Onlayn ictimai-siyasi qəzet
ABŞ-nin məşhur analitik mərkəzi “Stratfor” Cənubi Qafqazla bağlı yeni proqnoz açıqlayıb. Hesabata görə, Qarabağ münaqişəsinin həlli regionda strateji nizamı dəyişəcək, Azərbaycanın Şərq-Qərb tranzit qovşağı kimi rolunu daha da gücləndirəcək, Ermənistan isə daxili iğtişaşlara qarşı daha həssas vəziyyətə düşəcək.
Mərkəzin proqnozuna əsasən, Ermənistan Qərbə inteqrasiyanı davam etdirəcək və Avropa İttifaqı ilə yeni tərəfdaşlıq gündəliyi imzalayacaq. Bununla belə, Moskva ilə ticarət əlaqələri zəifləsə də, kənd təsərrüfatı, enerji və əmək miqrasiyası sahəsində dərin asılılıq qalacaq. Təhlükəsizlik baxımından Rusiyaya bağlılığın azalması, Qərbin isə məhdud dəstəyi Ermənistanı Azərbaycanın qarşısında müdafiəsiz vəziyyətə sala bilər. Bakı ilə sülh sazişinin imzalanması fonunda konstitusiya dəyişikliyi məsələsi daxildə siyasi gərginliyi artıra və uzunmüddətli etirazlara səbəb ola bilər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra Ermənistanla birbaşa dialoq başlanıb: “30 il ərzində belə dialoqlardan söhbət belə gedə bilməzdi, hər zaman vasitəçilər olurdu. İndi isə vasitəçilər olmadan, dialoq qurulub, sərhədlərin müəyyənləşməsi, dəhlizin salınması, sülh müqaviləsinin paraflanması, Paşinyanın reallıqları qəbul etməsi 44 günlük Vətən müharibəsinin nəticələrindən irəli gəlir. Lakin bu, yekun deyil, gələn il bölgə üçün taleyüklü illərdən biri ola bilər.
Paşinyanın verdiyi vədlərə sadiqliyindən də çox şey asılıdır. O, seçkilərdə qalib gəldikdən sonra yeni konstitusiya qəbul edərsə, o zaman sülh müqaviləsi imzalanacaq, sərhədlər açılacaq və ticarət əlaqələri başlayacaq".
Elxan Şahinoğlu
Siyasi şərhçi deyir ki, sülh müqaviləsi imzalanarsa, Rusiyanın bölgəyə təsiri kifayət qədər azalacaq: “Ermənistanda konstitusiya dəyişikliyindən sonra uzunmüddətli iğtişaşların baş verəcəyini düşünmürəm. Əksinə, təxribatlar seçkiyə qədər ola bilər. Paşinyanı devirmək və ya öldürmək istəyə bilərlər. Lakin hələ gücləri çatmır. Çünki Ermənistanda susqun çoxluq var ki, Paşinyanı dəstəkləyir. Bu baxımdan Paşinyanın seçkilərdə qələbə çalmaq şansı var. O, qalib gələndən sonra nə qədər mitinq keçirsələr də, həmin qüvvələr reallıqla barışacaqlar”.
E.Şahinoğlunun fikrincə, Ermənistanın Rusiyadan hərbi sahədə asılılığı tədricən azalır: “Çünki İkinci Qarabağ müharibəsindən sonra Zvartnots hava limanından Rusiya sərhədçiləri çıxarılıb, Ermənistanın İran və Türkiyə ilə sərhədində də rus sərhədçilərin sayı azaldılıb. Əsas hədəf Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılmasıdır. Bu, çətin olacaq, lakin Paşinyan seçkilərdə qalib gələrsə, belə bir addımı atacaq. Digər tərəfdən, seçkidən sonra Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi də aktuallaşır. Paşinyan bunu indi edə bilməz. Çünki o, seçkiyə qədər Rusiyanı qıcıqlandırmaq istəmir. Lakin seçkidən sonra Rusiyadan hərbi asılılığı azaltmağa çalışacaq.
İqtisadi əlaqələr isə əlbəttə, qalacaq. Bu, Ermənistan üçün faydalıdır. Onu da qeyd edim ki, Zəngəzur dəhlizi işə düşərsə, Ermənistan Azərbaycanın nəqliyyat imkanlarından istifadə edərək də Rusiya ilə ticarət əlaqələrini gücləndirə bilər. Hazırda Ermənistan “Yuxarı Lars” keçid məntəqəsindən asılıdır. Orada qışda qar uçqunları, yayda isə çayların daşması hərəkətə mane olur. Zəngəzur dəhlizi isə Ermənistana imkan yaradacaq ki, məhsullarını Azərbaycanın üzərindən Rusiyaya çatdırsın və ticarət əlaqələri qalsın".
Qulamhüseyn Əlibəyli
Siyasi şərhçi Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Azərbaycanın inkişaf etməsi, geosiyasi və nəqliyyat-kommunikasiya mərkəzinə çevrilməsi günün reallığıdır: “Bunu hər kəs, o cümlədən Ermənistan hakimiyyəti də başa düşür. Ona görə də prosesləri uzatmağa çalışırlar. Rusiya da bu məqamda Ermənistanda aranı qarışdırmağa çalışacaq ki, sülh prosesini pozsun və Zəngəzur dəhlizi ilə bağlı məsələni təxirə salmağa və ya özünün ona nəzarətinə nail olsun. Bu mənada Rusiyanın Ermənistana daxili təsir imkanları çoxdur. Rusiya çalışacaq ki, həmin o revanşist qüvvələrin köməkliyi ilə Ermənistanda müəyyən təxribatlar törətsin. Lakin hesab edirəm ki, erməni cəmiyyəti revanşizm ovqatında olsa da, hər halda, sağlam düşüncəli olanlar da var. Hakimiyyətdəki bu qüvvələr üstünlük qazanacaq və daxili təlatümləri geridə qoyacaqlar".
Q.Əlibəyli bildirib ki, Ermənistanın Rusiyadan asılılığı çoxdur: “Çünki Ermənistan iqtisadiyyatı, kommunikasiya xətəri, sərhədləri bütövlükdə Rusiyanın nəzarəti altındadır. Paşinyan bu nəzarəti zəiflətməyə çalışır. Lakin Rusiyanın Ermənistan iqtisadiyyatına təsirini birdən-birə aradan qaldırmaq mümkün deyil. Zəngəzur dəhlizinin tikilməsi Rusiyanın Ermənistana təsir imkalarını xeyli zəiflədəcək”.
Politoloq deyib ki, Paşinyan seçkilərdə qalib gələrsə, müəyyən problemlər yaratmağa çalışacaq: “Paşinyan da vaxtın uzadılmasının tərəfdarıdır. Hesab edir ki, Qərb ölkələri, xüsusən də Fransa ona kömək edəcək. Hesab edirəm ki, Paşinyan vədlərin hamısı olmasa da, müəyyən bir hissəsini yerinə yetirəcək”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ