İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa bu məhsulların ABŞ-a idxalında istisna almağa çalışır

Fransa şampan və digər şərab məhsullarını ABŞ-ın 15 faizlik rüsum tətbiq etdiyi mallar siyahısından çıxarmağa çalışır.

Musavat.com xəbər verir ki, məlumatı "The Financial Times" yayıb. Qəzetin yazdığına görə, ABŞ və Avropa Birliyi arasında əldə olunan və bazar günü elan edilən ticarət razılaşması Brüssel və Parisdə hansı növ malların Amerikanın yeni rüsumlarına məruz qalan məhsulların siyahısından çıxarıla biləcəyi ilə bağlı "çaşqınlıq yaradıb".

FT-nin Aİ-dəki mənbələri əlavə edib ki, hazırda Vaşinqton və Brüssel arasında danışıqlar, o cümlədən spirtli içkilərin rüsum tətbiq edilən mallar siyahısından çıxarılması məsələsi üzrə davam edir.

Qəzet yazır ki, Amerika rəsmiləri spirtli içkilər və şərablar, o cümlədən şampan üçün heç bir istisna olmayacağını bildiriblər.

Digər məlumata görə, tərəflər spirtli içkilərin siyahıdan çıxarılması məsələsində irəliləyişə nail olublar, şərab məsələsi hələ də müzakirə olunur.

FT qeyd edir ki, Fransanın ixrac etdiyi spirtli içkilərin təxminən 30 faizi ABŞ-a gedir. Fransanın şərablar üçün istisna təmin etmək təşəbbüsünü spirtli içki ixracına görə Avropa İttifaqının ikinci ölkəsi olan İtaliya da dəstəkləyib.

Xatırladaq ki, iyulun 27-də Avropa Komissiyasının sədri Ursula von der Lyayen və ABŞ prezidenti Donald Tramp ticarət razılaşması əldə etdiklərini açıqlayıblar. Saziş həm bir sıra mallara “sıfır rüsum”u, həm də Aİ-nin ABŞ-dan 750 milyard dollar dəyərində enerji və 600 milyard dollar dəyərində silah alınmasını nəzərdə tutur. Aİ mallarına ümumi rüsum olaraq 15 faizlik hədd müəyyən olunub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR