Onlayn ictimai-siyasi qəzet
Moskvada yaşayan və işləyən 75 yaşlı azərbaycanlı aktrisa Larisa Xələfova insult keçirib.
Musavat.com xəbər verir ki, bu barədə “Facebook” sosial şəbəkəsindəki səhifəsində Aktyor Agentliyinin rəhbəri Sabuhi Məmmədov məlumat yayıb.
Onun sözlərinə görə, insult keçirən Larisa Xələfova hazırda xəstəxanadadır və vəziyyəti yaxşılaşır – aktrisanın yanında dostları və yaxınları var. Bildirilir ki, məlum səbəblərdən o, hazırda və qeyri-müəyyən müddətə qədər tam şəkildə işləyə bilməyəcək. Qeyd olunur ki, Larisa Xələfova ilə bağlı bütün qayğıları onun qızı öz üzərinə götürüb və aktrisa maddi yardıma ehtiyac duyur.
Larisa Xələfova 1950-ci il yanvarın 29-da Bakıda anadan olub. 1972-ci ildə B.V.Şukin adına Teatr Məktəbini bitirib. 1972–1974-cü illərdə Sverdlovsk Dram Teatrının aktrisası, 1975-ci ildən isə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub.
O, kinoda 1966-cı ildən çıxış edir – ilk rolu “İstintaq davam edir” filmində Dilyara obrazı olub, həmçinin “Şir evdən getdi”, “Təhminə” (baş qəhrəmanın rəfiqəsi Mədinə rolu – red.), “Xaç yürüşçüsü”, “Kamenskaya” və digər filmlərdəki rolları ilə tanınır.
Şahanə Rəhimli
Musavat.com
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ