Onlayn ictimai-siyasi qəzet
Donald Trampın vergilərin azaldılmasını və yoxsullara yardım üçün xərclərin azaldılmasını təklif edən qanun layihəsi Konqresdə ilk səsvermədən keçib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 22 saatlıq iclasdan sonra Nümayəndələr Palatasının komitəsi tərəfindən təsdiq edilib.
Layihə 2017-ci ildən qüvvədə olan vergi güzəştlərinin uzadılmasını, həmçinin iaşə sferasında bəxşiş alan və avtomobil krediti götürənlər üçün yeni güzəştlər təklif edir. Eyni zamanda, “yaşıl” enerji üçün subsidiyaların ləğvi, orduya xərclərin artırılması və sərhəd nəzarətinin gücləndirilməsi təklif edilir.
Konqres hesab edir ki, bu tədbirlər 10 il ərzində ABŞ-ın dövlət borcunu 3,8 trilyon dollar artıraraq 36,2 trilyon dollara çatdıracaq. Xərclərin bir hissəsini ödəmək üçün aztəminatlı təbəqə üçün dərman və ərzaq xərclərinin azaldılması nəzərdə tutulur. Məsələn, 2026-cı ildən etibarən Medicaid alanlar müavinət almaq üçün işləməli olacaqlar.
Qanun layihəsində silahlarla bağlı düzəlişlər də var. O cümlədən, aksesuarlara görə verginin ləğvi və səsboğucuların məcburi qeydiyyatının aradan qaldırılması təklif edilir. Bu maddələri corciyalı konqresmen Endryu Klayd təqdim edib.
Bu təşəbbüs demokratların sərt tənqidinə səbəb olub. Konqresmen Cim Makqovern deyir ki, respublikaçılar zənginlərə vergi güzəştləri vermək üçün milyonlarla insanın səhiyyə xidmətini kəsirlər. Onun həmkarı Qven Mur layihəni “uşaqlara və işçilərə xəyanət” adlandırıb.
Mübahisələrə baxmayaraq, Nümayəndələr Palatasının spikeri Mayk Conson qanun layihəsinin keçəcəyinə əmindir.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ