Onlayn ictimai-siyasi qəzet
Revanşistlər son oyunlarını oynayır; Paşinyan onları bitirməkdə qərarlıdırmı...
Separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan yenidən “prezidentliyə namizəd” olmaqdan imtina edib. Bu barədə “Hraparak” qəzeti yazıb. Qeyd edilir ki, İrəvanda fəaliyyət göstərən qondarma qurum “prezident seçkiləri” üçün müəyyən edilmiş müddəti qaçırıb, 31 may son tarix idi. Şahramanyanın “səlahiyyət müddəti” mayın 21-də başa çatıb.
Bundan sonra oyuncaq qurumun “parlamenti” mayın 27-dək “yeni namizəd” irəli sürməli idi, amma nəşrin iddiasına görə, baş nazir Nikol Paşinyan hökuməti buna imkan verməyib. “Hraparak” yazır ki, Şahramanyandan əllərini çəkən separatçılar yeni “namizəd” axtarışında olsalar da, Ermənistan hakimiyyətinin təzyiqi səbəbindən heç kim bu mənasız işin altına girmək istəmir: “Düzdür, separatçılar Şahramanyandan əllərini üzüblər, çünki hökumət ona birbaşa mətnlə ”seçildikdən" 5 il sonra Sünikdə baş verən hər hansı bir prosesin təkcə onun deyil, bütün Qarabağ ermənilərinin çiyinlərində olacağı barədə xəbərdarlıq edib".
Qəzet yazıb ki, Paşinyanın təhdidlərini Şahramanyan və digər separatçılara çatdıran Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandır.
Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan da daha əvvəl separatçıların İrəvandakı fəaliyyətlərinə etiraz edib. Spiker bu cür fəaliyyətlərə Azərbaycandan adekvat cavabların olduğunu söyləyib.
Bəs separatçı tör-töküntülərin İrəvandakı oyunlarının başa çatdığını əminliklə proqnozlaşdırmaq olarmı?
Qeyd edək ki, bir neçə gün öncə Njde İskəndəryan adlı biri özünü “artsaxın dövlət naziri” elan edib. Bunun davamı olaraq yeni “prezident” də açıqlana bilərmi?
Günay Ağamalı
Deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, separatçıların bu oyunları artıq nə Ermənistan daxilində, nə də beynəlxalq aləmdə ciddiyə alınır: “Keçmiş qondarma rejiminin sonuncu rəhbəri Samvel Şahramanyanın yenidən namizəd olmaqdan imtina etməsi separatçıların süqutunu daha da sürətləndirən bir hadisədir. Çünki artıq nə Rusiya, nə Qərb dairələri, nə də ki, Ermənistan hakimiyyəti Azərbaycanla danışıqlar kontekstində separatçı ünsürləri oyunçular sırasına daxil edirlər. Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal antiterror əməliyyatları separatçı strukturların hərbi-siyasi dayaqlarını tamamilə çökdürdü. Bunun fonunda, Samvel Şahramanyanın imtinası və əvəzləyici namizədin olmaması artsax adlı mifin tarixin arxivinə getdiyinin göstəricisidir. Məhz bu səbəbdən separatçıların İrəvanda dövlətçilik oyunu oynaması istər Ermənistan daxilində, istərsə də, beynəlxalq müstəvidə ciddiyə alınmır. Bu tip yanaşmalar Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar fonunda ölmüş narrativləri canlandırmaq cəhdidir. Hətta özünü qondarma artsaxın dövlət naziri elan edən Njde İsgəndəryanın fikirləri belə boşboğazlıqdan başqa bir şey deyil. Aydındır ki, qlobal və regional müstəvidə cərəyan edən prosesləri izləyən Ermənistan hakimiyyətinin bir qrup özünə siyasi dayaq formalaşdırmaq istəyən şəxslərə dəstək olmaması başa düşüləndir. Çünki Azərbaycan istənilən separatizm meylinə qarşı çevik, prinsipal cavab vermək iqtidarındadır və bu İrəvan üçün arzuolunmaz nəticələr yarada bilər. Nəticə etibarilə, erməni separatizm ideologiyasının tənəzzülü gücün, hüququn və ədalətin qələbəsidir”.
Züriyə Qarayeva
Politoloq Züriyə Qarayeva tam arxayındır. O düşünür ki, separatçıların İrəvandakı oyunu başa çatmaq üzrədir: “İrəvanda yerləşən və artıq heç bir hüquqi və real statusu olmayan separatçı qrupun qondarma ”seçki" oyunu bir daha göstərir ki, Ermənistan daxilində müxtəlif maraq qrupları hələ də Qarabağ məsələsi üzərindən siyasi bazarlıq etmək və Paşinyanı təzyiq altında saxlamaq istəyirlər. Lakin bu dəfə vəziyyət fərqlidir. Paşinyan hökuməti ilk dəfə açıq şəkildə separatçılarla məsafə saxlayır və onlara dövlət səviyyəsində dəstək verməkdən imtina edir. Üstəlik, Ermənistan parlamentinin sədri Alen Simonyanın da bu fəaliyyətlərə açıq şəkildə etiraz etməsi göstərir ki, artıq İrəvanın əsas siyasi mərkəzlərində “artsax” kartı oynanılmır. Paşinyan administrasiyası başa düşür ki, bu cür oyuncaq strukturların fəaliyyətinə göz yummaq, Azərbaycanla mümkün sülh sazişi öncəsi ciddi zərbə ola bilər".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
15 Iyun 2025
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ