Onlayn ictimai-siyasi qəzet
Müzəffər Ordumuzun cəhənnəmlik elədiyi uydurma qurumun həsrətini çəkən separatçı tör-töküntülər Ermənistanda təzədən fəallaşıb. İndi də onlar yeni “prezident seçkisi” xülyasına düşüblər.
Məsələ ondadır ki, uydurma “artsax”ın sonuncu qondarma “prezidenti” Samvel Şahramanyanın “səlahiyyət müddəti” bu gün – mayın 21-də bitir. “Hraparak” qəzeti bu xüsusda yazıb ki, növbəti yeganə “namizəd” elə onun özü ola bilər.
Nəşrin iddiasına görə, “artsax parlamenti” az öncəki “konstitusiya” düzəlişindən sonra 21 maydan sonra 10 gün ərzində yeni “prezident seçə” bilər. Bildirilir ki, “parlament fraksiyaları” bunun üçün namizədlər irəli sürməlidir. Lakin hələlik Şahramanyanın “xələfi” olmaq arzusunda olan ortaya çıxmayıb...
Bəllidir ki, 20 sentyabr 2023-cü ildə - Azərbaycanın bir günlük antiterror əməliyyatı zamanı separatçılar Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Bakının tərksilah olmaq təklifini qəbul etmişdilər. Az sonra - 28 sentyabr 2023-cü ildə qondarma “artsax prezidenti” Şahramanyan 2024-cü il yanvarın 1-dək bütün “dövlət qurumları”nın ləğvi haqqında “fərman” imzalamışdı.
Lakin 2023-cü il dekabrın 22-də Şaxramanyan qəfildən bəyan edib ki, onun belə səlahiyyəti yoxdur. Bu il fevralın 13-də isə o, “artsax parlamenti”nin səlahiyyətlərinin uzadılması haqda “fərman” imzalayıb...
Doğrudan da utanmasan, oynamağa nə var. Lap elə Azərbaycan musiqisi olsun, erməni üçün nə fərqi? Hay həyasızlığı təəssüf ki, sərhəd-əndazə tanımır. Görün gündəmdə qalmaq üçün hansı hoqqalardan çıxırlar.
Diqqət edin, ta əvvəldən qeyri-legitim olan bir şəxs uydurma və çoxdan buraxılmış qurumun “parlamenti”nin “səlahiyyətlərini” uzadır. Halbuki gerçək seçkili orqanlarla bağlı belə qərarı məntiqlə seçkili orqanın özü verə bilər, o da əgər müharibə şəraiti varsa. Müharibə isə yoxdur. Deməli, təzə “seçkilər” keçirilməlidir. O da ki, mümkünsüz.
Yox, əgər separatçı qalıqları dünyanı özlərinə bir daha güldürmək, rüsvay olmaq istəyirlərsə, onda buyursunlar, “artsax parlamenti”nə saxta seçkiləri bu dəfə Ermənistan ərazisində keçirsinlər, görək bacararlarmı? Görək Nikol Paşinyan hökuməti yeni seçki tamaşasına, qanunsuz “seçki qutu”ların qoyulmasına izn verərmi? Yaxud “artsaxın” yeni “prezident”inin “seçkisi”nə səbir göstərərmi?
Ümid edək ki, ermənilər sonuncu ağıllarını itirməyiblər. Bura hakimiyyətdəki qüvvə də daxildir...
Əlbəttə, legitimliyini hətta Ermənistanın özünün belə tanımadığı köhnə “seçki oyunları”nın təzə aranjemanda təqdimatı Azərbaycan üçün zərrəcə hüquqi-siyasi anlam daşımır, bizə isti-soyuqluğu da yoxdur. Çünki ərazi bütövlüyü və suverenliyimizi artıq bərpa eləmişik. Nə qədər Azərbaycan tərəfə hürür-hürsünlər. Amma və lakin...
Yeganə sual Ermənistan iqtidarının separatçı-revanşistlərin sülhə əngəl olan bu kimi demarşlarına qarşı nə dərəcədə qətiyyətli olacağı, onların nazı ilə daha nə qədər oynayacağı ilə bağlıdır. Paşinyan hökuməti gerçəkdən Azərbaycanla barışıq ritorikasında səmimidirsə, sülh sənədinin imzalanmasının tərəfdarıdırsa, o zaman ürək bulandıran bu çirkin oyunlara qarşı loyallıq göstərməməlidir!
Üstəlik, İrəvan rəsmiləri özləri dəfələrlə bəyan ediblər ki, mifik “arsax institutları” Ermənistanın təhlükəsizliyinə təhdiddir. Elə isə revanşistlərin üzərinə, вперёд! Onların sonuncu “yuvası”nı qıfıllamağın vaxtı çatıb. Həm də çoxdan...
Z.SƏFƏROĞLU
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ