Onlayn ictimai-siyasi qəzet
Bəs nə oldu? Bu qədər çək-çevirdən, xüsusən də Trampın saysız-hesabsız ümidverici bəyanatlarından sonra nəsə alındımı? Tərəflər, xüsusən də ABŞ Prezidenti görüşdən razılıqla danışır, guya ki, bir çox məsələlərlə bağlı anlaşma var.
Heç ruslar da tamam susqun- inkarçı mövqedə deyillər, onlar da təxminən eyni şeyi söyləyir və hətta Trampı bir az da “ruhlandırmaq” üçün “vaxtında hakimiyyətdə o olsaydı müharibə heç baş verməzdi” deyirlər. Özü də bunu Putin özü söyləyir. Bu da bir növ Kreml əhlinin ABŞ Prezidentini “öz tərəfinə çəkmək” cəhdidir. Çünki görüş ərəfəsində Trampın dilindən hədələr də səslənir, Rusiyanın sülhə maraq göstərməyəcəyi təqdirdə ona qarşı iqtisadi sanksiyaların artırılacağı və gücləndiriləcəyi bildirilirdi.
Bəs Alyaskada nə alındı? İnanırsız, konkret söz deyən yoxdur, əksinə, daha çox təhlilçi və müşahidəçi bu fikirdədir ki, Tramp, deyəsən, fiaskoya uğradı; hətta atəşkəslə bağlı razılıq əldə olunmadığı anlaşılır, halbuki bu, danışıqların ilk pilləsi olardı...
Aydındır ki, Rusiya bütün hallarda razı qalmalıdır, çünki onlarla danışmaq, dialoq qurmağa çalışmaq bir növ hesablaşmaq əlaməti sayılır: Kremlə də, prezident Putinə də hələ ki bu, lazımdır.
Müşahidəçilərin daha bir detal gözlərindən qaçmayıb: Lavrovun köynəyinin üstündə SSRİ yazılıbmış! Düşünürük, bundan da müəyyən nəticə çıxarmaq olar...
Həm də bugünlərdə baş tutan Vaşinqton görüşündən Moskva yetərincə zərbə aldı və elə bu səbəbdən Alyaska ilə bağlı böyük ümidlər yox idi. Daha bir zərbə, daha bir təslimçilik Kreml üçün ağır olardı: Vaşinqtonda görüş baş tutan kimi Kreml “ideoloqu” Duqin elə vay-şivən qopardı ki...
Prinsipcə, Aleksandr Duqin cənablarını “anlamaq” olar: dünya siyasətində böyük geopolitika erası başlayıb, geosiyasi və geoiqtisadi maraqlar romantik siyasi idealları (demokratiya, qlobalizm, planetar təfəkkür, hətta humanizm!) səhnədən sıxışdırır, dünya siyasətçilərinin hamısı ilk növbədə “bunu etsək, nə qazanacağıq?” soruşurlar və yalnız bnndan sonra nəsə edir...
Üstəgəl, elə geopolitika da elm kimi ölkələri yerləşdiyi bölgələrin, eləcə də dünyanın coğrafi özəlliklərindən, dənizlərindən-okeanlarından, boğazlarından-kanallarından- keçidlərindən-girişlərindən- çıxışlarından, böyük yollarından, ümumiyyətlə, kommunikasiyalarından istifadə etməyi və imkan daxilində onları nəzarətə götürməyi öyrədir və hətta buna səsləyir də.
Bir tərəfdən Rusiyanın Zəngəzur dəhlizini nəzarətə götürmək üçün bu qədər çabalaması, Duqin cənablarınınsa ölkəsi prosesi uduzduğuna görə az qala isterik-epileptik tutmalar keçirməsi təəccüblü gəlir. Amma o, da var ki, ABŞ da siyasi filantrop deyil, onu da Zəngəzur dəhlizində maraq, hətta qazanc və bir də Trampın özəl maraqları cəlb edir.
Yaxud da, məsələn, Böyük Britaniya (səhv etmirəmsə!) bugünədək Cəbəllütariq boğazına elə-belə, “darıxdığından” nəzarət edirmi? Ya da bir neçə ay öncə ABŞ Panama kanalı uğrunda savaşa çıxmamışdımı?..
Dediyimiz budur ki, bunları başa düşürük və demirik ki, Duqin cənabları tamam sərsəmləyib, xərifləyibdir. Amma ağılı olsaydı başqa məsələlərin də üstündə düşünərdi.
Məsələn, birincisi: axı niyə görə nəinki Azərbaycan, hətta hələki Rusiyanın nəzarətində olan Ermənistan da bu layihədə ABŞ-a üstünlük verir? Onları buna nə vadar edir?
İkincisi, düşünərdi ki, axı niyə görə hətta qonşu ölkələr Rusiyadan qaçmağa, digər ölkələrlə əməkdaşlıq etməyə can atırlar? Niyə? Səbəbi nədir? Niyə Duqin və digər savadlı ruslar SSRİ-nin süqutunun ilk illərində bir sıra əcnəbi politoloqların bir tövsiyəsini (çalışın ölkənizi digər ölkələr və xalqlar üçün cəlbedici edin!) hələ də qəribçiliyə salır və onun haqqında düşünmürlər? Bəlkə onlar haqlı idi?
Üçüncüsü, indi dünyada hamı bütün sferalarda ekstensiv inkişafdan intensiv iinkişaf yoluna keçməyə çalışır. Bir daha deyirəm: bütün sferalarda! Görün, Rusiyanın indinin özündə nə qədər resursları var!.. Ruslar onlardan intensiv şəkildə istifadə edə bilirmi? İnanın, şəxsən iqtisadçı olmasaq da tələbəlik vaxtı hamımız öz aramızdakı söhbətlərdə soruşurduq ki, axı niyə, məsələn, Finlandiya mebeli (indini bilmirəm, o vaxt belə idi) dünyada məşhur olsun, SSRİ mebelinisə lağa qoysunlar? SSRİ-nin meşələri yox idimi?..
Müstəqillik qazananda onlardan soruşulanda ki, bəs milli valyutanızın arzxasında nə dayanacaq, hətta estonlar deyirdi ki, ən böyük sərvətimiz meşələrimizdir! Və ya Ukraynanın torpaqları, mineralları çoxunu (eləcə də Trampı!) cəlb etmirmi? Rusiyanın bunları yoxdurmu? Dünyada hətta almaz (nefti-qazı demirəm) ehtiyatlarına görə ilk iki ölkə var: Rusiya və CAR.
Baxın, kiçicik Yaponiya, nə bilim, Cənubi Koreya öz məhdud resurslarından necə effektiv istifadə edir! Kuril adaları Rusiya üçün dəryada bir damla kimidir, hətta onu da Yaponiyaya vermir və əllərində saxlayırlar, halbuki yaponlar bu kiçicik adalardan bir Allah bilir ki, nə qədər fayda götürərdilər! Ruslar nə özləri bunu bacarır, nə də başqasına imkan verirlər.
Gözləri hey kənardadır. Keçmiş “yenidənqurma” zamanı azca ağıllanmışdılar: deyirdilər ki, raket düzəldirik, amma xörək bişirməyə qazanımız yoxdur. Fəqət, sonra nə oldu? Araq, duzlu xiyar, salo (donuz piyi) və qara çörək problemini həll edəndən sonra yenidən gözləri qızdı, başladılar “Rossiya bolshaya!” qışqırmağa.
Bir daha sonuncu Vaşinqton prosesinə gəldikdə, hansı ki, Duqini lap isterik hala saldı, bu, həqiqətən böyük hadisə oldu, özü də iki aspektdən.
Birincisi, Bakı ilə İrəvan (bunun Ankara-İrəvan münasibətləri üçün də nəticələri olacaq) arasındakı sülh yolunun ən azı üçdən ikisi çox uğurla, möhtəşəm şəkildə keçildi.
İkincisi, ABŞ işarə etdi ki, heç də postsovet məkanını, o cümlədən Cənubi Qafqazı Rusiyaya və V.Putinə “hədiyyə” etmək fikrində deyil, Ermənistanla, xüsusən də bizim Azərbaycanla dərin əlaqələr qurmaq fikrindədir, çünki Zəngəzur dəhlizi, Transxəzər marşrutu ilə bağlı işlər gec-tez böyük geoiqtisadi layihə olacaq - yəni buradan həqiqətən böyük geosiyasi və geoiqtisadi qazanc qoxusu gəlir. Odur, ruslar Alyaskada da zərbə almağa hazır deyildilər...
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ