Onlayn ictimai-siyasi qəzet
“Ermənistanda sabiq baş nazir Ovik Abramyanın bir sıra vəzifələrdə çalışarkən - ərazi idarəetmə naziri, prezident aparatının rəhbəri və baş nazir olduğu dövrlərdə - vəzifə səlahiyyətlərindən və təsir imkanlarından sui-istifadə etdiyi müəyyən olunub. O, dövlət və yerli özünüidarəetmə orqanlarına təsir edərək qanunsuz hərracların təşkilinə göstəriş verib və bu yolla bazar dəyərindən xeyli aşağı qiymətə iri həcmdə torpaq sahələri əldə edib. Abramyanın bu əmlakları “hərraclar” yolu ilə əldə etdiyi bildirilir”.
Musavat.com xəbər verir ki, bu sözlər Ermənistanın Antikorrupsiya Komitəsinin müvafiq bəyanatında qeyd olunub.
Yerli istintaqın gəldiyi nəticələrə əsasən, bu hərraclar nəticəsində o, Tavuş vilayətinin Dilican icmasında ümumi sahəsi təqribən 75 000 kvadratmetr olan torpaq sahələrini, Ararat vilayətinin Narek icmasında 120 hektar sahədə əkinə yararlı torpaq və örüş sahələrini, eləcə də Mxçyan icmasında 48,4092 hektar sahədə torpaq sahələrini bazar qiymətindən xeyli aşağı məbləğə ələ keçirib.
Nəticədə göstərilən daşınmaz əmlak obyektləri hüquqi əsas olmadan icmaların mülkiyyət fondlarından çıxarılıb. Daha sonra, cinayət yolu ilə əldə edilmiş bu əmlakların mənşəyini gizlətmək məqsədilə Ovik Abramyan onların bazar dəyəri təqribən 240 milyon dram (628 min dollar) olan hissəsinin yaxın qohumlarının adına rəsmiləşdirilməsini təmin edib, saxta əqdlər vasitəsilə əmlakın mühüm bir hissəsini həyat yoldaşının və faktiki olaraq onun nəzarətində olan şirkətin adına keçirib.
Bundan əlavə, sabiq yüksəkvəzifəli məmur qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, qanunsuz qum hasilatı ilə məşğul olan kommersiya təşkilatlarını, o cümlədən onunla əlaqəli şəxsin adına yaradılmış “Metsn Ovnann” MMC-ni maliyyələşdirib.
Ovik Abramyan 2006–2016-cı illərdə şəxsi motivlərə əsaslanaraq, yuxarıda adı çəkilən şirkətə ayrılmış əraziyə bitişik sahədə qum hasilatı ilə məşğul olan “Avazaxatik” MMC-nin nəzarətini ələ almaq məqsədilə, iki şirkətin faktiki birləşdirilməsi və daha gəlirli iqtisadi fəaliyyətə keçid üçün 2008–2015-ci illərdə qardaşı, oğlu və digər şəxslər vasitəsilə qeyd edilən hər iki şirkətin idarə edilməsində iştirak edib və “Avazaxatik” MMC-yə məxsus qum karxanasının istismarından xüsusilə böyük məbləğdə – təqribən 230 milyon dram (təxminən 600 min dollar) həcmində gəlir əldə edib.
Xüsusilə, 2014-cü ildən etibarən Ovik Abramyanla əlaqəli şəxs Araz çayının məcrasından birbaşa qum hasilatı ilə məşğul olub, nəticədə çayın dibi təqribən iki metr dərinlikdə qazılıb.
Bu qanunsuz fəaliyyət nəticəsində zavodun yaxınlığında yerləşən 5950 kvadratmetrlik ərazidə torpaq deqradasiyası baş verib, Ermənistan Respublikasının dövlət sərhədi boyunca uzanan Araz çayının əsas məcrası təqribən 6 km-lik sahədə dəyişib və quruyub, nəticədə sərhədyanı zonada sahəsi 307,82 hektar olan bir ada formalaşıb.
Musavat.com
01 Avqust 2025
31 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ