Onlayn ictimai-siyasi qəzet
8 avqustda Vaşinqtonda keçirilən üçtərəfli sammitin ətrafında yaranan gərginlik artıq səngiyib. İndi tərəflərin əldə etdikləri nəticələrə daha aydın baxmaq mümkündür.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Sergey Melkonyanın yazısında yer alıb.
Erməni ekspertin fikrincə, “Sammitin əsas qalibi Azərbaycan oldu. Bakı bir neçə mühüm üstünlük qazandı:
• ATƏT-in Minsk qrupunun rəsmən ləğvi – bununla “Dağlıq Qarabağ məsələsinin” bağlanması beynəlxalq səviyyədə legitimləşdirildi. Ermənistan və Azərbaycan artıq bu barədə təşkilata ortaq bəyanat göndərib.
• “Azadlığa Dəstək Aktına” 907-ci düzəlişin ləğvi – bu, ABŞ-la hərbi-texniki əməkdaşlıq üçün real imkanlar açır.
• Naxçıvana yolun açılması – sənədlərdə Azərbaycanın eksklavına “maneəsiz” çıxış hüququ təsbit olunub. Bu, Bakının əlini gücləndirən əsas məqamlardan biridir.
Ermənistanın vəziyyəti
Rəsmi İrəvan yalnız perspektivlərdən danışa bilər. Ermənistan üçün əsas “qazanclar” yaxın dövrdə eskalasiyanın təxirə salınması və Türkiyə ilə sərhədin açılması imkanlarının yaranmasıdır. Amma bu prosesin real fayda gətirəcəyi sual altındadır.
Əksinə, Ermənistan bir sıra güzəştlərə məcbur olub:
• Minsk qrupunun ləğvi barədə bəyanatı hələ sülh müqaviləsi imzalanmadan təqdim edib.
• Naxçıvana yolun açılması ilə bağlı Azərbaycanın tələb etdiyi şərtləri qəbul edib. Halbuki, əvvəllər İrəvan İranın “Araz dəhlizi” üzrə təcrübəsinə uyğun modeldən danışırdı.
• İrəvanın Konstitusiyasını dəyişmək öhdəliyi götürülüb. Amma mövcud reallıqda bu, Ermənistan cəmiyyətində dəstək tapmır və müqavilənin imzalanması uzadılır.
Bundan əlavə, Avropa İttifaqının müşahidə missiyası da format dəyişikliyinə gedəcək. Bunun nəticəsində Ermənistan ərazisində eyni anda avropalı müşahidəçilər, rus hərbçiləri, rus sərhədçiləri və amerikalı şirkət nümayəndələri olacaq.
Regiondakı güc balansı
Sammitin nəticələri Rusiya və İranın maraqlarına ziddir. Hər iki ölkə regiondakı proseslərdən kənarda qalıb.
Bu isə Cənubi Qafqazda yeni status-kvonun formalaşdığını göstərir. Türkiyənin mövqeləri isə daha da güclənib. Ankara bölgənin əsas oyunçusuna çevrilmək şansını əldə edib. Bunun reallaşması TRIPP layihəsinin taleyindən və Ermənistanla sərhədin açılıb-açılmamasından asılı olacaq.
Moskva və Tehran hələ gözləmə mövqeyindədir. Amma fakt ondan ibarətdir ki, Bakı konkret qazanclar əldə edib, Ermənistan isə yalnız vədlərlə kifayətlənib və əlavə öhdəliklər götürüb”.
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ