İnsanlara hürriyət, millətlərə istiqlal!

“Təyyarəni biz vurmuşuq, etiraf elə!..” – Markovdan Putinə ŞOK çağırış, ultra-millətçilərə ŞAPALAQ

Vurulan sərnişin təyyarəmizlə bağlı özünü yekəxana aparmasının Rusiyaya bunca baha başa gələcəyini Moskva yəqin ki, gözləmirdi. Ola bilsin Azərbaycanı da “banan dövləti” saydığı üçün zənn edirdi ki, məsələ tez unudulacaq. Yanıldı.

Nəinki unudulmadı, Bakının prinsipial mövqeyi Moskvanı dünyada rüsvay edib naqolay duruma salmaqla bahəm, Rusiyanı Azərbaycan kimi olduqca strateji bir tərəfdaşdan da faktiki məhrum elədi. Dəyərdimi? Əlbəttə ki, yox.

Təəssüf ki, Rusiyada reallığı anlayan praqmatik, rasional təfəkkürlü insanlar çox azdır. Obıvatel bir qırağa, sanki az-çox ağlı yerində olan insanlar da 4 ildir rəsmi Kremlin zombiləşdirici və toksik təbliğatının təsiri altındadır...

Şimaldakı bitməyən bu anti-Azərbaycan xoru fonunda isə tanınmış politoloq Sergey Markov Kremlin nəzarətindəki ultra-millətçi “Tsarqrad” telekanalının efirində AZAL-a məxsus təyyarəni Rusiyanın vurduğunu etiraf edib. Bildirib ki, Bakı və Moskva arasında münaqişə məhz buna görə alovlanıb.

TELEQ.jpeg (50 KB)

“Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi təyyarədir. Bu təyyarəni biz vurmuşuq və bu, tamamilə aydındır. Təyyarəni vurduğumuz dəqiq məlumdur. Azərbaycan da bilir ki, Rusiya hakimiyyəti təyyarəni onların vurduğunu dəqiq bilir”, - Markov davamını gətirib.

Markov ardınca deyib: “Bakı İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfindən təsadüfən vurulan Rusiya hərbi helikopteri ilə bağlı insidenti xatırladır və eyni qaydada Moskvanın üzr istəməsini tələb edir. Həmin insident vaxtında və uğurla yoluna qoyuldu və ölkələr arasında münasibətlərə təsir etmədi” (O zaman Azərbaycan rəhbərliyi ölən pilotlara və vertolyota görə təzminat ödəmiş, dərhal Rusiyadan, Putindən üzrxahlıq eləmişdi).

Belə bir etirafın Rusiyada, üstəlik, milli nifrət yayan kanalda dilə gətirilməsi əlbəttə, ikiqat önəm daşıyır. Halal olsun. Azərbaycana qarşı aparılan isterik qarayaxma kampaniyasına, hətta Bakını bombalamaq çağırışlarına rəğmən, gerçəyi böyük bir auditoriya qarşısında səsləndirmək şübhəsiz, cəsarət tələb edir...

Məlumdur ki, Azərbaycana münasibətdə azsaylı obyektiv rus ekspertlərindən olan Markov az öncə əslən bakılı Mixail Qusmanla birgə Prezident İlham Əliyevin qatıldığı Xankəndindəki forumunda iştirak edib. Buna görə hər ikisi rus şovinist anti-Azərbaycan ünsürlərin hədəfinə çevrilib. Artıq Qusman TASS-dakı yüksək vəzifəsindən çıxarılıb. Ola bilsin Markovu da hansısa cəza gözləsin.

Amma adam gerçəyi söyləməklə əslində Rusiyaya, öz xalqına yaxşılıq eləmək istəyir. Azərbaycan-Rusiya münasibətlərindən çox, Rusiyanı xilas etməyə çalışır - öz qonşularına qarşı səhv yolda olan Rusiyanı. Konkret olaraq Putinə böhranlı vəziyyətdən ən optimal çıxış yolunu göstərir.

Markov anlatmaq istəyir ki, Rusiya nə qədər böyük olsa da, “özümüzə rəva bilmədiyimizi başqasına, qonşuya da görməməliyik”. Yəni adam haqlı. Ona görə ki, siyasi əxlaq, dürüstlük millətin böyük-kiçikliyinə, sayına baxmaz. Bu bir tərbiyə və mənəvi məsələdir, vicdan məsələsidir.

Sergey Markov nəhayət, işarə vurur ki, əgər Moskva olan-qalan dostlarını da itirmək istəmirsə, o zaman nə qədər gec deyil, adekvat və mədəni dövlətə çevrilməli, analoji situasiyada Azərbaycan kimi davranmalıdır. Amma kimə deyirsən...

Markovla Qusmanın Qarabağ səfərindən qarın işləməyə və isterikaya düşənlərdən biri də Kreml təbliğatçısı bədnam Vladimir Solovyovdur. Dünən bu məxluq “Rossiya 1” telekanalında özünün aparıcısı olduğu “Vladimir Solovyovla axşam” verilişində həmin iki qiymətli şəxsi öz səviyyəsinə uyğun aşağılayıb, “Şuşada olmaq, rus jurnalistlərin taleyini soruşmamaq sadəcə alçaqlıq deyil, artıq xəyanətin astanasıdır” deyib.

Sitat: “İki nəfər alçaqlığa yol verdi. Jurnalist soydaşlarımızın (jurnalistmi? – Z.S.) Azərbaycan həbsxanalarında olduğu bir vaxtda Azərbaycan tərəfinin şəxsi dəvəti ilə Rusiyanın iki vətəndaşı, - onlardan biri bu yaxınlaradək yüksək vəzifə tutub, - Şuşaya gedib. Onlar həmkarlarımızın taleyi ilə bağlı sual verməyi özlərinə sığışdırmadılar. Amma tərif yağdırmağı özlərinə rəva bildilər. Bu, təkcə peşəkarlıq deyil, həm də insan alçaqlığının təzahürüdür. Onlardan biri xoşbəxtlikdən təqaüdə çıxdı. İkincisi, ümid edirəm, Markov, bir daha heç vaxt Rusiyanın heç bir media orqanına dəvət olunmayacaq”

Amma əsl alçaq və şərəfsiz kimdir, artıq heç kəsdə şübhə yox. Hər halda onun soyadı nə “M” hərfi ilə başlayır, nə də “Q” ilə. Putin Rusiyasına “ayı xidməti” göstərən (yaxşılıq eləmək istəyərkən pislik edənlər) də çoxdan bəlli.

Bəs Putinin belə “xidmətlərə” ehtiyacı vamı?..

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Avqust 2025

31 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR