İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt işimizi əlimizdən alacaq? - "Meta"da işləyən mütəxəssis danışdı - SENSASİYA

Artıq 5 ildən çoxdur İngiltərədə yaşayan azərbaycanlı proqramçı Sabir Əlizadə hazırda “Meta” şirkətində “WhatsApp”ın monetizasiya sahəsində çalışır. O, həmçinin İngiltərədə həmtəsisçiləri ilə birgə süni intellekt üzrə startap da qurub.

Musavat.com xəbər verir ki, AZƏRTAC-a müsahibəsində Sabir Əlizadə proqramlaşdırmaya marağının necə yarandığından, “WhatsApp”da görülən işlərdən və süni intellektin yaxın gələcəkdə dünyanı necə dəyişəcəyindən danışıb.

- Neçə ildir Londonda yaşayırsınız?

- Təxminən 6 ildir ki, Londonda yaşayıram. Karyerama Berlində başladıqdan sonra Londona köçərək “Meta” şirkətində çalışmağa başladım. Bir müddət sonra isə öz həmtəsisçilərimlə birlikdə Böyük Britaniyada süni intellekt (Sİ) laboratoriyası qurduq. Məqsədimiz fərqli sektorların ehtiyaclarına uyğunlaşdırılmış ağıllı Sİ agentləri hazırlamaqdır. Hazırladığımız məhsullar arasında ən çox maraq görəni və bizneslər tərəfindən fəal istifadə olunanı otel və restoran sektoru üçün hazırladığımız süni intellekt agentidir.

- Startapınızda yaratdığınız məhsul konkret olaraq nəyi hədəfləyir?

- Otel və restoran biznesinin idarə edilməsi olduqca mürəkkəb və çoxsaylı dəyişənlərdən asılı bir prosesdir. Bir insanın bütün məlumat axınını, təchizat zənciri, qiymətqoyma, işçi qrafiki, xərclərin optimallaşdırılması kimi parametrləri eyni anda analiz edərək hər zaman optimal qərar verməsi demək olar ki, qeyri-mümkündür. Bizim həllimiz, bu müəssisələrə Sİ-yə əsaslanan bir "virtual köməkçi" təqdim etməkdir. Bu agent bütün mövcud datanı qısa zamanda təhlil edərək menecerlərə strateji qərarlar üçün konkret tövsiyələr verir. Statistikaya görə, yeni açılan restoranların təxminən 80 faizi ilk il ərzində bağlanır. Bizim əsas hədəfimiz Sİ vasitəsilə bu riski minimuma endirmək və data əsasında qərar qəbul etmə prosesini heç bir texniki bilik tələb etmədən, hər bir biznes üçün əlçatan etməkdir.

- “WhatsApp”da konkret olaraq hansı işləri görürsünüz?

- Mən "WhatsApp Business" platformasının inkişafı üzərində çalışıram. Milyardlarla insan "WhatsApp"ı şəxsi ünsiyyət üçün istifadə edir, lakin bizneslərin tələbləri daha fərqlidir: onlar eyni anda milyonlarla müştəriyə bildirişlər göndərmək və effektiv müştəri dəstəyi göstərmək istəyirlər. Rəhbərlik etdiyim komandalarla birlikdə mənim rolum bu böyükhəcmli infrastrukturu daha da təkmilləşdirmək və onun SMS və ya e-poçt kimi ənənəvi vasitələrdən daha səmərəli olmasını təmin etməkdir. Əsas məqsədimiz "WhatsApp"ı gələcəkdə biznes-müştəri əlaqələrinin mərkəzi platforması halına gətirməkdir.

- Mesajlaşma tətbiqlərinin gələcəyini necə görürsünüz?

- Mesajlaşma texnologiyaları tarixən məktublardan, faksa, SMS-ə və nəhayət müasir tətbiqlərə doğru təkamül edib. İndi isə növbəti böyük transformasiyanın astanasındayıq: süni intellekt agentlərinin inteqrasiyası. Yaxın gələcəkdə sizin adınızdan mesajlara cavab verən, sifarişləri idarə edən ağıllı Sİ agentləri həyatımızın ayrılmaz hissəsi olacaq. Son 20 ilki həyatımız smartfonlar üzərində qurulub. Lakin 5-10 il ərzində bu paradiqma da dəyişəcək. "Ağıllı eynəklər" (smart glasses) kimi yeni cihazlara keçid edəcəyik və “WhatsApp” kimi tətbiqləri birbaşa bu yeni platformalardan istifadə edəcəyik.

- Süni intellekt iş yerlərinə necə təsir göstərəcək? Bəziləri qorxur ki, süni intellekt insanların iş yerlərini əllərindən alacaq.

- Bu, haqlı narahatlıqdır, amma mən bunu iş yerlərinin kütləvi itkisi kimi yox, internetin yaranması kimi böyük bir transformasiya olaraq görürəm. Süni intellekt əksər peşələri yox etməyəcək, əksinə, bir “ikinci pilot” kimi onları daha da gücləndirəcək. O sıxıcı və təkrarlanan işləri öz üzərinə götürəcək, bizə isə kreativ və strateji düşünmək üçün daha çox vaxt verəcək. Əsas dəyişiklik tələb olunan bacarıqlarda olacaq. Artıq fərq çox məlumata sahib olmaqda deyil, süni intellektə düzgün sualları verərək ondan lazımi cavabı almaq bacarığında olacaq. Buna görə də, əsl risk “süni intellekt işimi əlimizdən alacaq?” - sualı deyil. Əsl risk odur ki, sizin həmkarınız süni intellektdən sizdən daha yaxşı istifadə edərək daha məhsuldar olacaq. Məhz bu səbəbdən, hazırkı dövr öyrənməyə açıq olanlar üçün böyük fürsətlər yaradır.

- Bu sahədə ölkələrin mövqeyi necədir? Kimlər öndədir?

- Hazırda bu sahədə iki əsas qlobal güc var: ABŞ və Çin. ABŞ daha çox “Google”, “OpenAI”, “Anthropic” kimi özəl şirkətlərin və fundamental tədqiqatların gücü ilə liderlik edirsə, Çin dövlət strategiyası və nəhəng data üstünlüyü ilə sürətlə irəliləyir. Lakin bu qlobal rəqabətə baxmayaraq, mən inanıram ki, yarış hələ yeni başlayır. Bir çox sahədə hər şey “0-0” vəziyyətindədir və bu, Azərbaycan üçün də unikal bir fürsət deməkdir. Yeni Sİ modellərinin yaradılması böyük resurslar tələb edir ve bizim üçün bu çox çətin bir hədəfdir. Lakin bu modellər üzərində müxtəlif məhsulların qurulması prosesi hələ yeni başlayıb və əsl fürsət də məhz buradadır. Unutmayaq ki, gələcəyin nəhəng texnoloji şirkətləri məhz indi, bir neçə təsisçi tərəfindən kiçik ofislərdə qurulur. Əgər gənclərimiz bu dəyişikliyin bir hissəsi olmaq istəyirsə, bunun ən doğru yolu qorxmadan yeni məhsullar yaratmaq və öz startaplarını qurmaqdır.

- “Meta”da işləmək sizə nə qazandırır?

- “Meta”da, xüsusilə də “WhatsApp” komandasında işləmək, mənim üçün iki əsas məna daşıyır: nəhəng məsuliyyət və misilsiz təcrübə. Bir tərəfdən, bu, çox böyük bir məsuliyyətdir, çünki hazırladığımız məhsullardan 3 milyarddan çox insan istifadə edir. Böyük miqyasda kiçik bir texniki səhv milyonlarla insana təsir etdiyi üçün verdiyimiz texniki qərarların çəkisi çox ağırdır. Digər tərəfdən isə bu, əvəzsiz bir təcrübədir. Siz burada öz sahələrində dünyanın ən güclü beyinləri ilə birgə çalışırsınız. Belə bir mühitdə əsas çağırış, bu qədər ağıllı insan arasında ortaq bir hədəf formalaşdırmaq və ən mürəkkəb problemlərin həllində müzakirələrə düzgün istiqamət verməkdir. Bu proses səni hər gün öz sərhədlərini aşmağa və daha yaxşı olmağa məcbur edir. Yekun olaraq, “Meta” sizə həm qlobal miqyasda təsir imkanı, həm də dünyanın ən yaxşı mütəxəssisləri ilə birlikdə öyrənmək və inkişaf etmək fürsəti verir.

- Gələcəkdə iş dünyasında hansı dəyişiklikləri gözləyirsiniz?

- Gələcəyin iş dünyasında ən böyük dəyişikliklərdən birini peşəkar rolların sərhədlərinin aradan qalxmasında və onların birləşməsində görürəm. Məsələn, bu gün mühəndis kodu yazır, məhsul meneceri isə bazarı araşdırır. Sİ-nin köməyi ilə isə gələcəkdə bir nəfər həm bazar analizini anında apara, həm məhsulun dizaynını qura, həm də ilkin kodu hazırlayaraq ideyanı reallığa çevirə biləcək. Bu, xüsusilə startaplar üçün inqilabi bir fürsətdir, çünki artıq çox kiçik komandalar belə nəhəng layihələri həyata keçirə biləcək. Daha geniş mənada bu, bacarıqların demokratikləşməsi deməkdir. Məncə, ixtisaslaşmanın yerini süni intellektlə gücləndirilmiş universal mütəxəssislərin alması gələcəyin iş dünyasının əsas istiqamətlərindən biri olacaq.



Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR