Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün qədər tez görüşmək istəyir. Hazırda bu danışıqların harada və nə zaman keçiriləcəyi, eləcə də görüşdə müzakirə olunacaq mövzular müəyyənləşdirilir.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
"Prezident Tramp bu görüşlə bağlı təklifini artıq ictimai şəkildə səsləndirib. Belə bir görüşün təşkili müəyyən hazırlıq işləri tələb edir. Ona görə də hazırda konkret olaraq görüşün yeri və tarixi barədə dəqiq bir şey deyə bilmərəm, lakin prezident bu görüşü keçirmək istəyir. O, bunu mümkün qədər tez etmək niyyətindədir. Mən düşünürəm ki, Rusiya tərəfi də bu məsələyə hazır olduğunu bildirib. Hazırda əsas məsələ tərəflərin bir araya gəlməsi, görüşün harada və nə vaxt baş tutacağını, eləcə də nəyin müzakirə olunacağını müəyyən etməkdir", – deyə Rubio "CBS News"a verdiyi müsahibədə bildirib.
"Əslində bu çıxılmaz vəziyyətdən çıxışa kömək edə biləcək yeganə yol bəlkə də Tramp və Putin arasında birbaşa dialoqdur. Tramp bunun baş verməsinin vacibliyinə açıq şəkildə inandığını və arzuladığını bildirib. Ümid edirəm ki, bu görüş tezliklə baş tutacaq", – deyə ABŞ-ın baş diplomatı əlavə edib.
Bundan əvvəl Tramp "Truth Social"da paylaşım edərək, 19 may saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Putinlə telefon danışığı aparacağını açıqlayıb. ABŞ prezidenti bu danışıqda əsas müzakirə mövzularının Ukrayna münaqişəsinin həlli və ticarət məsələləri olacağını qeyd edib. Tramp əlavə edib ki, Rusiya lideri ilə söhbətdən sonra Volodimir Zelenski və NATO ölkələrinin liderləri ilə də danışacaq. Tramp və Putin arasında sonuncu telefon danışığı 18 martda baş tutub.
Musavat.com
18 May 2025
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ