İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva olimpiadasının gizlinləri - daxili işlər naziri “qanuni oğru” və qaraçılarla işləyib

Keçən əsrin 80-ci illərində Sovet İttifaqında keçirilən olimpiada sosialist dövlətinin bütün mövcudluğu ərzində ən mühüm idman hadisəsi hesab olunub. O zaman belə bir hadisə müxtəlif ölkələrin siyasi əlaqələri ilə qırılmaz şəkildə bağlı olub. Məsələn, ABŞ və onun müttəfiqləri SSRİ ilə aralarında “soyuq müharibə” olduğuna görə oyunlara getməkdən imtina ediblər. Bütün dünya ictimaiyyəti isə yarışları diqqətlə izləyib.

Maddi baxımdan ölkəni çökdürən tədbirdə heç bir biabırçılığın olmaması üçün təhlükəsizlik orqanları kriminal aləmin nüfuzlu şəxsləri ilə danışıqlar aparıb. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi bu işlə məşğul olub. Kriminal aləmin üzvlərini “qoca” və “tabesizlərə” ayırıblar. Birincilər hakimiyyətlə heç vaxt əməkdaşlıq etməyənlər, sonunculara administrasiyada işləyənlər və II dünya müharibəsində döyüşənlər daxil olub.

ad0bd1e0-1112-4429-8e3c-11cc2fed34c5.jpeg (292 KB)

Bütün “etibarsız” elementlər olimpiadadan bir neçə il əvvəl paytaxtdan çıxarılıb. Ancaq bunlar yalnız xırda cinayətkarlar və xuliqanlar olub. Komitə işçilərinə “oğru”ların qaydaları ilə yaşayan köhnə kriminal aləmin nümayəndələri ilə məşğul olmaq daha çətin olub.

Məlum olub ki, onlar xaricdən gələn vətəndaşlar hesabına qanunsuz olaraq varlanmaq fürsətini heç vaxt əldən verməyəcəklər. Bununla bağlı yuxarıda belə bir qərar verilib ki, idman turniri zamanı qanuna əməl olunması ilə bağlı belə orqanlarla “müqavilə” bağlanmalıdır.

Odur ki, olimpiadaya az qalmış milis müxtəlif yerlərdə bütün kriminal avtoritetləri zərərsizləşdirmək üçün paytaxtaa reyd keçirib. Bəzilərini düz küçədə yaxalayıblar, bəzilərini isə hətta evində yatmış vəziyyətdə “götürüblər”.

f235bab5-5ff1-44d1-a421-ce4f2ea63d99.jpeg (145 KB)

Ümumilikdə otuza yaxın “oğru” yaxalanıb. Onları Moskvanın müxtəlif yerlərinə aparıblar. Ən yüksək milis məmurları, SSRİ daxili işlər naziri Nikolay Şelokov və onun birinci müavini Yuri Çurbanov onlarla danışmağa başlayanda təəccübləniblər. Bundan əlavə, danışıqlarda partiyanın önəmli adamları və DTK zabitləri iştirak ediblər. Onlara imtina edə bilməyəcəkləri bir təklif gəlib.

Nazir qısa, lakin çox təsirli çıxışla “qonaqlar”a müraciət edib: “Qarşıdan gələn olimpiya oyunlarıyla bağlı vəziyyəti sizə uzun-uzadı izah etməyəcəyik, lakin diqqət edin: bu müddət ərzində Moskvada cinayət hadisəsi baş verərsə, biz sizi məsuliyyətə cəlb edəcəyik. Özü də, üçqat ağır olacaq bu məsuliyyət. Odur ki, bütün imkanlarınızdan, səlahiyyətinizdən, təsirinizdən istifadə edin və əmin olun ki, bu həftələrdə əcnəbilərdən heç bir şikayət olmasın”.

“Oğru”lar nazirin çıxışına bir səslə cavab veriblər: “Bəli, bəli, əlbəttə ki, çox çalışacağıq”. Hətta “qanuni oğru”lar zalı tərk edəndə sözün əsl mənasında “Nə yaxşı ki, bu, Stalinin vaxtı deyil!” deyərək, şükr ediblər.
Xüsusi xidmət orqanlarının tarixçisi Andrey Vedyayev də nazirin onların qarşısında çıxış etdiyini təsdiqləyib: “Daxili İşlər Nazirliyinin binasında Şelokov onlara dəstək xahişi ilə müraciət edib ki, onlar öz tərəfdarları arasında iş apara bilsinlər və oyunlar zamanı onlar tərəfindən əcnəbiləri soymaq cəhdləri olmasın”.

4146bf3a-840a-4a1f-9f6f-663033044baf.jpeg (210 KB)

Eyni zamanda onlara təklif olunub ki, olimpiada zamanı paytaxtda ictimai asayişi öz əllərinə alsınlar. Öz növbəsində hakimiyyət də onların növbəti günahlarını bağışlayacaq. “Qanuni oğrular” oğurluq, soyğunçuluq və zorakılığın olmaması üçün iki həftə ərzində kriminal aləmi izləməyə razılaşıblar. Onlar “müqavilə” öhdəliklərini tam yerinə yetiriblər. Dövlətlə danışıqlarda əsas “oğru” əvvəllər təhlükəsizlik zabitləri ilə “əməkdaşlıq edən” “Çerkas Tolya” ləqəbli Anatoli Çerkasov olub.

“Oğru”lar həmçinin, olimpiada ərəfəsində Sovet İttifaqının hər yerində qeyri-qanuni saxlanılan silahların əhalidən müsadirə edilməsində yaxından iştirak ediblər. Sakinlərdən 290 min patron, 965 qumbara, 13 kustar üsulla hazırlanmış partlayıcı qurğu götürülüb, əvvəllər oğurlanmış 160 lüləli odlu silah da aşkar edilib.

21571789-249e-4687-9614-b2b6b324c228.jpeg (128 KB)

Sovet milisi ilə əməkdaşlığa təkcə qanun oğrular deyil, qaraçı baronları da cəlb edilib. Onların vəzifəsi dilənçiləri və falçıları cilovlamaq olub. 1980-ci ildə olimpiadanın açılış və bağlanış mərasimlərinin təhlükəsizliyini təmin etmək üçün qərargahda işləyən sabiq FTX generalı Aleksandr Mixaylov həmin hadisələri belə xatırlayıb:

“Qaraçı baronları əllərində qamçı ilə Kiyev dəmiryol vağzalına gəliblər. Ətəkləri rəngli olan falçılar peyda olan kimi onları qamçı ilə eyni qatara mindirib geri qaytarıblar”.

Lakin oğurluq və cinayət hadisələri “oğru”ların nəzarətindən kənar baş verib. Xüsusilə Moskva sakinləri görmədikləri texnika və geyimləri ələ keçirmək üçün dəridən-qabıqdan çıxıblar. O dövrdə baha olan fotoaparat və maqnitofonların oğurlanması halları baş verib. Hotellərdə qalan əcnəbilərə və idmançılara qulluq edən işçilər hər fürsətdə oğurluq ediblər.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR