Onlayn ictimai-siyasi qəzet
Vaşinqton Rusiya və ABŞ prezidentləri arasında keçirilməsi nəzərdə tutulan sammitə hazırlığı dayandırıb. Bu barədə "NBC News" qəzeti Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadən xəbər verib.
NBC-dəki mənbənin sözlərinə görə, Tramp hesab edir ki, hazırda nə Rusiya, nə də Ukrayna danışıqlarda irəliləməyə hazır deyil. Vəziyyətlə tanış olan avropalı diplomatların “Röyters” agentliyinə verdiyi məlumata görə, Trampın yaxın iki həftə ərzində keçirməyə ümid etdiyi Budapeşt görüşü Putinin öz tələblərindən geri çəkilməyə hazır olmadığı aydın olduqdan sonra sual altına düşüb.
Xarici işlər naziri Sergey Lavrov və dövlət katibi Marko Rubio arasında bu həftə keçirilməsi planlaşdırılan hazırlıq görüşü bu səbəbdən ləğv edilib. “Bu o deməkdir ki, amerikalılar prezidentlər arasında sammitə hazır deyillər”, - “Röyters” bildirir.
“Ruslar çox şey istəyirdilər və amerikalılara aydın oldu ki, Tramp Budapeştdə razılaşma əldə etməyəcək”, - diplomatlardan biri deyib.
Rəsmi şəxsin sözlərinə görə, Amerika liderinin Putinlə “yaxın gələcəkdə” görüşmək planı yoxdur.
İmtina Ukraynaya ABŞ-nin dəstəyinin daha geniş miqyasda davam edəcəyi anlamına gəlirmi? Müharibə daha amansız fazaya keçə bilərmi?
Heydər Oğuz
Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Trampın həm Ukraynaya, həm də Rusiyaya təqdim etdiyi sülh təklifi heç bir tərəf üçün məqbul deyildi: “Onun Ukraynaya təklif etdiyi sülh planının "Donbası ver, sülh imkanı qazan" məntiqinə söykəndiyi hamımıza bəllidir. Təbii ki, nə Ukrayna, nə də Avropa ölkələri bu təkliflə razılaşardılar. Ukrayna savaşının təkcə ukraynalıların məsələsi olmaqdan çıxdığı, bütün Avropa ölkələrini ilgiləndirdiyi hamımıza aydındır. Bu cür təslimiyyətçi mövqe Rusiyanı onu Qərb dövlətlərinə hücuma həvəsləndirə bilərdi, ona görə də Avropa ölkələrinin bu perspektivlə razılaşması mümkün görünmürdü. İndi məlum olur ki, Tramp Putinə də əsla qəbul etməyəcəyi şərtlərlə savaşı dayandırmağı məsləhət görməyə hazırlaşırmış. Trampın yeni təklifini hazırlayan isə özü yox, müharibənin bitməsini arzulamayan Avropa dövlətləri imiş. İddialara görə, 12 maddədən ibarət olan bu təklif Putinin qırmızı cizgilər hesab etdiyi hədəflərini heçə sayır və onlardan bəzilərini belə sıralamaq mümkündür:
- Sülh danışıqlarına başlamazdan əvvəl tərəflər atəşi kəsməli, hər kəs hazırda dayandığı yerdən kənarlaşmamalı;
- Girov götürülən və ya oğurlanan ukraynalı uşaqlar geri qaytarılmalı;
- Rusiyanın dondurulmuş aktivlərinin ən azı yarısı (150 milyard dollar) Ukraynanın yenidən inşasına sərf olunmalı;
- Rusiyaya veriləcək torpaqlar qanuni olaraq Ukraynanın ərazisi kimi qalmalı, Moskva, sadəcə, formal olaraq bu ərazilərin idarəçiliyini ələ keçirməli;
- Avropa ölkələrinin yaratdığı sülhməramlı qüvvələr təmas xəttinə yerləşdirilməli;
- Sülhməramlı missiyaya rəhbərliyi Tramp həyata keçirməli;
- Ukraynanın Avropa İttifaqına üzv olmasının önü açılmalı və s.
Sözsüz ki, Rusiya Prezidenti Vladimir Putinin bu şərtləri qəbul etməsi mümkün deyildi və görünür, ABŞ və Rusiyanın baş diplomatları görüşdən əvvəl apardıqları danışıqlarda bu həqiqəti anladıqlarından müzakirələri dayandırmağı qərara alıblar".
Heydər Oğuzun fikrincə, bunlar, sadəcə, “aysberqin görünən tərəfi”dir: “Trampın özü də dəfələrlə etiraf edib ki, onun üçün beynəlxalq öhdəliklər və müttəfiq maraqları ikinci dərəcəli məsələdir. Əsas məsələ ABŞ-nin iqtisadi maraqlarıdır. Deməli, biz də Budapeşt görüşünün təxirə salınmasının əsas sirrini ABŞ-nin iqtisadi maraqlarında axtarmalıyıq. Məlum olduğu kimi, Trampın Rusiyaya meylli siyasəti ABŞ-nin alternativ enerjinin əsas mənbəyi olan nadir torpaq nümunələrinə ehtiyacından qaynaqlanır. Tramp Çinlə rəqabətə görə Rusiya ilə əlaqələr qurmağa çalışırdı. Bəlkə bu səbəbdən də Ukraynanın milli maraqlarını Rusiyaya satmağa hazırlaşırdı. Dünən Avstraliya və Pakistandan gələn bəzi məlumatlar Trampın Rusiya ehtiyacının hələlik azaldığı yönündəydi. Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın baş naziri Antoni Albanese ilə görüşüblər. İki lider kritik minerallar və nadir torpaq elementləri üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar. ABŞ və Avstraliya dövlətlərinin bu əməkdaşlığının Çinin bu sahədə yaratdığı monopoliyanı sındırmağa hesablandığı açıq ifadə olunur. Bənzər müqavilənin Pakistanın baş naziri ilə də bağlandığı bildirilir.
Görünən budur ki, Tramp alternativ mənbələr tapdıqca, ABŞ-nin Rusiyadan asılılığı da azalır və nəticədə Ukrayna onun üçün yenidən önəm qazanır. Ağ Evin Avstraliya ilə bu müqaviləni imzaladıqdan dərhal sonra Putinlə Budapeştdə görüşü təxirə salması da təsadüfə bənzəmir".
Trampın yenidən “Ukrayna əyarlarına qayıtması”nı önəmli bir “dönüş nöqtəsi” adlandıran siyasi şərhçi bundan sonra Rusiyaya qarşı savaşa münasibətdə mühüm dəyişikliklərin olacağını da istisna etmir. Bununla belə, H.Oğuz ABŞ-nin Ukraynaya “Tomahavk” raketləri verəcəyinə inanmır: “Məsələ burasındadır ki, ABŞ-ın ”Tomahavk" raketləri həqiqətən də çox deyil. 1987-ci ildə SSRİ ilə bağlanan orta mənzilli nüvə silahlarının ləğvi müqaviləsindən sonra ABŞ “Tomahavk” raketlərinin böyük qismini sıradan çıxarıb. Hazırda onun əlində yalnız dənizdən atılan “Tomahavk” raketləri qalır. Havadan və qurudan atılan “tomahavk”lar isə utilizasiya olunub. Üstəlik, Ukraynanın həyata keçirdiyi hərbi taktika da bu cür silahların istifadəsini gərəkdirmir. Şərti olaraq Ardenlər taktikası adlandırdığım bu müharibə tərzində rəqib tərəfin hərbi texnikalarını yanacaqsız buraxmaq və onu bu şəkildə zərərsizləşdirmək nəzərdə tutulur. Bilirsiniz ki, Hitlerə qarşı ikinci cəbhə açan ABŞ və Böyük Britaniya məhz bu taktikadan istifadə edərək nasizmin sonunu gətirmişdi. 1944-cü ilin sonunda alman ordusu bir neçə tərəfdən mühasirəyə düşmüşdü. Hitler bu mühasirəni yarmaq üçün Belçika, Niderland və Fransa ərazisində yerləşən Ardenlər vadisinə hücum etmək əmri vermiş, ilk döyüşlərdə xeyli uğurlar qazanmışdı. Amma sonunda ağır texnikaların yanacağı bitmiş və alman ordusu geri çəkilməyə başlamışdı. Beləcə, alman nasizminin tənəzzülünə start verilmişdi. Hazırda Ukrayna ordusunun rus enerji mənbələrini hədəf alması da bunu göstərir. Məlumatlara görə, Ukrayna Rusiyanın neft və qaz emalı zavodlarının 38%-dən çoxunu külə çevirib. Rusiyada yanacaq qıtlığı artıq özünü göstərməyə başlayıb. Təbii ki, zaman keçdikcə, yanacaq qıtlığı daha aydın hiss ediləcək və Rusiya öz ifrat ambisiyalarından vaz keçəcək. Hər halda, Ukrayna və Avropa hərbi strateqlərinin planları belədir. Yeri gəlmişkən, onu da qeyd edim ki, Rusiyanın enerji bazalarının vurulmasının yeganə məqsədi onun hərb maşınını yanacaqsız buraxmaq deyil. Məqsəd həm də Rusiyanı iqtisadi cəhətdən sarsıtmaq və imkansızlıq üzündən yeni silahlar istehsal etməsinin qarşısını almaqdır. Trampın isə bu məsələdə bir də özünün xüsusi məqsədləri var - Rusiyanı mümkün olduğu qədər zəiflətmək və ABŞ sərmayəsinə möhtac hala gətirmək".
Heydər Oğuzun fikrincə, Ardenlər taktikasını həyata keçirmək üçün Kiyevin ABŞ silahlarından daha çox kəşfiyyat məlumatlarına ehtiyac var: “Yəqin ki, bundan sonra ABŞ-nin kəşfiyyat peykləri və kosmik texnologiyalarından daha sıx şəkildə istifadə olunacağını görəcəyik. Bununla belə, Ukrayna gündə öz mövqeyini dəyişən ABŞ hakimiyyətinə çox bel bağlamamalıdır. Tramp öz istədiyini Rusiyadan alandan sonra yenidən özünün əvvəlki “Moskva əyarları”na da qayıda bilər" - H.Oğuz bildirir.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
23 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ