Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyanla erməni Apostol kilsəsi arasındakı qarşıdurma bir müddət əvvəl ölkənin əsas siyasi mövzularından biri idi. Son günlər isə bu savaş sanki unudulub.
Musavat.com xəbər verir ki, bu barədə siyasi analitik Zeynal Əmrəliyev fikirlərini bölüşüb.
Onun sözlərinə görə, kilsəyə qarşı sərt mövqedən geri çəkilməyən Paşinyan sadəcə olaraq növbəti addımını necə atacağını müəyyənləşdirə bilmir:
“Paşinyan daha əvvəl Eçmiədzində böyük aksiya keçirəcəyini, hətta bu hərəkata şəxsən rəhbərlik edəcəyini vəd etmişdi. Onun planı iyulun 27-də – Vardavar bayramı günü həyata keçməli idi. Lakin Vaşinqton görüşləri ilə bağlı məsələlər önə çıxdı və Paşinyan hələlik kilsəyə vaxt ayıra bilmir”.
Əmrəliyev hesab edir ki, Paşinyan–kilsə qarşıdurmasında Azərbaycan və Türkiyə amili sadəcə bəhanədir:
“2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra hökumətin köhnə qaydaları dəyişmək cəhdi kilsənin təsir imkanlarını zəiflədir, bu da Eçmiədzinin kəskin etirazına səbəb olurdu. Ona görə də kilsə Qarabağ siyasəti üzərindən Paşinyana təzyiq göstərməyə başladı”.
Ekspertin qənaətincə, hazırda Paşinyan üçün kilsə ilə savaş risklidir. Çünki Moskva ilə münasibətlərdə gərginlik artır və Rusiya Ermənistanı açıq şəkildə təhdid edir:
“Rusiya Vaşinqton görüşlərindən sonra Ermənistanı tənqid etməyə başladı və Ermənistandakı hərbi bazanı təzyiq aləti kimi gündəmə gətirdi. Ona görə də Paşinyan Moskvaya bağlı qüvvələrlə açıq qarşıdurmaya getməkdən yayınır”.
Zeynal Əmrəliyev diqqətə çatdırır ki, Paşinyanın ABŞ-a yaxınlaşdığı günlərdə kilsə rəhbəri Qaregin də ABŞ-a üz tutub:
“Görünür, Eçmiədzin rəhbərliyi hökumətə qarşı mübarizədə diasporun dəstəyinə bel bağlayır. Hökumət isə həm Rusiyanın müdaxiləsini azaltmaq, həm də diaspor təzyiqini minimuma endirmək üçün Vardavar günü planlaşdırılan aksiyanı təxirə saldı”.
Siyasi analitikə görə, bu mübarizə hələ bitməyib və yaxın gələcəkdə gərginlik daha da artacaq: “Paşinyanın kilsəyə qarşı yenidən və həlledici hücuma keçəcəyi şübhəsizdir. Ermənistanda yaxın dövrdə ya kilsənin hökuməti, ya da hökumətin kilsəni yıxacağı gözləniləndir”.
Afaq Mirayiq,
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ