin nüfuzuna kölgə salmağa çalışır.
İranın Suriya üzərində qurduğu təsir illərdir ki, İsrail ilə qarşıdurmanın mühüm elementlərindən biridir. Doğrudur, Suriyanın hava hücumundan müdafiə sistemlərinin zəifləməsi İsrailə müəyyən əməliyyat imkanları açıb, lakin bunu Türkiyənin üzərinə atmaq yalnız siyasi manipulyasiyadır. Ankara bölgədə öz maraqlarını qorumaqla yanaşı, terror təhlükəsinə qarşı da mübarizə aparır və bu, beynəlxalq miqyasda qəbul olunan haqlı mövqedir. SEPAH isə bu reallığı ört-basdır etmək üçün Türkiyəni “əsas günahkar” kimi təqdim etməyə çalışır. İstəmirlər ki, Türkiyə güclü görünsün. SEPAH-ın Türk qorxusu hər zaman olub. Ağılları olsa, Türkün gücünə, mərdliyinə sığınıb böyük olardılar. Ancaq onlar Türklə savaşı seçib, cılız görünməyi seçiblər...
İftira kampaniyasının məqsədi aydındır: regionda nüfuzunu itirən bir güc yalan və şər vasitəsilə həm ictimai rəy qazanmaq, həm də öz uğursuzluqlarını gizlətmək istəyir. Amma belə yalanların ömrü uzun olmur. Çünki Türkiyə öz cavabını faktlarla, diplomatiya ilə və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə verir. Bu yanaşma SEPAH-ın əsassız və emosional ittihamlarını bir daha ifşa edir.
SEPAH-ın informasiya müharibəsi sındırılmış güzgüyə bənzəyir: qarşısında duran obrazı böyüdür, amma gerçəyi əks etdirmir...
Reallıq ondan ibarətdir ki, Ankaranın regiondakı rolu güclənməkdə davam edir, Tehran isə təbliğatla öz zəif tərəflərini gizlətməyə çalışır. Lakin şər və böhtanla həqiqəti əvəz etmək mümkün deyil - faktlar həmişə üzə çıxır.
İranda rejim özünü sonuncu İsrail-İran savaşında yetərincə rəzil edib. Generalı evində, nöqtə atışı-raketlə vurulan SEPAH-ın hələ də danışmağa dili var...
Burda deyiblər, adamda abır-həya yaxşı şeydir...
Musavat.com
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ