Onlayn ictimai-siyasi qəzet
O, şahmat oynamağa təsadüfən başlayıb. Bu gün isə Şotlandiyanın ən gənc üçqat şahmat çempionudur. Gənc yaşlarından həm təhsil, həm də idman sahəsində uğurlar qazanan Murad Abdulla öz zəhməti və iradəsi ilə fərqlənməyi bacaran azərbaycanlı gənclərdən biridir. Uşaqlıqda ailəsi ilə birlikdə Şotlandiyaya köçən Murad burada iki fərqli mədəniyyətin təsiri altında formalaşıb. AZƏRTAC-a verdiyi müsahibədə o, şahmata olan marağının necə yarandığını, ilk böyük qələbələrini, hazırda çalışdığı peşə sahəsini və gələcəyə dair planlarını bölüşüb. Eyni zamanda, bir diaspor gənci kimi kimliyini necə qoruduğundan da danışıb.
- Gəlin, əvvəlcə sizin hekayənizlə başlayaq. Harada anadan olmusunuz və ailəniz nə zaman Şotlandiyaya köçüb?
- Mən 2000-ci ildə Bakı şəhərində anadan olmuşam. Ailəm atamın işi ilə əlaqədar olaraq mən beş yaşım olarkən Şotlandiyaya köçüb.
- Uşaqlıqdan bəri iki mədəniyyət arasında böyümüsünüz. Bu təcrübə həyatınıza necə təsir edib və Azərbaycanla bağlılığınızı necə qoruyub saxlamısınız?
- İki mədəniyyət arasında böyümək mənim üçün böyük üstünlük idi. Bu, mənə daha geniş dünyagörüşü və həm doğma, həm də yaşadığım ölkənin mədəniyyətini dərindən anlama imkanı verdi. Əlbəttə, əvvəllər çətinliyim oldu, çünki vaxtımın çoxunu Şəkidə nənəm və babamla keçirən biri olaraq özümü birdən dilini anlamadığım, tamamilə yad bir ölkədə tapdım. Məktəbin ilk günü müəllimlər mənə təsəlli vermək üçün başqa sinifdən türkdilli bir oğlan gətirdilər, amma o da məni tam anlamadı, bəlkə də ləhcəmə görə. Sonra sinif yoldaşım olan polyak bir uşaqla dostlaşdım. Hələ heç birimiz ingilis dilini bilmirdik, amma hərəmiz öz dilimizdə danışaraq bir-birimizi başa düşür və gülürdük. Sanki özümüzə bir dil yaratmışdıq. Zamanla yeni mühitə uyğunlaşdım, məktəb və futbol vasitəsilə dostlar qazandım. Digər azərbaycanlı ailələrlə də əlaqələr qurduq. Beləcə, Azərbaycan və Şotlandiya mədəniyyətləri şəxsiyyətimdə təbii şəkildə birləşdi.
Azərbaycanla bağlılığım isə həm mədəni, həm də şəxsi planda hər zaman güclü olub. Evdə daim azərbaycanca danışırıq, buna görə də dili yaxşı başa düşür və danışa bilirəm. Klassik Azərbaycan filmləri, musiqisi və muğamı ilə böyümüşəm. Atam tez-tez evdə muğam səsləndirərdi. Anamın bişirdiyi Azərbaycan yeməkləri isə mənim üçün hələ də mütləq dad və keyfiyyət meyarıdır. Qərb mətbəxində çox nadir hallarda bu ləzzəti tapa bilirəm. Bundan əlavə, Azərbaycanla əlaqəni yalnız ailə daxilində deyil, sosial həyatımda da qoruyub saxlamışam. Şotlandiyada yaşayan digər azərbaycanlı ailələrlə və universitetdəki dostlarla əlaqəmi daim aktiv saxlayıram. Qarabağ Zəfərimizi qeyd etmək, Novruz bayramı kimi milli ənənələri burada yaşayan azərbaycanlı icması ilə birlikdə qeyd etmək, Azərbaycan musiqisini və ictimai-siyasi xəbərləri izləmək mənim üçün vacib olub. Özümü hər zaman diasporun bir üzvü kimi hiss etmiş və bu mənsubiyyətə sadiq qalmışam. Son illərdə yay aylarında təcrübə proqramları, iş və şahmat yarışları ilə bağlı olduğum üçün Bakıya səfər etməyə çox vaxtım olmayıb. Amma ümid edirəm ki, bu yay ailəmlə birlikdə yenidən səfər edəcəyik.
- Necə oldu ki, şahmatla məşğul olmağa başladınız? Bunu sizə ailəniz təşviq etdi, yoxsa məktəb vaxtlarında özünüzün marağı yaranıb?
- Əslində, şahmata necə başladığım özüm üçün də bir qədər müəmmalıdır. Çünki bunu heç vaxt masa arxasında oturub rəsmi şəkildə öyrənməmişəm. Hələ Bakıda yaşadığımız dövrdə qardaşım yerli şahmat klubuna gedir və dərslər alırdı. Anam onu dərsdən götürməyə gedəndə məni də özü ilə aparırdı, mən isə klubda ora-bura qaçır, fiqurları atıb oynayır, bir növ qarışıqlıq yaradırdım. Ola bilsin ki, bəzi anlayışları sadəcə eşitdiklərim vasitəsilə şüuraltı yaddaşıma yeritmişəm. Qardaşlar arasında olan “rəqabət” hissindən irəli gələrək, mən həmişə ona heyranlıqla baxır, etdiyi hər şeyi təqlid etməyə çalışırdım. Yəqin ki, şahmata marağım da elə buradan qaynaqlanır.
- Özünüzdə şahmat potensialı olduğunu nə vaxt hiss etdiniz?
- Uşaq vaxtı bir gün oyuncaq almaq üçün bir mağazaya getmək istəyirdim. Atam isə kompüterdə şahmat məsələsi üzərində işləyirdi. Vaxt keçirdi və mağaza bağlanmaq üzrə idi. Mən isə tapmacaya baxıb instinktiv olaraq bir gediş dedim və bu, düzgün cavab oldu. Atam bundan sonra mənim üçün şahmat klubu axtarmağa başladı. Elə bu cür şahmat fəaliyyətim başladı. Mühüm mərhələlərdən biri NEJCA klubuna - Şimali Şərq Uşaq Şahmat Assosiasiyasına qoşulmağım oldu. Bu klub Dr. Gerald Lobley tərəfindən idarə olunurdu. O, Britaniya İmperiyası Ordeninə layiq görülmüş görkəmli bir şəxs idi. Bundan sonra qazandığım bir neçə uğur məni erkən yaşlarımdan daha da həvəsləndirdi.
Məsələn, ilk NEJCA turnirində qalib gəlməyim və 11 yaşımda keçirilən simultan oyunda qrosmeyster Sarunas Sulskisi məğlub etməyim bu yolda əhəmiyyətli mərhələlərdən oldu. Həmin oyun gecə yarısına qədər davam etdi və turnirin ən uzun sürən qarşılaşması oldu. Sonda qalib gəlməyim isə məni çox sevindirdi.
Daha sonra isə Şotlandiya Çempionu oldum. Bu titul mənim üçün xüsusilə dəyərli idi, çünki Şotlandiya Kuboku yüz ildən çox əvvəl hazırlanıb və qalibin adı hər dəfə ora həkk olunur. Bu tarixə mənim də adımın üç dəfə yazılması (2017, 2018 və 2022-ci illər) məni çox qürurlandırırdı.
Qalib gəldikdən sonra insanlar tez-tez haralı olduğumu soruşur, Azərbaycandan olduğumu eşidəndə ölkəmiz barədə suallar verirdilər. Bu da mənə öz vətənimiz, xalqımız və mədəniyyətimiz haqqında danışmaq üçün gözəl bir imkan yaradırdı. Son illərdə, xüsusilə Zəfərimizdən sonra, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını aydın şəkildə hiss edirəm. Bu, xaricdə yaşayan azərbaycanlılar üçün böyük qürur və fəxarət mənbəyidir. Harada yaşamağımdan asılı olmayaraq, uğurlarımda və düşüncə tərzimdə Azərbaycan həmişə mənimlədir.
- Hazırda Azərbaycandakı şahmat mühitini izləyirsinizmi? Sizcə, ölkəmiz dünya şahmatında necə mövqe tutur? Oyununuzu formalaşdırdığınız dövrdə təsirləndiyiniz azərbaycanlı şahmatçılar oldumu?
- Azərbaycanda şahmat mühitini yaxından izləyirəm. Ölkəmizin aparıcı qrosmeysterlərindən olan Qədir Hüseynovla əlaqə saxlayıram. O, mənim partiyalarımı analiz etməyə kömək edir, mənə təlim keçərək dəstək olur. Maraqlıdır ki, o, həm də Şotlandiyada yaxın dostum Endryu Qrinin məşqçisidir. Endryu mənim şahmatda yüksəlməyimdə mühüm rol oynayıb. Bundan başqa, yeniyetmələr arasında müxtəlif Avropa və dünya çempionatlarında tanış olduğum azərbaycanlı şahmatçılarla da dostluq münasibətlərim var. Azərbaycan bu gün dünya şahmat xəritəsində özünəməxsus yer tutur. Həm kişilərdən, həm də qadınlardan ibarət komandalarımız beynəlxalq yarışlarda tez-tez mükafatçılar sırasında olur. Xüsusilə 2010-cu illərin əvvəlində dünya şahmatında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və mərhum Vüqar Həşimov kimi ustadlarımızın adı ön sıralarda çəkilirdi. Atam bu nəsli zarafatla Azərbaycanın məşhur “Qaya” vokal kvarteti ilə müqayisə edərdi. Düşünürəm ki, azərbaycanlı şahmatçılarımızın oyun üslubunda xalqımızın xarakteri, yəni dinamiklik, taktiki və daim qələbə uğrunda mübarizə aparmaq əks olunur. Mən də Şəhriyar Məmmədyarov və Vüqar Həşimov kimi kəskin və kreativ üslub nümayiş etdirən oyunçuları özümə örnək götürmüşəm.
- Hazırda maliyyə sahəsində, “IMC” şirkətində treyder kimi çalışırsınız. Bu sahəyə keçid necə baş verdi? Sizi bu istiqamətə nə cəlb etdi?
- Mən Şotlandiyanın Sent-Endryus Universitetində “Data Science” ixtisası üzrə təhsil almışam. Tədris proqramı çərçivəsində riyaziyyat və kompüter elmləri üzrə dərslər keçdim. Son kurslarda maliyyə riyaziyyatı və maşın öyrənməsi modullarını seçdim. Elə həmin dövrdə pandemiyanın qlobal maliyyə bazarlarına təsir etdiyi bir vaxtda treydinqə böyük marağım yarandı və əyləncə məqsədilə maliyyə bazarlarında sınaqlar etməyə başladım. Bu sahəyə marağım zamanla daha da dərinləşdi. Çünki həm bacarıqlarıma, həm də maraq dairəmə uyğun idi. Treydinq də şahmat kimi analitik düşünmə, oxşarlıqları görmək və qısa zamanda düzgün qərarvermə qabiliyyəti tələb edir. Həmçinin bu iş mənə universitetdə öyrəndiklərimi real həyat şəraitində tətbiq etmək imkanı yaradır ki, bu da çox dəyərlidir.
- Bəs, indi də şahmatla fəal olaraq məşğul olursunuz, yoxsa artıq sizin üçün yalnız bir həvəsdir?
- Hazırda şahmat əsasən peşəkar fəaliyyətimdən əlavə bir məşğuliyyətə çevrilib. Məktəb illərində olduğu kimi gündəlik məşqlərə vaxt ayırmaq bir qədər çətindir. Lakin çalışıram ki, vaxtımı düzgün planlaşdıraraq imkan olduqca məşq edim.
- Yarışlara qatılırsınızmı? Yaxın dövr üçün planlaşdırdığınız turnirlər və ya hədəflər varmı?
- Bəli, yarışlara mütəmadi şəkildə qatılıram, liqa oyunları və yerli həftəsonu turnirlərində iştirak edirəm. Hazırda əsas məqsədim Beynəlxalq Usta (IM) titulunu qazanmaqdır. Artıq tələb olunan üç normadan birini əldə etmişəm. Bu il daha tez-tez iştirak etməyi planlaşdırıram. Əgər vaxt imkan versə, bu il Azərbaycanda keçiriləcək şahmat festival turnirlərindən birində iştirak etməyi çox istərdim.
- Sizin uğur yolunuzu özünə nümunə götürən, xüsusilə miqrant ailələrindən olan gənclərə nə mesaj vermək istərdiniz?
- Onlara demək istərdim ki, belə bir unikal şəraitdə həm azərbaycanlı kimliyinə, həm də fərqli mədəniyyətlərə malik olmaq çox böyük fürsətdir. Bu, insanı daha bütöv və zəngin bir şəxsiyyətə çevirir. Gənclər qarşılarına qoyduqları hədəflərə çatmaq üçün daim çalışmalı, mövcud imkanlardan maksimum yararlanmalıdırlar. Eyni zamanda kökləri ilə əlaqəni heç vaxt itirməməlidirlər, çünki insan üçün Vətən qədər doğma və dəyərli bir yer yoxdur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
ŞƏRHLƏRŞƏRH YAZ