Onlayn ictimai-siyasi qəzet
Bakı şəhərinin nəqliyyat sistemində on illərdir əsas rol oynayan metro bu gün artıq sadəcə kütləvi daşıyıcı vasitə deyil, həm də müasir texnologiyaların tətbiq olunduğu, şəhərin dinamik ritminə uyğunlaşdırılmış strateji nəqliyyat sistemi kimi çıxış edir. Son illərdə görülən işlər, alınan yeni nəsil qatarlar, intervalın azaldılması, rəqəmsal idarəetməyə keçid, yeni stansiyaların inşası və sərnişinlər üçün şəraitin yaxşılaşdırılması bu sahədə ciddi dönüş nöqtəsi yaradıb.
Metronun yenilənməsi prosesində ən diqqətçəkən məqam yeni qatarların alınmasıdır. Artıq “Bakı Metropoliteni” QSC ilə imzalanmış müqaviləyə əsasən 2024–2026-cı illərdə 65 yeni vaqon– yəni 13 qatar tərkibi gətiriləcək. Onlardan 2024-cü ildə 35 vaqon (7 qatar) paytaxta çatdırılıb və istifadəyə verilib. 2025-ci ildə daha 20 vaqon (4 qatar), 2026-cı ildə isə sonuncu 10 vaqon (2 qatar) gələcək. Bu qatarlar Rusiya istehsalı olan “81-765B/766B” seriyasına aiddir və “Moskva-2020” standartlarına uyğun sayılır. Onların üstünlükləri qapıların daha geniş olması, uşaq və əlil arabaları üçün xüsusi sahələrin ayrılması, kondisioner sistemi, səs və istilik izolyasiyası, interaktiv monitorlar, USB portlar, müasir işıqlandırma və təhlükəsizlik kameraları ilə təchiz olunmasıdır. Ən önəmlisi isə, bu qatarlarda vaqonlararası sərbəst keçid sistemi var.
Bakı metrosunda uzun illər sərnişinlərin narazılığına səbəb olan əsas məsələlərdən biri qatarların intervalı idi. İndi isə vəziyyət xeyli yaxşılaşıb. “28 May”-“Həzi Aslanov” xəttində qatarlar arasında interval 2 dəqiqəyə endirilib. Pik saatlarda bu göstərici sərnişin sıxlığını nəzərəçarpacaq dərəcədə azaldır. Bundan başqa, rəqəmsal idarəetmə sisteminə keçid, marşrutların optimallaşdırılması, ehtiyat qatarların dövriyyəyə buraxılması kimi yeniliklər də metroda hərəkətin dəqiqliyini artırıb.
Bakı metrosu yalnız mövcud qatar parkını deyil, stansiya infrastrukturunu da yeniləyir. Hazırda “Bənövşəyi xətt”in yeni stansiyalarının tikintisi sürətlə davam edir. Eyni zamanda, mövcud stansiyalarda yönləndirici tablolar yenilənir, məlumat sistemi daha aydın və sərnişin üçün əlçatan edilir. Təmizlik və təhlükəsizlik məsələləri də diqqət mərkəzindədir. Müasir kameralar, fövqəladə hallara qarşı tədbirlər və gigiyena standartlarının artırılması nəticəsində sərnişin məmnuniyyəti əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Rəqəmlər də bunu təsdiqləyir: 2024-cü ildə metrodan istifadə edən sərnişinlərin sayı 230 milyon nəfərə çatıb ki, bu da əvvəlki illə müqayisədə artım deməkdir.
Qeyd edilməli əsas məqam odur ki, metro hələ də dövlət subsidiyası ilə işləyir. Çünki sərnişin daşımalarının qiymətini artırmadan, mövcud tariflərlə həm sərnişinlərə münasib qiymət təklif olunur, həm də yeni investisiya layihələrinin reallaşdırılması üçün dövlət dəstəyi təmin edilir. Bu, bir tərəfdən əhalinin sosial vəziyyətini nəzərə alaraq əlçatan gedişhaqqını qoruyur, digər tərəfdən metroda modernləşmənin davamlı olmasına imkan yaradır.
Bakı metropoliteninin 2030-cu ilə qədər hədəfi 77 stansiyadan ibarət, ümumi uzunluğu 119 kilometr olan şəbəkəyə sahib olmaqdır. Bu isə paytaxtın sürətlə böyüyən nəqliyyat tələbatını ödəmək üçün strateji addımdır.
Bir vaxtlar köhnə qatarlar, sıxlıq və interval problemləri ilə gündəmdə olan Bakı metrosu bu gün tamamilə yeni mərhələyə qədəm qoyub. Müasir qatarların alınması, intervalın azaldılması, rəqəmsal idarəetmə, sərnişin rahatlığına yönəlik infrastruktur yenilikləri və dövlət subsidiyası hesabına dayanıqlı inkişaf – bütün bunlar paytaxt sakinlərinin gündəlik həyatına rahatlıq qatır. Bakı metrosu artıq təkcə keçmişin simvolu deyil, həm də gələcəyin sürətli, təhlükəsiz və müasir nəqliyyat sistemidir.
Şahanə Rəhimli,
Musavat.com
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ