Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı bəyan edib ki, gələn il keçiriləcək parlament seçkilərində yenidən etimad qazandığı təqdirdə, yeni konstitusiyanın qəbul olunması üçün ümumxalq referendumu təşəbbüsü ilə çıxış edəcək.
"2026-cı il parlament seçkilərində bir daha xalqın mandatını aldıqdan sonra biz yeni konstitusiyanın qəbuluna dair ümumxalq referendumuna başlayacağıq", - deyə Paşinyan vurğulayıb.
Xatırladaq ki, rəsmi Bakı Ermənistan Konstitusiyasındakı ərazi iddialarının çıxarılmasını tələb edir. Bu tələb sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərdən biri kimi qalır.
Ermənistan cəmiyyətində ərazi iddialarının konstitusiyadan çıxarılmasına münasibət necədir? Əgər referendum nəticəsində dəyişikliklər qəbul olunmasa, Ermənistan-Azərbaycan sülh prosesi tamamilə dalana dirənəcəkmi?
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.
Politoloq qeyd edib ki, Nikol Paşinyan Ermənistan üçün yeni konstitusiyanın qəbuluna çalışır. Yeni konstitusiyada Azərbaycana ərazi iddiasını ehtiva edən bənd olmayacaq:
"Ancaq bunun üçün onun özünün də söylədiyi kimi, Paşinyanın rəhbəri olduğu partiya gələn ilin iyun ayında keçirilməsi planlaşdırılan parlament seçkisində qələbə qazanmalıdır. Radikal müxalifət seçkidə qələbə qazanacağı təqdirdə yeni hökumət konstitusiya islahatlarına getməyəcək. Bu isə bölgədə növbəti gərginliyə səbəb olacaq və Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamasını mümkünsüz edəcək. Ona görə Ermənistan vətəndaşları seçim etməlidirlər. Əgər ermənilər sülh istəyirlərsə, Paşinyanın partiyasına səs verməlidirlər, əks halda onlar müharibə blokuna üstünlük verəcəklər ki, bu, Ermənistanın problemlərini daha da dərinləşdirəcək".
Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycan kimi Türkiyə də Ermənistanda parlament seçkilərinin nəticəsini gözləyəcək:
"Çünki əgər Paşinyan məğlub olarsa və bu ölkədə yeni konstitusiya qəbul olunmasa, Türkiyə Ermənistanla sərhədi açmayacaq və diplomatik münasibətləri bərpa etməyəcək. Ona görə də ermənilər nəinki Paşinyanın partiyasına səs verməli, həmçinin yeni konstitusiyanın qəbulunu də dəstəkləməlidirlər".
Xalidə Gəray
Musavat.com
28 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ