Onlayn ictimai-siyasi qəzet
"Vaşinqton Pekindən tələblərini yerinə yetirməsini istəyir".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, İsveçin paytaxtı Stokholmda ABŞ və Çin nümayəndələri arasında ticarət danışıqları davam edir:
"Bu, tərəflər arasında üçüncü görüşdür. Məqsəd iki ölkə arasında ticarət sazişinin imzalanmasını təmin etməkdir.
Müzakirələrdə Amerika Birləşmiş Ştatlarını maliyyə naziri Skott Bessent, Çini isə baş nazirin müavini He Lifen təmsil edir.
ABŞ prezidenti Donald Tramp aprel ayında bir çox dövlətə, o cümlədən Çinə qarşı əlavə gömrük rüsumları tətbiq etdiyini açıqlamışdı. Bundan sonra iki ölkə arasında mübahisə dərinləşdi. ABŞ Çinə tətbiq etdiyi gömrük rüsumunu 145 faizə qədər, buna cavab olaraq Çin Amerika məhsullarına 125 faizlik gömrük rüsumu tətbiqini bəyan etdi. Münasibətlər bu şəkildə davam edə bilməzdi. Ona görə də mayın əvvəllərindən başlayaraq iki ölkənin nümayəndələri görüşlərə başladılar. İlk görüş Cenevrədə gerçəkləşdi. İlkin razılaşmaya əsasən, ABŞ Çin mallarına tətbiq etdiyi gömrük vergisini 145 faizdən 30 faizə, Çin isə Amerika mallarına tətbiq etdiyi vergini 125 faizdən 10 faizə endirməyi öhdəsinə götürmüşdü.
Növbəti görüş Londonda oldu. Bu şəhərdə ticarət sazişinin digər maddələri müzakirəyə çıxarıldı".
Politoloq xatırladıb ki, "The New York Times"da yayımlanan məqalədə tərəflərin ticarət müharibəsində "atəşkəs" elan etdikləri bildirilib:
"Buna baxmayaraq, Vaşinqton tələblərində israrlıdır. Birincisi, Vaşinqton Çində istehsal olunan fentanil kimyəvi maddələrinin qaçaqmalçılıq yolu ilə ABŞ-a ixracının qarşısının alınmasını tələb edir. İkincisi, Vaşinqton Pekindən Rusiya və İrandan neft alışının dayadırılmasını istəyir. Hər iki məsələdə razılıq yoxdur. Pekin fentanil maddələrini ABŞ-a ixrac etmədiyini bildirsə də, Vaşinqtonu bu maddələrin gizli yollarla Meksika və Kanada üzərindən Amerikaya keçirildiyini iddia edir.
Vaşinqton Meksika ərazisində fentanil istehsal edən gizli laboratoriyaların mövcudluğunu da vurğulayır. Pekin bu iddiaları təkzib edir. Çinin Rusiya və İrandan neft alışını dayandıraracağı da sual altındadır. Çünki Çin nefti Rusiya və İrandan ucuz qiymətə alır. Rusiya Qərb ölkələrinə sata bimədiyi neftin qiymətini ucuzlaşdıraraq Çinə satır.
İran da eyni durumdadır. İran başqa ölkələrə sata bilmədiyi nefti barter əvəzi Çinə satmaq məcburiyyətindədir. Vaşinqtonun Pekinə ünvanladığı tələblərdən digəri TikTok-u Amerika şirkətinə satmasıdır. Bu məsələdə də razılıq yoxdur".
Elxan Şahinoğlunun fikrincə, Çin lideri Si Cinpin bu məsələləri Donald Trampla üzbəüz görüşdə həll etmək istəyir:
"O, bu məqsədlə ABŞ prezidentini sentyabr ayında Pekinə dəvət edib. Həmin tarixdə Pekində İkinci Dünya müharibəsinin bitməsinin 80 illik yubileyi qeyd ediləcək. Si Cinpin hətta Pekində Trampı Rusiya prezidenti Vladimir Putinlə görüşdürmək istəyir. Tramp hələ ki, nə Pekinə səfərini, nə də səfər edərsə, orada Putinlə görüşə biləcəyini təsdiq edib. Əksinə, Donald Tramp Putindən məyus olduğunu vurğulayıb".
Xalidə Gəray
Musavat.com
30 Iyul 2025
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ