İnsanlara hürriyət, millətlərə istiqlal!

Skandal! 46 nəfərin diplomu Azərbaycanda tanınmadı - siyahıda elə ölkələr var ki...

Təhsil eksperti: “Azərbaycanın Harvard diplomunu tanımaması məntiqə sığmır, belə getsə, ölkədən ”beyin axını" güclənəcək"

Xaricdə təhsil almış daha 46 nəfərin diplomu tanınmayıb.

Bu barədə TKTA-dan verilən məlumatda bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq 16 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması, 6 dövlət nümunəli olmayan diplom, 5 təhsilalma forması, 4 tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması və əhəmiyyətli fərq (kredit sayı), 3 akkreditə olunmamış ali təhsil müəssisəsi (təhsil dövrünün bir hissəsinə münasibətdə), 3 kollec diplomu ilə bakalavriat uyğunsuzluğu, 2 ekvivalenti olmayan ixtisas, 2 akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, 1 əhəmiyyətli fərq (kredit sayı), 1 ixtisas uyğunsuzluğu, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması və ixtisas uyğunsuzluğunu göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyədən 155, Rusiyadan 152, Ukraynadan 144, Belarusdan 27, Birləşmiş Krallıqdan 27, Gürcüstandan 23, Polşadan 9, Amerika Birləşmiş Ştatlarından 8, İtaliyadan 6, Almaniyadan 5, Çin Xalq Respublikası, İran İslam Respublikası, Macarıstan, Qazaxıstan və Qırğız respublikalarının hər birindən 4, İsveç Krallığı və Litva Respublikasından 3, Avstriya Respublikası, Belçika Krallığı, Əlcəzair Xalq Demokratik Respublikası, Fransa Respublikası, Norveç Krallığı, Səudiyyə Ərəbistan Krallığı, Yaponiya və Latviya respublikalarının hər birindən 2, həmçinin Estoniya, Hindistan, İndoneziya, İraq Respublikası, İsveçrə Konfederasiyası, Mozambik Respublikası, Niderland Krallığı, Nigeriya Federativ Respublikası, Portuqaliya Respublikası, Qambiya Respublikası, Rumıniya, Somali Federativ Respublikası, Şri-Lanka Demokratik Sosialist Respublikası, Sudan və Tacikistan respublikalarının hər birindən isə 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 139, yanğın təhlükəsizliyi mühəndisliyi üzrə 31, biznesin idarə edilməsi üzrə 28, menecment üzrə 26, tibb üzrə 26 müraciət qeydə alınıb.

Siyahıda kifayət qədər yüksək təhsil verən ölkələrin adları çəkilir. Xüsusən də ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya, Norveç, Belçika, hətta Yaponiya kimi dövlətlərin ali təhsil ocaqlarından söhbət gedir.

Bəs bu məzunların zəhməti hara getdi? Doğrudanmı təhsilimiz o dərəcədə inkişaf edib ki, ABŞ, Yaponiya, Fransa kimi ölkələrə aid diplomları tanımırıq? Bundan başqa, həmin gənclər pis-yaxşı xarici təhsil alıblar, fərqli dünyagörüşünə sahibdirlər, karyera qurmağa hazırlaşırlar. Onların aqibəti necə olacaq? Bu halda, o gənclər Azərbaycanı tərk edib xaricdə kadra çevrilərsə, ölkəmiz üçün “beyin axını” deyilmi?

Həddini aşmış bu adam...” – Məktəb direktorundan Kamran Əsədova sərt  İTTİHAMLAR | Modern.az

Kamran Əsədov

Təhsil üzrə mütəxəssis Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Azərbaycanda xaricdə təhsil almış məzunların diplomlarının tanınmaması ilə bağlı problemlər artıq illərdir davam edir və bu məsələ hər dəfə yeni rəqəmlər açıqlananda daha da qəliz və ziddiyyətli mənzərə yaradır. TKTA-nın son məlumatına görə, 46 nəfərin diplomu müxtəlif səbəblərə görə tanınmayıb. Ən çox göstərilən arqumentlər arasında tədris yükünün normativdən az olması, akkreditasiyasız ali məktəblər, təhsil forması və ixtisas uyğunsuzluğu kimi bəndlər qeyd olunur. Bu isə həm həmin gənclərin illərlə sərf etdiyi zəhməti, ailələrinin külli miqdarda çəkdiyi xərcləri heçə çıxarır, həm də ölkənin beynəlxalq təhsil siyasətindəki ziddiyyətləri açıq şəkildə ortaya qoyur. Dövlət bir tərəfdən gənclərin xaricdə təhsil almasını təşviq edir, digər tərəfdən eyni gənclərin diplomunu tanımamaqla onları faktiki olaraq işsizlik və perspektivsizliklə üz-üzə qoyur.

Rəqəmlərə baxanda təkcə 2024-cü ildə xaricdə təhsil almış təxminən 800-ə yaxın gəncin diplomunun tanınması ilə bağlı müraciətinə mənfi cavab verilib. Bu rəqəm içərisində ABŞ, Böyük Britaniya, Almaniya, Yaponiya, Fransa kimi dünya təhsilində ən yüksək göstəricilərə malik ölkələrdə təhsil almış məzunlar da var. TKTA-nın açıqladığı səbəblər arasında “tədris yükü normativdən azdır” kimi qeydlər xüsusi diqqət çəkir. Məsələ ondadır ki, Bolonya prosesi çərçivəsində kredit sistemi demək olar ki, bütün Avropa və Şimali Amerika ölkələrində oxşar qaydalarla tətbiq olunur və bu sistemdə minimal yük tələbləri Azərbaycanın müəyyən etdiyi normativdən az deyil. Bu səbəb əsassız görünsə də, ölkəmizdə diplom tanınmaması üçün ən çox istifadə olunan bəhanələrdən biridir. Bu, inzibati baryerlərin hüquqi normalarla deyil, subyektiv qərarlarla tənzimləndiyini göstərir".

Mütəxəssis qeyd edir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13.2-ci maddəsində dövlətin vəzifəsi kimi hər bir vətəndaşın aldığı təhsilin tanınması üçün şərait yaratmaq xüsusi vurğulanır:  “Eyni zamanda Nazirlər Kabinetinin "Xaricdə verilmiş təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən edilməsi Qaydaları"nın 3.1-ci bəndində yazılır ki, məqsəd beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və təhsil alan şəxslərin peşəkar fəaliyyətinə maneə yaratmamaqdır. Amma praktikada TKTA-nın fəaliyyəti, əksinə, gənclərin peşəkar fəaliyyətinə maneələr yaradır və prosesdə şəffaflıq yoxdur. Qərarların verilməsi üçün elmi əsaslandırılmış vahid meyarlar ictimaiyyətə açıq deyil, hər il dəyişən yanaşmalar və ziddiyyətli şərhlər gənclərin gələcəyini risk altına atır".

Kamran Əsədova görə, bu siyasətin mənfi nəticələri çoxşaxəlidir: “Birincisi, gənclər xaricdə keyfiyyətli təhsil almaq üçün vaxt, enerji və ailə büdcəsindən minlərlə dollar xərcləyir, lakin ölkəyə qayıtdıqda diplomlarının tanınmaması səbəbilə peşəkar fəaliyyət göstərə bilmir. İkincisi, bu vəziyyət "beyin axını"nı sürətləndirir, gənclər diplomlarının tanınmaması riskini nəzərə alaraq Azərbaycana qayıtmamaq qərarı verir və başqa ölkələrdə qalır. Üçüncüsü, dövlətin öz ali təhsil sisteminə həddən artıq üstünlük verməsi, sanki Azərbaycan universitetlərinin ABŞ, Yaponiya, Almaniya kimi ölkələrin universitetlərindən daha keyfiyyətli imiş kimi davranması ictimaiyyətdə ciddi etiraz doğurur. Halbuki dünya reytinqlərində Azərbaycanın ali məktəbləri 700-cü yerlərdən yuxarı qalxmır, diplomları tanınmayan universitetlər isə dünyanın ən yaxşı 200 ali məktəbi sırasındadır. QS World University Rankings 2024 hesabatına görə, ABŞ-dan Harvard, MIT, Böyük Britaniyadan Oxford, Cambridge, Yaponiya və Almaniyadan onlarla universitet ilk 100-lükdədir. Bu reallıq fonunda Azərbaycanın həmin diplomları tanımaması heç bir məntiqli izaha sığmır.

Dünya təcrübəsi tam əks istiqamətdədir. Avropa İttifaqında Lissabon Tanınma Konvensiyası çərçivəsində üzv ölkələr bir-birinin diplomlarını avtomatik tanıyır və yalnız saxta sənəd hallarında imtina edilir. Kanada və ABŞ-da diplom tanınması dövlətin deyil, işəgötürənlərin səlahiyyətindədir və bazar mexanizmi özü keyfiyyətli təhsili seçir. Azərbaycan isə diplom tanınması prosesini inzibati baryerlərlə yükləyərək həm beynəlxalq əməkdaşlığı zəiflədir, həm də gənclərə qarşı sosial ədalətsizlik yaradır. Elm və Təhsil Nazirliyi bu istiqamətdə heç bir maarifləndirici iş aparmır, ictimaiyyət üçün vahid və aydın qaydalar təqdim etmir, TKTA ilə bağlı yüzlərlə şikayətə baxmayaraq, problemi həll edəcək plan və proqnoz ortaya qoymur. Nazirlik faktiki olaraq bu böhranı kənardan izləyir və nəticədə Azərbaycan diplom tanımayan azsaylı ölkələrdən biri kimi mənfi imic qazanır".

Əsədov hesab edir ki, problemin həlli üçün diplom tanınması mexanizmləri sadələşdirilməli, Lissabon Konvensiyasına tam uyğun avtomatik tanınma sistemi tətbiq olunmalı, yalnız saxta və akkreditasiyasız ali məktəblər üzrə istisna hallarda məhdudiyyət qoyulmalıdır: “Gənclərin illərlə çəkdiyi zəhmətə, ailələrin minlərlə dollar xərclədiyi təhsilə hörmət edilməli, onların ölkəyə qayıdaraq inkişafına töhfə verməsi üçün maneələr aradan qaldırılmalıdır. Əks halda, yəni bu yanaşma davam etdiyi müddətdə "beyin axını" daha da güclənəcək, Azərbaycan öz gələcəyini itirəcək və təhsil siyasəti kağız üzərində yazılan, reallıqda isə tətbiq edilməyən vədlərdən ibarət qalacaq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Avqust 2025

01 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR