Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam edir.
Musavat.com xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb.
Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.
İbtidai istintaq zamanı “Atlant” istirahət mərkəzinin üzərinə həbs qoyulub.
Bu iş üzrə Tahir Qədəşov şahid, kürəkəni Nofəl Hacıyev isə təqsirləndirilən şəxsdir.
Nofəl Hacıyevlə müttəhimlər kürsüsünü şirkətin icraçı direktoru Talış Məhəmmədov bölüşüb. İyunun 5-də keçirilən prosesdə ötən iclasda müzakirə olunan 2 qərarın icrası məsələsinə məhkəmənin münasibəti açıqlanıb.
Hakim bildirib ki, təqsirləndirilən Nofəl Hacıyevə məxsus əmlakların üzərinə həbs qoyulub, qərar icraya yönəlidilib. Bundan başqa, telefon danışıqları ilə bağlı sorğu göndərilməsi məsələsi də araşdırılacaq.
Qeyd edək ki, ötən məhkəmə iclasında "Atlant" İstirahət Mərkəzinin sahibinin vəkili Nofəl Hacıyevə məxsus 7 milyon manatlıq əmlakının üzərinə həbs qoyulmasını istəmişdi.
Məhkəmə prosesində Nofəl Hacıyev vəziyyətinin yaxşı olmadığını deyib və bunu 10 gün əvvəl qardaşı Rövşənin vəfat etməsi ilə əlaqələndirib. O, məhkəmədə iştirak edən maraqlı şəxs, qaynatası olan “Atlant”ın sahibi Tahir Qədəşovu ittiham edib: "Mən 30 il sənin qulun olmuşam. Allah sənə lənət eləsin!"
Tahir Qədəşov isə onun fikirlərinə əhəmiyyət verməyib. Mübahisə zamanı Nofəl Hacıyevin səhhəti pisləşib. O, özünü yaxşı hiss etmədiyi üçün məhkəmə zalına tibb bacısı dəvət olunub. Nofəl Hacıyevə tibbi yardım göstərilib.
Müayinədən sonra məlum olub ki, təqsirləndirilən şəxsin təzyiqi yüksəkdir. Bu səbəbdən iclasın təxirə salınması qərara alınıb. Buna isə zərərçəkmişlər etiraz ediblər. Bildiriblər ki, onların da səhhəti yaxşı deyil.
Hakim isə zərərçəkmişlərin diqqətinə çatdırıb ki, cinayət işi hərtərəfli araşdırılır: "Bu günə kimi 26 iclasımız olub. Biz işi tam araşdırırıq".
Zərərçəkmişlər prosesin davam etdirilməsini tələb ediblər.
Prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə bağlı qısa fasilə elan olunub. Fasilədən sonra məlum olub ki, Nofəl Hacıyevin səhhəti yaxşı deyil. Ona tibbi yardım göstərilsə də, vəziyyəti yaxşılaşmayıb. Bu səbəbdən iclasın davam etdirilməsinin mümkün olmadığı qeyd edilib.
Bundan əvvəlki iclasda çıxış edən Nofəl Hacıyev bildirib ki, "Atlant" İstirahət Mərkəzinin ərazisində tikinti aparmaq üçün Tahir Qədəşov yaşıllıqları məhv edib, 800-dən çox ağacı kəsib. Hakim Tahir Qədəşovun əməllərinin araşdırılması üçün Baş Prokurorluğa müraciət olunacağını deyib.
Qeyd edək ki, Nofəl Hacıyev həbsdədir 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər.
Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub.
İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər.
Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib.
Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.
“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.
Növbəti proses iyunun 19-da davam edəcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
06 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ